Donetsk və Luqanska xüsusi status verildi Dünya

Donetsk və Luqanska xüsusi status verildi

Vəziyyət isə hələ də gərgin olaraq qalmaqdadır

Cavid

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərq vilayətləri Donetsk və Luqanska xüsusi status verilməsinə dair qanun layihəsi imzalayıb. Bu barədə dövlət başçısının rəsmi saytında qeyd olunur. Yeni qanun layihəsi regionda stabilliyin bərpa olunması, sakinlərin öz yaşayış yerlərinə geri qayıtması və bölgənin inkişafı məqsədi daşıyır.
"Adıçəkilən ərazilərdə qanunla 3 il müddətində xüsusi rejim tədbiq olunacaq" - deyə qanunda qeyd olunur.
Sənəddə o da göstərilir ki, hökumət Donetsk və Luqanskın sosial-iqtisadi inkişafına dəstək olacaq. Bundan əlavə hökumət silahlı qruplaşma işitirakçılarını təqdib etməyəcək və onları məsuliyyətə cəlb etməyəcək. İstisna hallarda isə, ağır cinayətlər törədənlərə aid edilir.
Amma ölkədə vəziyyət gərgin olaraq qalmaqdadır. Sentyabr ayında antiterror əməliyyatları zonasında Ukrayna hərbçilərinin 150-dən çox cəsədi tapılıb.
Unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə "Xalq yaddaşı ittifaqı" ictimai təşkilatın sədri Yaroslav Jılkin mətbuat konfransında bildirib.
"Bizim humanitar missiyamız 3 sentyabrda başlayib. Bu vaxt ərzində biz 10 yaşayış məntəqəsində olduq və 31 yerdə təxminən 150-155 cəsəd aşkarladıq. Onların arasında bir naməlum qadının cəsədi də var idi. Biz həmçinin yanmış texnika içərisində cəsədlər tapdıq", - deyə Y. Jılkin vurğulayıb.
Onun sözlərinə görə, itkin düşənlər məsələsinin həlli üzrə dövlət konsepsiyası mövcud deyil. Amma ictimai təşkilatın sədri itkin düşənlərin axtarışı üzrə təcribəni dövlətlə bölüşməyə hazır olduğunu deyib. "Antiterror əməliyyatları zonasında bir neçə yüz cəsəd tapılmayıb. Bir neçə sahədə axtarış üçün imkanlarımız kifayət etmədi. Bunun üçün dövlətin köməyi lazımdır", - deyə Jılkin qeyd edib.
Onu da bildirək ki, Rusiya Silahlı Qüvvələrinin Qərb hərbi dairəsi son 3 il ərzində mindən çox tank və zirehli transportyor (BTR) alıb. "İnterfaks" xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Qərb hərbi dairəsinin mətbuat xidmətindən bildirilib. "Onların arasında "T-90" və "T-72B3" tankları, "BTR-82A", "BTR-82AM" və "BMD-4" zirehli texnikalar, həmçinin "BREM-K" tank yedəkçiləri daxildir", - deyə mətbuat xidmətinin xəbərində deyilir.
Hərbi dairənin hərbi hissələri həmçinin "Ural-Motovoz" və "Kamaz-Mustanq" ailəsindən olan 6 mindən çox yük maşını alıb. Bu ildən başlayaraq, Cənub hərbi dairəsinin hərbi hissələrinə "Tayfun" ailəsindən olan zirehli yük avtomobillərinin çatdırılmasına başlanılıb. 2010-cu ildəki struktura görə quru qoşunları, hərbi hava qüvvələri və donanma 4 hərbi dairəyə bölünüb. Bunlar Qərb hərbi dairəsi, Şərq hərbi dairəsi, Mərkəzi hərbi dairəsi və Cənub hərbi dairəsidir. Ukrayna böhranı fonunda yaranan Rusiya-Qərb qarşıdurması Moskvanı Qərb hərbi dairəsinin gücləndirilməsinə daha çox diqqət yetirməyə vadar edir.
Rusiya artıq gələn il müdafiə sənayesinə xərləyəcəyi vəsaiti açıqlayıb. Məlum olub ki, Kreml 2015-ci ildə hərbi sahəyə 3,3 trilyon rubl və ya 80 milyard dollar vəsait ayıracaq. Dumanın müdafiə komitəsinin sədri Komoyedov bildirib ki, gələn il hərbi xərclər builkindən təxminən 20 milyard dollar çox olacaq. Bu rekord göstəricidir. Ancaq Komitə 2016 və 2017-ci illərdə hərbi xərclərin azaldılacağını düşünür. Komoyedov hərbi xərclərin büdcədə 4,2 faiz olduğunu bildirib.
Bir neçə gün bundan əvvəl Ukrayna prezident administrasiyasının qarşısında Milli Qvardiya hərbçilərinin etiraz aksiyası keçiriləndə Kiyev barmağını Moskvaya tuşlamış və aksiyanın xüsusi planlaşdırmanın nəticəsi olduğunu bildirmişdi. Ukraynalılar bu iddianı sübut edəcək faktları da artıq ortaya çıxarıblar.
Unian.net saytının verdiyi məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı Yuliya Xarlamovanı və onun yeni sevgilisini "qiyam" zamanı Milli Qvardiyanın hərbçiləri arasında görüblər. Məlumata görə, o, dostu ilə birlikdə Milli Qvardiya əsgərlərinin psixoloji hazırlığı ilə məşğul olur və onları "qiyam"a təhrik edirdi.
