İŞİD Avropanı sarsıtdı Dünya

İŞİD Avropanı sarsıtdı

Parisdə Məhəmməd peyğəmbərin karikaturalarını dərc edən satirik nəşrin ofisi atəşə tutulub, 12 ölüb

Parisin 11-ci dairəsində yerləşən "Charlie Hebdo" satirik nəşrinin ofisi atəşə tutulub. Bu barədə RİA Novosti "Le Parisien" qəzetinə istinadən xəbər verir.
Naməlum şəxslər ofisin binasına avtomat silahlardan atəş açıblar. Hadisə nəticəsində 12 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Hücum edən şəxslər qara avtomobildə hadisə yerindən uzaqlaşarkən yerdə yaralı halda uzanan polisin başından da vurublar. Polisin onlardan atəş açmamalarını xahiş etsə də ona rəhm etməyiblər. Hücumcular qaçanda hadisə yerinin yaxınlığında olan bir polis maşınını da atəşə tutublar. Hadisə şahidləri azı 30 güllə səsi eşitdiklərini deyiblər.
"Frans Press" agentliyinin məlumatına görə, "Charlie Hebdo" həftəlik jurnalının redaksiyasının atəşə tutulması ilə əlaqədar Fransanın paytaxt regionunda terror təhlükəsi səviyyəsi ən son həddə çatdırılıb. Baş nazirin aparatından agentliyə bildiriblər ki, Fransa hökumətinin başçısı Manuel Vals bütün İl-de-Frans regionu ərazisində terror təhlükəsi səviyyəsini ən yüksək həddə çatdırmaq barədə qərar qəbul edib.
Bu terror aktının bundan əvvəl "Charlie Hebdo" jurnalı tərəfindən Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsinə cavab olması versiyası mətbuatda geniş işıqlandırılıb. Lakin belə ehtimallar da var ki, 12 nəfərin ölümünə səbəb olan silahlı basqına səbəb məhz İŞİD-lə bağlıdır. Belə ki, "Charlie Hebdo" bu gün silahlı basqından bir necə saat öncə yerli saatla 11.28-də İŞİD lideri Əbubəkir Əl Bağdadi ilə bağlı tvit atmışdı.
Satirik jurnal "Twitter"də paylaşdığı mesajında Bağdadini çıxış edən yerdə göstərib. Foto "Bağdadinin də təmannası: Hər şeydən öncə sağlamlıq" şərhi ilə paylaşılıb. Bəzi əcnəbi mətbuat nümayəndələri basqının məhz bu karikatura ilə bağlı olduğunu iddia edir.
Fransa prezidenti Fransua Olland "Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücumun terror aktı olduğunu bildirib. Olland bəyan edib: "Bu, şübhəsiz ki, terror aktıdır. Son həftələr ərzində daha bir neçə bənzər terror aktının qarşısı alınıb".
NATO baş katibi Yen Stoltenberq "Charlie Hebdo" satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücumu pisləyib. NATO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, Y. Stoltenberq bu hücumu terror aktı adlandırıb.
"Bu həm də media azadlığına qarşı bir hücumdur. Biz fransalı tərəfdaşlarımızın yanındayıq. NATO ölkələri terrorçuluğa qarşı birgə mübarizə aparır. Terrorçuluğa heç bir halda haqq qazandrmaq olmaz", - deyə o vurğulayıb.