Ermənistan yenidən çalxalanır Dünya

Ermənistan yenidən çalxalanır

Parlamentin binası qarşısında Sarkisyana qarşı aksiya keçirilib

Cavid

Bir neçə gün öncə Ermənistan parlamentinin iqtisadiyyat üzrə komissiyası Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə sazişi bəyənib. 5 deputat sənədin lehinə, 2 deputat isə əleyhinə səs verib. Hakim Respublika Partiyasının, müxlifətçi "Çiçəklənən Ermənistan" və "Daşnaksutyun" partiyalarını nümayəndələri və 1 nəfər bitərəf deputat sənədin lehinə səs verib.
Sənədin əleyhinə çıxan 2 deputat isə "İrs" və "Azad demokratlar" partiyalarını təmsil edirlər. Erməni mətbuatı hər iki partiyanın nümayəndələri Tevan Poqosyan və Xaçatur Kokobelyan qərbyönümlü olmaqları ilə ad çıxarıblar.
Müstəqil ekspertlər Avrasiya İttifaqına daxil olmaq üçün imzalanan sənədi təslim aktı sayırlar və Avrasiya İttifaqında rəsmi üzvlüyə başlanılan 1 yanvar 2015-ci il tarixini Ermənistan dövlətçiliyinin sonu kimi dəyərləndirirlər.
Parlamentin komissiyasının bu qərarından sonra yenidən meydanlara axın oldu. Məqsəd Ermənistanın Avrasiya İttifaqına qoşulmasına etirazdır. Dünən yenidən İrəvanda Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilib.
"Armenia today" saytının verdiyi xəbərə görə, aksiya iştirakçıları Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz edirlər.
Aksiyada bir qrup vətəndaş, QHT və müxalifət partiyalarının nümayəndələri iştirak edirlər. Onlar hər bir deputatın adına məktub yazıblar. Məktubda deputatlar Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair razılaşmanın ratifikasiyasına qarşı çıxmağa çağırılır.
Aksiyada iştirak edən müxalifət liderlərindən biri Paruyr Ayrikyan ölkənin Avrasiya İttifaqına sürükləyən insanları ruhi dispanserə yerləşdirməyə çağırıb: "Çünki heç bir normal adam bu sazişin ratifikasiyasına səs verə bilməz"
Xatırladaq ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.
Noyabrın 14-də Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni konstitusiyaya uyğun sayan qərar qəbul edib və ratifikasiya üçün parlamentə göndərib.
Aksiyanın iştirakçıları 131 deputatın hər birinə məktub ünvanlayaraq müqavilənin ratifikasiyası əleyhinə səs verməyə çağırıblar. Müxalif liderlərdən Paruyr Ayrikyan aksiyada çıxış edərək deyib ki, ağlı başında olan heç bir şəxs belə müqavilənin ratifikasiyasına səs verməz: "Ratifikasıyanın lehinə səs verən adam gələcək nəsillərə belə bir etiraf yazıb qoymalıdır: "Həmin vaxt mən eşşək olmuşam".
Qeyd edək ki, Ermənistan Milli Müqəddəratı Təyinetmə Birliyinin sədri olan Paruyr Ayrikyan Ermənistan siyasətində Rusiya əleyhinə çıxışları ilə tanınıb.
O da qeyd olunur ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması onun 3 milyard dollar itirməsinə gətirib çıxaracaq. Bu barədə erməni ekspert Aşot Tavadyan söyləyib. O qeyd edib ki, bu gün Ermənistandan praktik olaraq bütün hazır məhsullar Rusiyaya ixrac edilir.
Ekspertin sözlərinə görə, Ermənistan enerji cəhətdən də Rusiyadan asılıdır: "Biz nüvə yanacağının 100% və qazın 90% bu ölkədən idxal edirik", deyə ekspert bildirib.
Avrasiya İqtisadi İttifaqına inteqrasiya proseslərinə həsr olunmuş parlament dinləmələri zamanı danışan ekspert ölkənin Rusiyadan asıllığını gözlər önünə sərib.
Aşot Tavadyan qeyd edib ki, Ermənistana investisiyaların və şəxsi pul transfertlərin də böyük bir hissəsi Rusiyadan gəlir: "Enerjidaşıyıcılarına gəlincə, biz hər min kubmetr qazı 189 dollara alırıq. Bu beş il ərzində erməni istehlakçılarına 1 milyard dollar qənaət etməyə imkan verəcək".
