Krımda vəziyyət təhlükəli həddə çatdı Dünya

Krımda vəziyyət təhlükəli həddə çatdı

Kreml Ukraynanı parçalamaq üçün avantürist planlarını həyata keçirməyə başlayıb
Putin Ukraynadakı məğlubiyyətinin qisasını almağa çalışır

Cavid

Ukraynadakı qarşıdurma dünyanın diqqət mərkəzindədir. Prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov 46 prezident məsləhətçisindən 44-nü işdən azad edib. Ukraynanın yeni hökuməti artıq milis orqanlarının rəhbərliyində köklü islahatlara başlayıb. Daxili işlər naziri Arsen Avakovun ötən gün imzaladığı əmrə əsasən, yüksək vəzifə tutan 9 general və çoxlu sayda milis polkovniki vəzifəsindən çıxarılmaqla yanaşı, daxili işlər orqanlarından qovulublar.
Nazirin əmrinə əsasən, general-leytenant Qennadiy Pepina, general-leytenant Aleksey Krikun, general-leytenant Aleksandr Tulayev, general-leytenant Aleksandr Rudyak, general-leytenant Viktor Babenko, general-leytenant Valeriy Koryak, general-mayor Vasiliy Varçab, general-mayor Vladimir Lipandin, general-mayor Vladimir Astapkoviç daxili işlər orqanlarından xaric ediliblər.
Kiyev yeni hökumətin formalaşmasından sonra Rusiya ilə ikitərəfli dövlətlərarası komissiyası çərçivəsində irimiqyaslı dialoqu bərpa etməyə hazır olacaq. RİA Novosti xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirliyi bəyan edib: "Ukraynanın yeni hökumətin formalaşdırılması başa çatdıqdan dərhal sonra Ukrayna tərəfi Ukrayna-Rusiya dövlətlərarası komissiyasının institutları çərçivəsində genişmiqyaslı ikitərəfli dialoqun bərpasına hazır olacaq".
Bu arada Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko bəyanatla çıxış ediblər. "RBK Ukraina" xəbər saytının verdiyi məlumata görə, keçmiş prezidentlər Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda ittiham ediblər.
Bəyanatda deyilir ki, Ukraynadakı qarşıdurmanı siyasi yolla həll etmək istəyən beynəlxalq tərəfdaşları Ukraynanın daxili işlərinə müdaxilədə ittiham edən Rusiya indi özü Krımın siyasi həyatına birbaşa müdaxiləyə əl atıb: "Rusiya Dövlət Dumasının təmsilçilərinin Krımın Rusiyaya birləşdirilməsi haqqında referendum keçirilməsi və ya Krım Muxtar Respublikası Ali Soveti tərəfindən müvafiq müraciətin edilməsi ideyasını səsləndirmələri Ukraynanın Konstitusiya quruluşunun dağıdılması və ərazi bütövlüyünün pozulmasına çağırış kimi pislənilməlidir".
Sabiq dövlət başçıları Ukraynanın federallaşması ssenarisinin təhlükəli olduğunu vurğulayıblar: "Bu, siyasi böhranın dərinləşməsinə, Krımda siyasi düşmənçiliyin qızışdırılmasına və yeni Ukrayna hakimiyyətinin diskreditasiyasına səbəb ola bilər".
Kravçuk, Kuçma və Yuşşenko Ukrayna Təhlükəsizlik Xidmətini və Baş Prokurorluğu istənilən separatçı bəyanata sərt reaksiya verməyə çağırıblar: "Krımın rusdilli əhalisinin hüquqlarının pozulması ilə bağlı spekulyasiyalara, Ukraynanın regionlarının tarixi-mədəni müxtəlifliyini əsas götürərək onlar arasında düşmənçiliyin qızışdırılmasına, Ukrayna dilinin alçaldılmasına və dövlət rəmzlərinə açıq hörmətsizliyə lazımi qiymət verilməlidir".
Vaşinqtonda görüşən ABŞ-ın dövlət katibi Con Kerri ilə Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bildirib ki, ölkələri Ukraynanın gələcəyinə dair qərarları başqa ölkələrin deyil, ukraynalıların verdiyini hesab edir. Con Kerri Ukraynada baş verən siyasi böhranın simvolik soyuq müharibə və ya Qərb-Şərq qarşıdurması olmasına dair iddiaların həqiqətə uyğun olmadığını deyib: "Bu bir oyun deyil, Qərb Şərqə qarşı deyil, belə də olmamalıdır. Bu, nə Rusiya, nə Birləşmiş Ştatlar, nə də onların maraqlarıdır, bu, Ukrayna xalqının seçimləridir. Ukraynalılar da öz gələcəklərinə dair seçimlərini edirlər. Biz bu gündən etibarən hər kəs üçün bunun sülh şəraitində olmasını təmin etmək məqsədilə Rusiya və digər ölkələrlə əməkdaşlıq etmək istəyirik. Çünki Maydanda baş verən zorakılıqlar, təbii ki, dünyada hər kəsi şoka saldı".
