Ukrayna hərbi əməliyyatlara hazırlaşır Dünya

Ukrayna hərbi əməliyyatlara hazırlaşır

Poroşenko yenidən ölkəsinin müharibəyə hazır olduğunu bəyan edib

Cavid

Ukrayna ordusu Rusiyadan hərbi qüvvələrin sərhədləri keçməsinə dair məlumatlardan sonra rusiyapərəst separatistlərə qarşı mümkün döyüşlərə hazırlaşır. Xarici mətbuatın verdiyi xəbərlərə görə, Ukrayna ordusu Luqans regionunda müdafiə əməliyyatlarına hazırlıq görür. Prezident Petro Poşenko ölkəsinin tam şəkildə müharibəyə hazır olduğunu bəyan edib.
"Hazır olmalıyıq. Bizimkilərin artilleriya və qrad raketlərinin hücumlarına məruz qaldığı barədə məlumat almışıq", 39-cu sıravi əsgər batalyonundan Serqay İva deyib.
Adının Andriy çağırılmasını istəyən kapitan kifayət qədər hərbi sursata malik olduqlarını, lakin əlavə əsgəri qüvvəyə ehtiyac olduğunu bildirib: "Buraya bir neçə gün əvvəl gəlmişik. Qarşı tərəflə hələ ki, heç bir konfliktimiz olmayıb. Lakin burada işləyən kiçik qruplaşmalar var. Təqribən 10 nəfərdən ibarət. Biz belə bir kəşfiyyat məlumatı əldə etmişik."
Onların postu tez-tez rəqib döyüşçülərin atəşinə məruz qalır. Bir gün əvvəl də "Qrad" raketləri atılıb, amma yaralanan olmayıb.
Topçu Vaçeslav hücumlara hazır olduqlarını deyib: "Onlar bizim güclənməyimizə yardım edib. Hər şey çətinləşib. Hücum olsa cavabını verəcəyik".
Kapitan Andriy Slota isə döyüşçülərin yorulduğundan şikayətlənib: "Gözləmək vaxtı deyil. Hərbi yolla məsələ həll edilməli, əsgərlər buraxılmalıdır. Vaxt gəlib çatıb".
Rusiya prezidenti Vladimir Putun isə TASS agentliyinə müsahibəsində bildirib ki, Rusiya özünün təcrid olunmasına heç bir halda yol verməyəcək.
"Tarixdə belə hallar olub - bəzi dövlətlər özünü dünyadan təcrid etməyə cəhd edib, lakin bu onlara baha başa gəlib. Həmin dövlətlər deqradasiyaya və iflasa məruz qalıb. Biz onların yolunu getməyəcəyik. Bizim ətrafımıza heç kim sədd çəkə bilməz. Bu mümkün də deyil", Vladimir Putin əlavə edib.
Vladimir Putun deyib ki, müasir dünyada təcrid olunmaq mümkün də deyil. Rusiya prezidentinin fikrincə indi bütün ölkələr bir-birindən asılı vəziyyətdədir.
"Bu isə o deməkdir ki, sanksiyalar, neftin kəskin ucuzlaşması, milli valyutanın dəyərdən düşməsi təkcə Rusiya üçün fəlakətli olmayacaq. Bunun mənfi təsirini partnyorlarımız da hiss edəcək", - Rusiya prezidenti vurğulayıb.
Onu da qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası "humanitar yardım" adı altında Rusiyanın Donetskə hərbi texnika göndərdiyini əks etdirən video yayımlayıb.
"Donetsk küçələrində Rusiyanın humanitar yardım adlandrdığı maşın karvanında artileriya silahlarının yedəyə alındlığı görüntülənib" , - Milli Təhlükəsizlik və Müdafiə Şurasının tvitter hesabında qeyd edilib.
"Aydındır ki, humanitar karvanın önündə kedən maşındakı da şokalad deyil", - Şuranın sözçüsü Vladimir Polevoy bildirib.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi isə videonu təkzib edib. Nazirlikdən bildirilib ki, 22-23 noyabr tarixlərində Ukrayna ərazisində Rusiyaya məxsus humanitar karvan omayıb.
Jurnalist Roman Boçkala öz Facebook səhifəsində yazıb ki, Donetsk aeroportunu mühafizə edən Ukrayna hərbçiləri Rusiya vətəndaşını ələ keçiriblər.
Onun sözlərinə görə, əslində həmin şəxs özü təslim olub. O əllərini qaldıraraq ukraynalı hərbçilərə yaxınlaşıb. Onun üzərində heç bir silah olmadığı bildirilir. Sadəcə üzərindən Rusiya pasportu çıxıb.
Ukrayna Təhlükəsizlik Xidməti isə "Rusiç" diversiya qrupunun liderini saxlayıb.
Ukrayna mediasının verdiyi məlumata görə, diversiya qrupunun lideri 1977-ci il təvəllüdlü və "Pişik" kod adlı Ukrayna vətəndaşıdır.
Əməliyyatda Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı ilə birlikdə Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi iştirak edib. "Rusiç" diversiya qrupunun "Donetsk Xalq Respublikası" separatçı qurumu tərəfindən yaradıldığı bildirilir.
