Ukrayna seçkiləri Rusiyanı mat edib Dünya

Ukrayna seçkiləri Rusiyanı mat edib

Vahid Əhmədov: "Ukraynadakı bu olaylar Rusiyanın imperiya siyasətinə də böyük zərbə oldu"

Əli Əliyev: "Ukraynanın Avropa seçimi təmamilə rəsmiləşdi"

Cavid

Ukrayna prezidenti Petro Poroşenko hökumət koalisiyasının yaradılması üçün danışıqların birinci raundunu keçirib. Poroşenko baş nazir Arseniy Yatsenyuk və Lvov şəhərinin meri Andrey Sadovıy ilə görüşüb.
Parlament seçkilərinin ilkin nəticələri qərbyönlü partiyaların udduğunu göstərir. Oktyabrın 26-da keçirilən seçkinin bülletenlərinin 70 faizdən çoxu sayılıb. Poroşenkonun bloku və Yatsenyukun partiyası hərəyə 21%-dən çox səs qazanıblar. Sadovıyın Avropa yönlü "Özünümüdafiə" partiyası isə 13 faizlə 3-cü yerdədir.
Beynəlxalq müşahidəçilər seçkini alqışlayıb. Rusiya isə bu seçkinin "konstruktiv" hökumət qurulmasına və gərginliyin azalmasına gətirəcəyini bildirib. Ukraynada bir illik siyasi çaxnaşma ölkənin şərqində rusiyayönlü separatçılarla münaqişə, Rusiyanın Krım yarımadasını anneksiyası ilə nəticələnib.
ABŞ prezidenti Barack Obama seçkini "Ukraynanın demokratik inkişafında daha bir mühüm hədəf" adlandırıb.
"Keçirilən parlament seçkilərində ən çox səs toplayan Poroşenko bloku koalisiyon hökumət qurmaq niyyətindədi". Bu barədə Ukrayna prezidenti bəyan edib. O deyib ki, bu istiqamətdə danışıqlar 10 gün davam edə bilər. Prezident qeyd edib ki, baş nazir Arseniy Yatsenyukun Xalq Cəbhəsi Partiyası mühüm partnyor ola bilər. "Bu 10 gün ərzində Ukraynanın ən yaxşı hökumətini yaratmalıyıq, çünki başqa bir hökumət ölkənin bu gün üzləşdiyi çətinliklərin öhdəsindən gəlməyəcək", o əlavə edib. Qeyd edək ki, Donbas regionunda rusiyapərəst separatçıların idarə etdiyi Luqansk və Donetskdə, o cümlədən Rusiyanın martda ilhaq etdiyi Krımda seçkilər keçirilmədiyindən 27 parlament yeri boş qalır.
Onu da bildirək ki, Ukraynada parlament seçkilərindən bir gün sonra Rusiya tərəfdarı separatçıların hədəfi olan Donetsk şəhərində raket hücumları həyata keçirilib.
Donetsk şəhərinin meriyası yüksək kalibrli silahlardan atəşlər açıldığını və partlayışlar baş verdiyini bildirib.
Sentyabr ayında Kiyevlə Rusiya tərəfdarı separatçılar arasında atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq, bölgədə vəziyyət gərgin olaraq qalır.
Ukraynanın şərqində 3 milyona yaxın insan bazar günü keçirilən parlament seçkilərində iştirak edə bilməyib.
Bir gün öncə isə separatçılar və Rusiya hərbçiləri Ukrayna ordusunun Donetsk aeroportu yaxınlığındakı mövqelərini atəşə tutublar.
Bu barədə Ukrayna Anti-terror Əməliyyatı Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, bundan başqa separatçılar Mariupolun Talakovka rayonunda Ukrayna hərbçilərinin mövqelərinə hücum ediblər: "Separatçıların hücumu dəf edilib, Ukrayna hərbçiləri arasında itki yoxdur. Cavab atəşi nəticəsində Ukrayna hərbçiləri bir tank və bir avtomobili məhv ediblər. Separatçılar arasında itkilər də var".
Millət vəkili Vahid Əhmədov Ukrayna Ali Radasına keçirilən seçkiləri və bu sekilərin nəticəsini şərh edərək bildirib ki, Ukraynadakı son proseslər bu ölkənin gələcəyi, onun Qərbə inteqrasiyası baxımından olduqca mühüm amildir: "Ukrayna bu hadisələrlə Qərbə inteqrasiyada israrlı olduğunu təsdiqlədi. Ukrayna xalqı sübut etdi ki, bütün təzyiqlərə rəğmən onlar demokratiya yolunda irəliləməkdə, Qərb dəyərlərinə sahib çıxmaqda israrlıdır. Bundan başqa, Ukraynadakı bu olaylar Rusiyanın imperiya siyasətinə də böyük zərbə oldu. Bu hadisələr göstərdi ki, Ukrayna Rusiyanın təzyiq və təhdidləri ilə barışmaq fikrində deyil və bundan sonra da bu cür münasibətlə razılaşmayacaq". VİP sədri Əli Əliyev isə qeyd edib ki, ukraynalılar siyasi yetkinlik nümayiş etdirib, yeni parlamentə sahibləndiklərini göstəriblər: "Beləliklə, Ukraynanın Avropa seçimi təmamilə rəsmiləşdi. Həm Prezident, həm də Rada seçkilərinin nəticələri göstərdi ki, Maydan hadisələri rusiyapərəstlərin iddia etdiyi kimi dövlət çevrilişi deyil, Ukrayna xalqının mütləq əksəriyyətinin soyuqqanlı seçimidir. Əminəm ki, zaman onların haqlı olduqlarını təsdiq edəcək. Radaya ilkin nəticələrə görə, 6 siyasi qüvvə keçir. Demək olar ki, milli qüvvələrin əsas spektri parlamentdə təmsilçilik əldə edib. Ukraynalılar, milli sayılacaq əsas güclərdən, sandıqda bircə "Pravıy sektor"u saxladılar. Rusiya təcavüzü zamanı səngərlərdə döyüşən bu siyasi qüvvənin təmsilçilərinin parlamentə girməməsi də Ukrayna dövlətçiliyinin müsbət imicinə xidmət edəcək seçimdir. Ümumiləşmiş nəticələrə baxdıqda, seçkidə Rusiya növbəti məğlubiyyətini aldı. Beləki, ötən Radada həlledici səs sayına malik 2 fraksiyadan biri- kommunistlər kənarda qaldılar. Regionlar fraksiyası isə bu dəfə "müxalif blok" şərti adı ilə 10%-in altında səs ala bildi. Moskvapərəst korpus Rada daxilində yaxın gələcəkdə arabanın 5-ci təkəri rolunda olacaq. İmperiya mərkəzi bu seçkilərdə çox vacib rıçaqından məhrum oldu. Metropoliya yaxın gələcəkdə yalnız hərbiləşmiş separatçıların xidmətindən istifadə edə biləcək". Partiya sədri bildirib ki, seçkini bitmiş saymaq olar. Dünya seçkini tanıdı. Moskva da bunu bəyan etməyə məcbur oldu. Ukraynada seçkilər bitsə də, azadlıq mücadiləsi davam edir. Tək ukraynalılar üçün deyil-həm də bizim üçün, keçmiş sovet respublikalarının hamısı üçün, hətta Rusiyada yaşayan xalqlar üçün. Valdayda Putinin mövqeyinin dəyişmədiyi, aqressiv xəttin davam edəcəyi açıq sezilirdi. Deməli Şimal təhlükəsi qalmaqdadır".