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq də Con Kerrinin mövqeyini bölüşdüyünü deyib və ukraynalıları keçid hökuməti yaratmağa çağırıb: "Düşünürəm ki, bu günkü müzakirələrdən eyni mövqeyi bölüşdüyümüz aydındır - azad insanların, azad demokratik Ukraynanın əhalisinin öz qərarlarını vermək hüququ var. Biz onları öz ölkələrini formalaşdırmaq, korrupsiyanın olduğu siyasi mədəniyyəti dəyişmək üçün yeni siy asi konsensusun əldə edilməsi məqsədilə keçid hökumətini formalaşdırmağa, planlaşdırıldığı kimi mayda azad, hər kəs üçün ədalətli olan seçkilər keçirməyə çağırırıq".
Ukrayna müxalifəti isə Ali Radanın binası üzərindən çıxarılmasını Sovet İttifaqının ulduzunun Avropa Birliyi ilə Rusiya arasında soyuq müharibəyə çevrilmiş etirazların rəmzi hesab edir.
Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov da Ukraynadakı hadisələrə münasibətini açıqlayıb. Kasparov Ukrayna müxalifətinin müvəffəqiyyətlə irəli getdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna xalqı azadlığı yolunda qanından belə keçməyi əsirgəmədi. Məşhur şahmatçı Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə perspektivlərindən də söz açıb. O bildirib ki, Ukrayna indiki şəraitdə Putinin müdaxilələrinin qarşısını almağı əsas hədəf seçməlidir: "Düzdür, Putin bütün Ukraynada hökmranlıq etmək niyyətində deyil. Amma Rusiyanın Ukraynanın bəzi ərazilərinə nəzarət etmək maraqları var. Ukraynadakı fikir ayrılıqları ölkəni parçalanmağa gətirib çıxarmayacaq. Ancaq Putin rejiminin Ukraynanı yenidən ələ keçirmək təşəbbüslərini də istisna etmək olmaz. Putin Ukraynadakı məğlubiyyətin qisasını alacaq. Ukraynadakı məğlubiyyət Putin mifinin sonu oldu. Bundan sonra isə Kremlin əsas hədəflərindən biri də Sevastopolu ələ keçirməkdir".
Onu da qeyd edək ki, ötən gün Ukraynada səfərdə olan Avropa Birliyinin ali diplomatı Ketrin Eşton bir neçə gün əvvəl həbsdən azad edilmiş sabiq ukrayna baş naziri Yuliya Timoşenko ilə görüşüb. Kiyevdə baş tutan görüşdə, tərəflər ölkənin böhrandan çıxması yollarını, bu prosesdə Avropa Birliyinin rolunu, Ukraynanın avrointeqrasiya kursuna qaytarılmasına yönəlmiş tədbirləri müzakirə edib. Eşton azadlığa çıxması münasibətilə Timoşenkonu təbrik edib və onun cəsarətinə valeh olduğunu gizlətməyib. Görüşdən sonra Ketrin Eşton mətbuat konfransı keçirərək, ölkədə davam edən siyasi keçid prosesinə toxunub və məsələ ilə bağlı Rusiyalı rəsmilərlə müntəzəm olaraq əlaqə saxladığını diqqətə çatdırıb.
Bu arada maliyyə uçurumundan qurtulmaq üçün Ukrayna iqtisadiyyatının külli miqdarda pula ehtiyacı yaranıb. Əvvəllər maliyyət defoltuna aylar qalırdısa, indi geriyə sayım həftələrlə ölçülür. 46 milyon nəfər əhalisi olan Ukraynanın iqtisadiyyatını xilas etmək heç də bir çek yazmaq qədər asan deyil. İqtisadi ekspertlər ölkənin 2014-2015-ci illər üçün təqribən 25 milyard dollara ehtiyacı olduğunu hesablayıb. Beynəlxalq Kreditorlar maliyyə tranşı ayıracağı təqdirdə həmin pullar başlıca olara dövlət sektorunda çalışanların maaşlarının, qoca və əlillərin təqaüdlərinin, üstəlik ödəniş vaxtı çatan istiqrazların ödənilməsinə gedəcək. Ukraynanın müvəqqəti maliyyə naziri isə ölkənin əslində gələn ilə kimi 35 milyard dollara ehtiyacı olduğunu iddia edir. O qarşıda gələn 2 həftə ərzində ABŞ və Avropa Birliyinin maliyyə yardımı göstərəcəyinə ümidvar olduğunu ifadə edib.
