Putin Ukraynanı 6 il əvvəl Polşa ilə bölmək istəyib Dünya

Putin Ukraynanı 6 il əvvəl Polşa ilə bölmək istəyib

Sikorski: "Rusiya prezidenti deyirdi ki, Ukrayna süni şəkildə yaradılmış ölkədir, biz niyə də bu məsələni birlikdə həll etməyək"

Cavid

Avropa Birliyi (AB) Rusiyanı Ukraynada böhranı həll etmək üçün Minsk razılaşmasındakı öhdəliklərini yerinə yetirməyə çağırıb. AB oktyabrın 20-də xarici işlər nazirlərinin görüşündən sonra bəyanat yayıb. Qurum bildirir ki, "Minsk sənədləri çərçivəsində bütün digər öhdəliklərin dərhal yerinə yetirilməsini" gözləyir. AB həmçinin "qanunsuz silahlı qrupları, hərbi texnikanı, silahlı qrupları geri çəkməyə, Ukrayna-Rusiya sərhədinin təhlükəsizliyini təmin etməyə" çağırır.
Bəyanatın verildiyi gün Ukraynanın şərqində, separatçıların nəzarətində olan Donetsk şəhərində hərbi sursat zavodu partladılıb. Xəsarət alanlar barədə məlumat yoxdur. Rusiyayönlü separatçılar Ukrayna hərbçilərinin zavodu raketlə vurduğunu deyir. Ukrayna ordusu isə hadisəyə dəxli olmadığını bildirib.
Bu arada məlumat yayılıb ki, separatçı qurumun tanınmış simalarından olan Aleksandr Boroday qondarma Donetsk Xalq Respublikası Nazirlər Soveti sədrinin müavini vəzifəsini tərk edib.
RİA Novosti bildirir ki, bu barədə dünən axşam respublikanın mətbuat mərkəzinin saytında xəbər yayılıb.
"Donetsk Xalq Respublikası Nazirlər soveti sədinin birinci müavini -baş məsləhətçi Aleksandr Yuryeviç Boroday başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən getməli olub", - deyə məlumatda bildirilir.
Məlumata görə, istefa qərarını separatçı qurumun sədri Aleksandr Zaxarçenko imzalayıb.
Avropa Birliyinin xarici siyasət rəhbəri Eşton deyib ki, Birliyin Xarici Siyasət Şurası oktyabrın 20-də Ukraynanın şərqində atəşkəsi müzakirə edəcək və Rusiyaya qarşı sanksiyalara, ola bilsin ki, yenidən baxacaq. Bundan sonra növbəti addımların nə ola biləcəyi təhlil olunacaq. Avropa Birliyi bundan əvvəl bildirmişdi ki, Rusiyanın praktiki yardımı və Minsk razılaşmalarına riayət etməsi Rusiyaya qarşı sanskiyaları qismən yumşalda bilər.
Rusiyalı akademik Yuri Pivovarov isə deyib ki, sanksiyalar yalnız Rusiyaya qarşı irəli sürülüb, Krım isə tamam yaddan çıxıb. O, Putinin Leninin yolu ilə getdiyini bildirib: "Bir zamanlar Lenin yazırdı ki, imperialist müharibəni vətəndaş savaşına çevirəcəyik. O bunu bacardı, amma Rusiyada. Putin də bunu istəyirdi. O da bütün sivil dünyada olduğu kimi normal mübarizə aparmaq istəyirdi. Amma bu imperialist müharibəyə çevrildi".
Aparıcı insan haqları qrupu "Amnesty İnternational" Ukraynanın şərqində həm Rusiya tərəfdarı separatçılar, həm də Kiyev hökumətinin qüvvələrinin ayrı-ayrı kütləvi qətllərə görə məsuliyyət daşıdığını bildirib.
Təşkilat açıqladığı hesabatda eyni zamanda Rusiya mediası və rəsmilərinin bu kimi məlumatları şişirtdiyini bəyan edib.
"Amnesty İnternational" hesabatda Ukraynanın şərqində hər iki tərəfin məhkəmədən kənar azı bir qətl törətdiyini deməyə əsas olduğunu bildirib.
Sentyabr ayında Rusiya mediasında Ukrayna hərbi qüvvələrinin nəzarətində olan Donetsk regionunda iki kənddə kütləvi məzarlığın tapıldığı haqda məlumat verilmişdi. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov kütləvi məzarlıqda 400-dən çox cəsədin aşkar edildiyini blidirmişdi.
Lakin Amnesty İnternational təşkilatı kütləvi məzarlığın tapıldığı əraziyə nümayəndə heyəti göndərərək, orada doqquz cəsədin olduğu üç məzarın aşkar edildiyini bildirib. Bu cəsədlərdən beşinin münaqişə zamanı öldürülmüş Rusiya tərəfdarı separatçılara aid olduğu güman edilir.
Qrupun bildirdiyinə görə, qalan dörd cəsədin Kiyevin nəzarət etdiyi qüvvələr tərəfindən məhkəməsiz öldürülmüş insanlara aid olduğuna dair güclü dəlil var. Amnesty İnternational Rusiya tərəfdarı üsyançılara məxsus mənbələr, eləcə də Rusiya mediası və rəsmilərinin cəsədlərin sayı və törədilmiş müharibə cinayətlərinin həcmi ilə bağlı şişirdirilmiş məlumatlar verdiyini bildirib.
Qrupa əsasən, separatçı qüvvələr Ukraynanın şərqində Luqansk rayonunda yaz və yay aylarında bir neçə adamı edam edib.
"Human Rights Watch" hüquq müdafiəsi təşkilatının yaydığı bəyanatda isə Donbasda kaset bombalarından istifadə olunduğu bildirilir. "Human Rights Watch" Ukraynanın Donbas hövzəsinin 12-dən çox yaşayış məntəqəsində araşdırmalar aparıb.
