Səudiyyəli nazir: Xam neftə olan tələbat pandemiyadan əvvəlki səviyyənin 97 faizinə çata bilər Dünya

Səudiyyəli nazir: Xam neftə olan tələbat pandemiyadan əvvəlki səviyyənin 97 faizinə çata bilər

Cari ilin sonunda xam neftə olan tələbat pandemiyadan əvvəlki səviyyənin 97 faizinə çata bilər.

AZƏRTAC xəbər verir ki, bu fikri Səudiyyə Ərəbistanının Enerji naziri Əbdüləziz bin Salman Enerji nazirlərinin virtual iclasında söyləyib. O əlavə edib ki, qlobal enerji bazarlarında sabitliyin davam etməsi üçün üç əsas şərtə – hasilatın azaldılması, buna əməl edilməsi və təzminat prinsiplərinə xüsusi diqqət yetirilməlidir. Səudiyyəli nazir bildirib ki, bütün dünya “OPEC+” alyansının xam neftin qiymətlərini tənzimləmək gücünə malik olduğunu gördü. “İndi dünya bu alyansın neft bazarında, habelə energetika sənayesi və qlobal iqtisadiyyatda sabitlik yarada biləcəyinə əmin oldu. “OPEC+” alyansının üzvləri apreldə hasilatın azaldılmasını dair tarixi qərar qəbul etdilər”, -deyə nazir vurğulayıb. O, İraq və Nigeriyanın da sonradan qərara qoşulmasını yüksək qiymətləndirib.

Əbdüləziz bin Salman qeyd edib ki, virtual iclasda hasilatın azaldılması səviyyəsinin gündəlik 7,7 milyon barreldə saxlanılması qərara alınıb. Onun sözlərinə görə, tələbatla tədarük arasında balansın bərpa edilməsi dənizlərdə dolu tankerlərin sayını da azaldıb, həmçinin bir çox ölkələrdə, o cümlədən, Səudiyyə Ərəbistanında benzinə və dizel yanacağına tələbat artıb. Nazir onu da qeyd edib ki, enerji bazarında sabitlik qlobal iqtisadiyyatın COVID-19 pandemiyası ilə əlaqədar böhrandan çıxması amili ilə də sıx bağlıdır.