Ermənilərin müharibə qorxusu Dünya

Ermənilərin müharibə qorxusu

Karen Bekaryan: "Avqust hadisələri göstərdi ki, Azərbaycan özünə güvənərək müharibəyə daha çox üstünlük verir"

Cavid

Ermənistan Avropa İnteqrasiyası Təşkilatının rəhbəri Karen Bekaryan gündəmə gəlmək üçün ölkə jurnalistlərinə sərsəm açıqlamalar versə də, ermənilərin hərbi əməliyyatların başlayacağından necə qorxduqlarını etiraf edib. O, bu ilin avqustunnda ermənilər tərəfindən törədilən təxribatı qəhrəmanlıq nümunəsi kimi təqdim edib.
Amma K.Bekaryan daha sonra çıxışında müharibədən necə qorxduqlarını etiraf edib: "İndi Dağlıq Qarabağ üzrə danışıqlarda geriləmə gözə çarpır. Biz psixoloji və məntiqi baxımdan uduzuruq və bu sahələrdə müəyyən qədər irəliləməliyik. Biz məsələnin hərbi yolla həllini istəmirik. Amma avqust hadisələri göstərdi ki, Azərbaycan özünə güvənərək müharibəyə daha çox üstünlük verir".
O, erməni siyasətçilərinə "ağıl" da verib: "Ermənistan ilə Dağlıq Qarabağ arasında inteqrasiya səviyyəsinin artırılmasına xüsusi diqqət göstərməlidir. Məktəblilərimiz arasında daha sıx qarşılıqlı səfərlər təşkil olunmalıdır. Bu, daxili inteqrasiyanın əhəmiyyətli elementi olacaq".
Göründüyü kimi, bu ilin avqustunda baş verən təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna necə dərs verdiyi onların yaddaşından hələ çıxmayıb. İndi Azərbaycanın gücünü hiss edən ermənilər müxtəlif səviyyələrdə hərbi əməliyyatlardan çəkindiklərini, müharibədə uduzacaqlarını hiss və etiraf edirlər. İndi özlərini "sülhpərvər" kimi göstərməyə çalışan sarkisyanlar yaxşı anlayırlar ki, Rusiyanın iqtisadi cəhətdən zəiflədiyi bir vaxta hərbi əməliyyatların başlaması onların məhvinə gətirib çıxaracaq.
Ermənistanın müharibə qorxusu bu günün mövzusu deyil. Bundan öncə də erməni politoloqlarının əksəriyyəti Azərbaycanın hərbi əməliyyatlara bağlayacağı təqdirdə Qarabağı bütünlüklə itirə biləcəklərini bildiriblər. Müharibənin yenidən başlayacağı halda bunun Ermənistan üçün də təhlükə olacağı vurğulanıb.
Məsələn, Ermənistan prezidentliyinə sabiq namizəd Paruyr Ayrikyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Ermənistanla Azərbaycan arasına hərbi münaqişə qızışmaqdadır. Ancaq Ermənistanın müttəfiqi kimi çıxış edən Rusiya buna heç bir reaksiya göstərmir. Paruyr Ayrikyan Ermənistanın dalana dirənmiş vəziyyətdə olduğunu etiraf edib. Sabiq prezidentliyə namizəd Ermənistandakı Rusiya hərbi bazasının heç bir işə yaramadığını vurğulayıb.
Paruyr Ayrikyan digər maraqlı məqama da toxunub: "Əgər Qarabağda müharibə başlasa və Rusiya münaqişəyə qarışarsa, bu Ermənistan üçün əlavə problem yaradacaq. Ermənistan bəzi dünya dövlətlərinin nifrət etdiyi Rusiya ilə müttəfiq olacaq. Belə olan halda Azərbaycana simpatiya artmış olacaq. Ermənistan yenidən çıxılmaz vəziyyətdə qalacaq".
"Dağlıq Qarabağ problemi dondurulmuş münaqişəyə çevrilməyəcək. Azərbaycan mövqeyində qətidir". Bunu isə erməni politoloq Aleksandr İskəndəryan deyib. O bildirib ki, prosesin uzanması müharibə ilə nəticələnə bilər. Digər siyasi icmalçı Ruben Akopyansa diqqəti Türkiyə ilə münasibətlərin normallaşmasına yönəldib.
"Proseslər göstərir ki, Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan arasında normallaşma prosesi kompleks şəkildə həll edilməlidir. Başqa çıxış yolu yoxdur. Türkiyə sərhədləri Dağlıq Qarabağ münaqişəsinə görə bağlayıb. Münaqişə həll edilsə, erməni-türk münasibətləri normallaşacaq. Yəni, Türkiyə ilə sərhədlərin açılması birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır" - Akopyan belə deyib.
Şuşanın işğalına başçılıq edən general Ter-Tadevosyan isə deyib ki, müharibə başlasa, Azərbaycan ordusu tankların hərəkət edə bildiyi əraziləri qaytaracaq.
O, ordudakı problemlər barədə açıq danışmağın və bu problemləri aradan qaldırmağın vaxtı çatdığını deyib. Erməni dığası bildirib ki, ordudakı problemlər hökmən onun döyüş qabiliyyətinə təsir edir: "Azərbaycanın öz ordusunu gücləndirdiyi bir vaxtda bu, təhlükəli nəticələrə səbəb ola bilər. Hazırda Azərbaycan hərbi baxımdan kifayət qədər güclüdür. Lakin erməni ordusunun üstünlüyü Qarabağda döyüş əməliyyatlarının aparılması strategiyası ilə yaxşı tanış olmasındadır. Bununla belə, Qarabağda müharibə başlasa, Ermənistan ordusu itkilər verə bilər. Ərazilərin bir hissəsinin itirilməsi mümkündür. Söhbət elə ərazilərdən gedir ki, orada tankların hərəkəti asandır, düz yollar var və döyüş əməliyyatlarının aparılmasında əsas rolu zirehli texnika oynayır".