Erməni ekspert bildirib ki, rəsmi statistikaya görə, Ermənistanın real sektorunda Rusiyanın xarici investisiyaları təxminən 512 mln. dollar təşkil edib. Yanvar-iyun ayları ərzində isə Ermənistanın real iqtisadiyyat sektoruna xarici investisiyaların ümumi axını 2014-cü ildə təxminən 1 milyard dollar təşkil edib.
Rusiyadan Ermənistana şəxsi pul transfertləri isə yanvar-sentyabr ayları ərzində 1 milyar dolları ötüb. Bundan başqa Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün təmin olunması üçün xeyli vəsait lazımdır. Həmin vəsait əsasında Ermənistanın gömrük və digər sahələrdə reqlamentlərin, eləcə proqram təminatının Aİİ tələblərinə uyğunluğu təmin edilməlidir. Bu barədə isə "Epress.am" nəşri "Aykakan Jamanak" qəzetinə istinadən xəbər verir.
Nəşr yazır: "Bəzi qiymətləndirmələrə görə, ilkin mərhələdən rəsmi üzvlüyə qədər bu işlərin həyata keçirilməsi üçün ilkin olaraq 70 milyon dollar lazımdır, bunun böyük hissəsi, yəni təxminən 40 milyon dolları Aİİ-yə üzv ölkələr, əsas isə Rusiya təqdim etməli idi. Bir neçə ay davam edən danışıqlardan sonra Maliyyə Nazirliyi bu pulun alınacağına ümid etmir".
Qəzetin mənbələri bildirirlər ki, tezliklə ölkə hökuməti göstərilən 40 milyon dolların başqa mənbədən alınması məsələsini müzakirə edəcək: "Hələlik heç bir mənbə yoxdur, üzvlüyə isə cəmi bir ay qalıb".
Qazaxstanlı ekspert Aydarxan Kusaionov da Ermənistanın bu təşkilata üzvlüyünə qəti qarşıdır. Rusiyadan fiziki şəxslər hesabına edilən pulköçürmələr Ermənistanın ixracatından daha böyükdür.
Hətta Ermənistanın özündə belə təşkilata üzvlüyünə mənfi baxırlar. Azad Demokratlar Partiyasının sədri Anuş Sedrakyan hesab edir ki, Ermənistanın üzvlüyü iqtisadi baxımdan düzgün addım deyil. Bu, ilk növbədə ittifaqın iqtisadiyyatına zərər vuracaq.
Dünən isə erməni mətbuatı yazıb ki, Sarkisyan yeni il ərəfəsində Ermənistanda Avropa standartlarına uyğun gələn ilk həbsxana açılıb. Hadisə ilə bağlı keçirilən təntənəli mərasimə nəinki yüksək çinli məmurlar, həm də Serj Sarkisyan özü gəlmişdi. Sən demə, həbsxananın açılışı Ermənistan üçün "çox önəmli hadisə" imiş.
Sarkisyan çoxsaylı vədlərinə baxmayaraq, Ermənistan əhalisinin ağır həyatını azacıq da olsun, yünülləşdirmək üçün heç bir iş görməyib. Amma yeni tikilmiş həbsxanada isə dustaqlar özlərini "Avropadakı kimi" hiss edəcəklər.
Ermənistanın statistika xidməti bildirir ki, ölkədə yoxsulluq həddindən aşağı yaşayan insanların sayı 300 mindən çoxdur. Erməni nəşrləri artıq həyəcan təbili çalmağa başlayıblar - dekabrın 1-dən ərzaq məhsullarının qiyməti yetərincə artıb. Deməli, çox yoxsulların sayı daha da artacaq.
Amma yüzlərlə dustaq öz cəzasını ölkə tərəfindən açılmış çox rahat həbsxanada çəkəcək. Azadlıqda qalan yerliləri, yəqin ki, onlara həsəd aparacaqlar.
Xalq demişkən, heç kimə rişxənd eləmə, öz başına gələ bilər. Yəqin buna görədir ki, bu müdrik kəlama riayət edən məmurlar məxsusi olaraq yeni həbsxanaya baxmağa gəliblər. Öyrənmək istəyirlər ki, görəsən, Avropa standartlarına tam uyğun gəlirmi, komfortludurmu, əlavə hansı rahatlıqları təmin etmək lazımdır? Axı heç kim istisna etmir ki, onların bir neçəsi bu Avropa səviyyəli müəssisənin sakininə çevriləcəklər.
Amma üstünə hər küncdən "Sarkisyan, çıx get!" qışqırılan bir prezidentin başına nə gələcək, indidən demək çətindir. Amma sual hər həlda, çox maraqlıdır.