Avropa Parlamentində isə Avropa Komissiyasının prezidenti Joze Manuel Barozo Ukraynaya lazımı maliyyə yardımının ayrılması üçün artıq müəyyən planların cızma-qara edildiyini dilə gətirib: "Ölkəyə maliyyə baxımdan dəstək olmağın yollarını tapmaq üçün artıq beynəlxalq ictimaiyyət və beynəlxalq maliyyə institutları ilə yaxından çalışırıq. Burada bütün beynəlxalq tərəfdaşlara - xüsusilə də Rusiyaya üzümü tutur, onların bu məsələdə konstruktiv əməkdaşlığ etməyə çağırıram".
Qeyd edək ki, hakimiyyət dəyişikliyindən əvvəl Rusiya Yanukoviç hökumətinə 15 milyard dollar yardım göstərməyi öhdəsinə götürsə də, parlamentin onu hakimiyyətdən kənarlaşdırmasından sonra, maliyyə yardımını qeyri-müəyyən müddətə dondurub.
O da bildirilir ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç isə qəsdən adam öldürmə maddəsi ilə rəsmi şəkildə axtarışa verilib.
Kiyevin Peçersk rayon məhkəməsi V.Yanukoviçin həbs edilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə ölkənin baş prokuroru vəzifəsini icra edən Oleq Maxnitski açıqlama verib.
"Yanukoviç şübhəli şəxs kimi saxlanacaq, çünki o, rəsmi şəkildə axtarışa verilib. Viktor Yanukoviç kütləvi şəkildə insanları oldürməkdə təqsirləndirilir", - açıqlamada belə deyilir.
Peçersk rayon məhkəməsi həm də ölkənin sabiq baş prokuroru Viktor Pşonkanı da axtarışa verib. Oleq Maxnitskinin sözlərinə görə, Pşonka 50 nəfəri öldürməkdə ittiham edilir.
Ukraynanın Lvov şəhərində isə etirazçılara heç bir güc tətbiq etmədiklərini deyən polislər xalqdan üzr istəyib.
Yerli mətbuat xəbər verir ki, polislər Lvov sakinləri qarşısında diz çökərək üzr istəyib. Yanukoviçin mövqeyinin güclü olduğu Lvov sakinləri Kiyevə gedərək aksiyalara qoşulmuşdu. Eyni zamanda Lvov polisləri də Kiyevə gedərək aksiyaçılarla əmrəy olduqlarını bildirmişdilər.
Krımda isə gərginlik ən təhlükəli həddə çatıb. Ukraynanın yeni hakimiyyətinə qarşı mitinq keçirən Krım sakinləri isə Krım Ali Sovetinin üzərində Rusiya Federasiyasının bayrağını qaldırıblar.
Bu barədə jurnalist Oleq Kryuçkov öz "Facebook" səhifəsində bildirib və fotosunu yayıb. Rusiya bayrağı "Krım Muxtar Respublikasının Yuxarı Radası" sözlərinin üzərinə taxılıb.
Dünən Krımda 500-ə yaxın sakin Krım Muxtar Respublikasının Yuxarı Radasının binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar Ukrayna mərkəzi hakimiyyətindən müstəqilliyi təmin edən qərar qəbul etməyi tələb ediblər.
İnsanların qarşısına Yuxarı Radanın sədri Vladimir Konstantinov çıxıb və bildirib ki, o, Krımı tərk etmək niyyətində deyil: "Bu gün Kiyev bizim problemləri həll etmək istəmir. Biz Rusiya ilə birləşməliyik və qərarlı olmalıyıq".
Buna cavab olaraq, Krım türkləri ayağa qalxıblar və yarımadanın Ukraynadan ayrılmasına qarşı sərt etiraz bildiriblər. 5000-ə yaxın Krım türkü Ali Sovetin binası qarşısına toplaşaraq ruslarla qarşı-qarşıya gəliblər. Onlar rusları Krımın Rusiyaya birləşdirilməsi avantürasından əl çəkməyə çağıraraq, Ukraynanın ərazi bütövlüyünə qarşı qəsdə yol verməyəcəklərini bəyan ediblər.