Ermənistanda vəziyyət “rusca”dır Dünya

Ermənistanda vəziyyət “rusca”dır

Rublun dəyərdən düşməsi Ermənistan iqtisadıyyatını daha da çökdürür

Cavid

Krımın işğalından sonra Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatını çökdürməsi artıq region və postsovet ölkələrinə də təsir edib. Bu sıra daha çox Ermənistan ziyan görməkdədir. Erməni ekspertlər də bunu etiraf edirlər.
Rublun sürətlə ucuzlaşması forpost Ermənistanın iqtisadiyyatını da da çökdürüb. Ötən həftə Ermənistan paytaxtında yüzlərlə marşrut taksisi maye qaz yanacağının bahalaşmasına etiraz edərək xəttə çıxmaması, son günlər Ermənistan dramının dəyərinin enməsi səbəbindən əsas istehlak mallarının qiyməti bəzi hallarda 40 faizədək, o cümlədən avtomobil yanacağı kimi istifadə edilən maye qazın qiyməti 20 faizədək artması bunu deməyə əsas verir.
Sərnişin Daşıyanlar İttifaqının sədri Qrant Yeğiazaryan deyib ki, sürücülərin zərərsiz işləməsi üçün marşrut taksilərdə hazırda 100 dram olan gediş qiymətini 300 dramadək artırmaq lazımdır. Buna sürücülər də razı deyil. Onlar deyirlər ki, əhalinin ödəmə qabiliyyəti buna imkan vermir: "Nə qədər dözmək olar? İkinci həftədir, biz evə pul aparmırıq. Qaz baha, ehtiyat hissələri baha... Maşını saz saxlamaq üçün borc pul götürmüşəm, ödəyə bilmirəm. Evə bir çörək alıb apara bilmirəm". Yerevan meriyası 2013-cü ildə sakinlərin sərt etirazları nəticəsində şəhər nəqliyyatında gediş qiymətinin 100 dramdan 150 drama qaldırılması qərarını dəyişməyə məcbur olmuşdu.
Yeri gəlmişkən, bu il Rusiyada rublun 1998-ci ildən bəri ən böyük dəyərsizləşməsi qeydə alınıb. Ölkə mediası rublun dəyər itirməsinin dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə yanaşı baş verməsinə diqqət çəkir. Bu, Ermənistana da birbaşa təsir göstərib. Son 9 il götürülsə, Ermənistanda rublun bu qədər ucuzlaşması müşahidə olunmayıb. Valyuta mübadiləsi məntəqələrində rublun məzənnəsi noyabr ayı başlayandan bəri kəskin aşağı düşüb. İndi bir rublu əvvəlki tək 12-13 drama deyil, cəmi 8-9 drama dəyişdirmək olar. Dramın məzənnəsinin oynaması Ermənistanda inflyasiyaya yol açıb. Mərkəzi Bank dramın məzənnəsindəki enmə-qalxmaların regionun və dünyanın maliyyə bazarlarındakı proseslərdən qaynaqlandığını bildirir. İqtisadçı Samson Avetyanın fikrincə, Ermənistanda yaranan durumda xarici amillərlə yanaşı, daxili amillər də rol oynayır. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı idxala əsaslanır, bunun əksi olsaydı, hər şey tam başqa cür olardı. "Hər şey müstəqillik qazanandan bəri – artıq uzun illər boyunca çarpışdığımız ticarət kəsirindən asılıdır. Bu, yetərincə öncədən bilinən prosesdir. Fikrimcə, ticarət kəsiri yaşadığımızı anlayaraq, zamanla tədricən ixraca işləməyi öyrənməliydik. Axı bu kəsiri azaltsaydıq, belə sarsıdıcı enmə-qalxmalarla da üzləşməzdik" - deyə Avetyan deyib. Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryanın hesablamalarına görə, bu, hələ son deyil və rublun davamlı dəyər itirməsi birbaşa və dolayı Ermənistan iqtisadiyyatına da təsir göstərəcək: "Yatırımların həcmindən danışsaq, deməliyik ki, onlar uzun illər ard-arda azalıb və artıq sıfır həddinə çatıb. Çox vacib bir özəlliyi də söyləyək: bu il şəxsi pul köçürmələri də azala-azala gedib. Ancaq məlumdur ki, yaxın vaxtlarda azalma meylləri daha da dərinləşəcək. Transfertlər – bütövlükdə Rusiyadan maliyyə axını və fərdi pul köçürmələri bizim iqtisadiyyatın ən önəmli tərkib hissələrindən sayılır. Bu amillər mütləq iz buraxacaq".
Beləliklə, Ermənistanda öz qohumlarının hər ay göndərdiyi rubllarla dolananlar çətin durumda qalıblar.
BMT-nin radiosuna müsahibəndə qurumun iqtisadiyyat və sosial məsələlər üzrə departamentinin eksperti Qriqor Aqabekyan bildirib ki, Rusiya iqtisadiyyatının artım tempinin azalması artıq postsovet ölkələrinin çoxuna təsir edib.
"Bütün MDB ölkələri, habelə Baltikyanı ölkələr müəyyən dərəcədə Rusiya iqtisadiyyatından asılıdır. Rusiya iqtisadiyyatının artım tempindəki durğunluq bir sıra ölkələrə öz təsirini göstərib", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, enerji resurslarının istehsalçısı olan MDB ölkələri, məsələn, "Azərbaycan və Qazaxıstan kimi dövlətlər daha əlverişli vəziyyətdədirlər".
Q.Aqabekyan hesab edir ki, Rusiyadakı əmək mühacirlərinin artıq öz vətənlərinə qayıtdıqları müşahidə edilir. "Misal üçün Rusiya əmək bazarında özlərinə hər hansı imkan tapa bilməyən bəzi Orta Asiya ölkələrinin sakinləri geri qayıdırlar ki, bu da onların ölkələrinin əmək bazarında müəyyən gərginlik yaradır. Çünki orada da imkanlar məhdudlaşdırılıb və hətta müəyyən sosial qeyri-sabitliyə də gətirib çıxara bilər", - deyə ekspert qeyd edib.
Politoloq Zərdüşt Əlizadə isə deyib ki, Cənubi Qafqaz dövlətləri arasında ən geniş maliyyə imkanlarına malik olan ölkə Azərbaycandır: "Rusiyadakı durum həm ölkəmizə, həm də əhalimizə olduqca az təsir göstərəcək. Gürcüstanla şimal qonşumuzun əlaqələri də o qədər geniş deyil. Düşünmək olar ki, böhran gürcülərə də az təsir göstərəcək. Rusiyadakı iqtisadi sabitliyin pozulmasından ən çox Ermənistan əziyyət çəkəcək. Çünki Moskvadan İrəvana göndərilən bu və ya digər mallar xeyli dərəcədə azaldılıb və ya təxirə salınıb. Bunu işğalçı ölkə mətbuatı da təsdiq edir".