"Ukrayna hökumət gücləri 2014-cü il oktyabrın əvvəlində döyüş əməliyyatları aparılan yaşayış məntəqələrində kasset döyüş sursatlarından istifadə etdi. Məskunlaşdırılan rayonlarda kasset döyüş sursatlarından istifadə müharibə qanunlarını pozur və bu hərbi cinayətdir", - deyə təşkilatın bəyanatında qeyd olunub.
Təşkilat qeyd edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı 2 oktyabrda Donetskdə həlak oldu. Hadisədə Ukrayna hərbçilərinin iştirakını göstərən dəlillər təşkilatın məruzəsində "xüsusilə inandırıcı" hesab olunub. Təşkilatın mütəxəssisləri hadisə yerində "Uraqan" və "Smerç" yaylım atəş sistemlərinin 22 mərmisini aşkar edib. Ukrayna hökuməti kasset döyüş sursatlarının tətbiqi haqqında təşkilatın rəsmi sorğusuna cavab verməyib.
Human Rights Watch həmçinin hesab edir ki, kasset döyüş sursatlarını separatçılar da tətbiq edə bilər. Ancaq bu barədə inandırıcı dəlillərin aşkar edilmədiyi deyilir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, ABŞ Ukraynadakı vəziyyətdən istifadə edib Rusiyanı "yerində oturtmaq istəyir". Lavrov qeyd edib ki, Vaşinqtonla Moskvanın soyuq münasibətləri hələ bir müddət davam edəcək. Onun fikrincə, ABŞ Rusiyanı Avropadan ayırmaq istəyir, bu da Avropa Birliyi ölkələrinə mənfi təsir göstərir. Lavrovun sözlərinə görə, ABŞ başa düşməlidir ki, dünyada çoxsaylı mərkəzlərə doğru təmayülün güclənməsinə alternativ yoxdur. O deyib ki, bu təmayülü G20, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS-in timsalında görmək olar.
Lavrov onu da deyib ki, əgər Moldova öz suverenliyini itirsə və ya öz hərbi-siyasi stausunu dəyişsə, onda Dnestryanı regionun öz müstəqilliyini elan etməyə haqqı var.
Bu arada Rusiyanın Polşa ilə Ukraynanı bölmək planının üstünün açıldığı iddia olunan məlumatlar yayılıb. "Reuters" agentliyi xəbər verir ki, Polşa parlamentinin spikeri Radoslaw Sikorskiyə istinadən yayılan iddialara görə, Rusiya prezidenti Vladimir Putin 2008-ci ildə Polşanın o vaxtkı rəhbərinə Ukraynanı iki ölkə arasında bölməyi təklif edib.
Bu ilin sentyabrınadək Polşanın xarici işlər naziri olmuş Sikorskinin ABŞ-ın "Politico" saytına müsahibəsinə istinadən bildirilir ki, Putin belə bir təklifi 2008-ci ildə Polşanın o zamankı baş naziri Donald Tuskun Moskvaya səfəri zamanı verib.
Müsahibədə Sikorski Putinin təklifləri barədə bunları deyib: "O istəyirdi ki, biz Ukraynanın bu bölüşdürmə prosesinin iştirakçısı olaq…Bu Putinin mənim baş nazir Donald Tuska Moskva səfəri zamanı ilk növbədə dedikləri idi. O deyirdi ki, Ukrayna süni şəkildə yaradılmış ölkədir və Lvov Polşa şəhəridir və biz niyə də bu məsələni birlikdə həll etməyək".
Qeyd edək ki, İkinci Dünya Müharibəsindən əvvəl indiki Qərbi Ukraynanın bir sıra ərazisi Polşanın tərkibində idi.
Tusku Moskva səfərində müşaiyət edən Sikorski deyib ki, Polşa baş naziri, Putinin bu təklifi qarşısında susub, çünki o, söhbətin gizli şəkildə yazıldığını bilirmiş. O əlavə edib ki, Polşa Rusiyanın bu təklifində heç vaxt maraqlı olmayıb.
Lakin müsahibənin dərcindən sonra Sikroski orda yazılanların heç də hamısının səhih olmadığını bildirib. "Bəzi sözlər aşırı interpretasiya olunub" - Sikorski özünün tvitter hesabında yazıb. O əlavə edib ki, Polşa başqa ölkələrin torpaqlarının ilhaqına qarşıdır.
"Reuters" xəbər verir ki, bu müsahibə Ukraynaya görə münasibətləri korlanmış Polşa və Rusiya arasındakı gərginliyi daha da artıra bilər. Agentlik yazır ki, bu xəbərə hələlik Polşa Xarici İşlər Nazirliyindən və Rusiya rəsmilərindən şərh almaq mümkün olmayıb. Tusku baş nazir vəzifəsində əvəz etmiş Ewa Kopacz deyib ki, "əgər Putin belə şey deyibsə, bu, əsl qalmaqaldır".
O yerli telekanallardan birinə müsahibəsində vurğulayıb ki, Polşa baş naziri başqa bir ölkənin bölüşdürülməsi kimi şərəfsiz bir işdə heç vaxt iştirak edə bilməz. Reuters bildirir ki, Sikorski Rusiyanın Ukraynanı parçalamaq niyyətində olduğu barədə fikirləri əvvəllər də söyləyib.
Xəbərdə bu da xatırladılır ki, Krımın ilhaqından sonra Rusiya parlamentinin spikeri Vladimir Zhirinovsky Polşa, Rumıniya və Macarıstana Ukraynanın bölüşdürülməsi təklifi ilə müraciət edib.