Təhlükəsizlik Xidmətinin sədrinin məsləhətçisi Markiyan Lubkivskinin sözlərinə görə, əməliyyatın unikallığı ondan ibarət olub ki, terrorçu separatçıların nəzarət etdiyi ərazidə saxlanılıb. "Kot"un üzərində silahdan başqa, Ukrayna blokpostlarının düzülüşünü əks etdirən topoqrafiya xəritələri, radio stansiyası, mobil terminallar və noutbuk tapılıb.
Məlumata görə, iyirmi döyüşçüdən ibarət olan qrup Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən idarə olunur. Dəstə üzvlərinin əksəriyyəti xüsusi təlim keçmiş Rusiya vətəndaşlarıdlır.
Maraqlıdır ki, "Rusiçi" adlanan qrupun lideri, 1977-ci il təvəllüdlü, kod adı "Pişik" (Kot) olan şəxs ukraynalı xüsusi təyinatlılar tərəfindən elə qondarma "Donetsk Xalq Respublikasının" nəzarət etdiyi ərazidə ələ keçirilib. Bunun üçün ukraynalı hərbçilər mürəkkəb əməliyyat planı işləyib hazırlayıblar.
Həbs edilən "Pişik"in üstündən topoqrafik xəritə , radiovasitələr, silah və mobil telefonlar aşkarlanıb. Xəritədə Ukrayna ordusunun dislokasiya edildiyi ərazilər və blokpostlar qeyd olunubmuş.
Lubkivskiy uğurlu əməliyyatların davam edəcəyini söyləyib: "Bundan əvvəl "Tambov canavarları" dəstəsini ləğv etdik. İndi isə 20 nəfərlik qruplaşmanın liderini ələ keçirmişik. Onların hamısı Rusiyada, FTX düşərgələrində təlim keçiblər".
Norveç hakimiyyəti də Rusiya ilə siyasi əlaqələri dondurur.
Bu haqda baş nazir Erna Solberq Ukrayna qəzetinə müsahibəsində deyib.
Norveç Rusiyadakı hərbi ekspertlərini geri çağırır və nəzərdə tutulmuş hərbi təlimləri ləğv edir. Bu addıma əsas səbəb kimi Ukraynanın şərqindəki vəziyyət göstərilir. Solsberqin sözlərinə görə, Rusiya ilə Norveç arasında yalnız dəniz ticarəti və balıqçılığı ehtiva edən lokal əməkdaşlıq qalıb. Rəsmi Oslo bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyaları dəstəkləməyə hazırdır.
Solsberq daha əvvəl Krımın Rusiyaya ilhaqını qanunsuzluq adlandırmışdı.
Almaniya Xarici İşlər naziri Frank Malter Ştaynmayer "Der Spiegel" jurnalına bildirib ki, Ukraynanın NATO ilə əməkdaşlığına qarşı deyil, amma o, bu ölkəni alyans üzvü kimi görmək istəmir.
Ştaynmayer Ukraynanın Avropa Birliyinə daxil olacağına az ehtimal verir. Onun sözlərinə görə, Ukraynanın iqtisadi və siyasi modernləşməsi illərlə davam edə bilər.
Serbiyanın baş naziri Aleksandr Vuçiç bəyan edib ki, ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək. Musavat.com-un məlumatına görə, bu barədə RBK-Ukrayna xəbər yayıb.
Baş nazirin sözlərinə görə, Serbiya Avropa Birliyinə qoşulmağı planlaşdırır, ancaq Moskva ilə ənənəvi münasibətlər də ondan ötrü qiymətlidir. Odur ki, Ukraynadakı böhrana görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək fikrində deyil.
Öncələrdə Avropa Birliyi Belqradı Rusiyaya qarşı sanksiyalar tətbiq eləməyə çağırmışdı.
Rusiya isə 2015-ci ilin yanvar ayından fəaliyyətə başlayacaq Avrasiya İqtisadi İttifaqının tərkibinin genişlənəcəyinə ümid edir.
Belə bəyanatla Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin çıxış edib.
Dövlət Dumasının spikeri xatırladıb ki, Avrasiya ineqrasiyası ideyası ilk dəfə 1994-cü ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Moskva Dövlət Universitetindəki çıxışında səslənib.
Sergey Narışkin bildirib ki, Nazarbayevin səsləndirdiyi ideya inkişaf etdi və nəticədə Avrasiya İqtisadi İttifaqı yaradıldı. "Rusiya, Qazaxıstan və Belarus Avrasiya inteqrasiyasının lokomotividir. Artıq yeni səhifə açılır. 2015-ci ilin 1 yanvarından fəaliyyətə başlayacaq Avrasiya İqtisadi İttifaqı müasir dünya həyatının əsas hadisələrindən biridir",-deyə Narışkin vurğulayıb.
Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi bu ilin may ayının 29-da Astanada Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin imzaladığı sənədlə təsis edilib. Ermənistanın quruma üzvlüyü isə Avrasiya İqtisadi İttifaqının oktyabr ayında Minskdə keçirilən sammitində reallaşıb.