Bildirilir ki, Yuliya Donbas hövzəsində vuruşmağa vaxt tapıb və "Rusiç" diversiya dəstəsi ilə birlikdə Luqansk vilayətinin Metallist qəsəbəsində "Aydar" batalyonunun blokpostlarına hücüm edib. Sosial şəbəkədəki profilə görə, 25 yaşlı moskvalı Yuliya Tselinski Lobaçevski adına Universitetdə oxuyub. Evli olan Yuliyanın bir uşağı da var.
Yuliya "Rusiç" dəstəsindəki gələcək terrorçularla hələ 2000-ci illərin ortalarında tanış olub. O, həmin vaxt Rusiyanın millətçi dairələrində kifayət qədər məşhur idi və müxtəlif neofaşist qurultaylarda iştirak edirdi.
FTX-nin əməkdaşı "Mavi səma quzuları" desant yönümlü pravoslav-faşist təşkilatının üzvüdür.
Yuliyanın yeni sevgilisi və partnyoru olan desantçı Aleksey Milçakov Sankt-Peterburq sakinidir. Aleksey məşhur Metallist qəsəbəsində "Aydar" batalyonunun yaralanmış döyüşçüləri üzərində təhqiredici hərəkətləri ilə ad qazanıb.
Donbas hövzəsində müəyyən müddət "xidməti borcu"nu yerinə yetirən Yuliya və Aleksey hazırda Ukraynanın paytaxtında Rusiya xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan aksiyalara yeni iştirakçılar cəlb edir.
Dünən sosial şəbəkələrdə Xarkova 20-yə yaxın qaradərili muzdlu əsgərin gətirilməsi ilə bağlı video-görüntü yayılıb. Görüntülərin müəllifi qaradərililərin amerikalı olduğunu və onların Xarkovda mehmanxanalardan birinin həyətində toplaşdığını bildirib.
Rusiya prezidenti Vladimir Putin isə Serbiyanın "Politika" qəzetinə müsahibəsində deyib ki,
Qərbin ölkəsini təkləmək cəhdlərini absurd və xəyalpərəstlik adlandırıb. Onun sözlərinə görə, Rusiyaya qarşı sanskiyalar Avropa iqtisadiyyatına ağır zərbə vurur.
Rusiyanın nüvə silhalarına işarə edən Putin bildirib: "Biz ümid edirik ki, Rusiyanı şantaj etmək cəhdlərinin boş olduğunu bizim tərəfdaşlarımız anlayacaq və yadda saxlayacaqlar ki, nüvə silahları olan ölkələr arasında uyğunsuzluğun strateji sabitlik üçün hansı nəticələri ola bilər".
Putin Serbiyada 30 ildən sonra ilk hərbi paradda iştirak edəcək. Bu parad Serbiyanın nasistlərdən azad olunmağının 70 illiyinə həsr olunur. ABŞ-ın Serbiyadakı səfiri Mixaill Kirbin parada gəlməyəcəyini bildirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informsiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko isə Rusiya müxalifət lideri Aleksey Navalnıyın Krımla bağlı son fikirlərini şərh edərkən deyib ki, Ukrayna Navalnıy və Xodorovski Rusiya prezidenti olana kimi Krımı qaytaracaq. Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən olan Navalnıy "Exo Moskvı" radiostansiyasına müsahibəsində Rusiya prezidenti olacağı halda Krımı Ukraynaya qaytarmayacağını deyib.
"Rusiya müxalifətçiləri Aleksey Navalnıy və Mixail Xodorkovski Rusiya Federasiyası prezidenti olanda Krım artıq Ukraynanın tərkibinə qayıdacaq. Mən buna çox əminəm ki, Krım bizim olacaq. Onlara Krımı qaytarmaq lazım olmayacaq", - deyə A.Lısenko bildirib.
"Hesab edirəm ki, Krım Rusiyanın bir hissəsidir. Baxmayaraq ki, Krım bütün beynəlxalq normaların pozulması ilə tutulub. Gəlin özümüzü aldatmayaq. Ukraynalılara da məsləhət görürəm ki, özlərini aldatmasınlar. Krım Rusiyanın hissəsi kimi qalacaq və bundan sonra heç vaxt Ukraynanın hissəsi olmayacaq", - deyə Navalnıy bildirib.
Müxalifət lideri Rusiya prezidenti Vladimir Putini sərt tənqid edənlərdən olsa da, dövlət başçısının müdafiə etdiyi "rus dünyası" ideyasını dəstəkləyir. Navalnıy daha əvvəl "rus dünyası"nın digər bir məddahı, yenicə həbsdən çıxan oliqarx Xodorkovski ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
O da bildirilir ki, Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Anhela Merkel arasında Milanda görüş keçirilib. Rusiya mətbuatı xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova məlumat verib.
Görüşdə tərəflərin ən əsas müzakirə etdikləri Ukrayna məsələsi, Ukraynadakı böhran, qaz probleminin həll olunmasıla bağlı Minsk razılaşmasının realizə edilməsi, ölkənin cənub şərqində qarşı duran tərəflər arasında razılığın əldə olunmasıya bağlı məsələlər olub.
Mənbənin verdiyi məlumata görə, 2,5 saat çəkən görüşdə Putin və Merkel Ukraynadaxili konfliktin səbəbləri ilə bağlı müzakirələr aparıblar və monitorinq müddətində atəşkəs əldə olunmasıyla bağlı məsələyə də toxunublar.
Xatırladaq ki, Vladimir Putin bu gün Milanda baş tutacaq 10-cu "Asiya-Avropa" sammitinə qatılmaq üçün İtaliyaya gedib.