“ABŞ terrordan bəhrələnmək istədi...” Dünya

“ABŞ terrordan bəhrələnmək istədi...”

Azər Rəşidoğlu: "Son zamanlar Rusiya Fransa ilə yaxınlaşırdı"

Anar Turan: "Qərbin bəzi hakim dairələri cəmiyyətlərində güclü islamafob meyillərinin yaranmasının marağındadırlar"

Aleksey Martınov: "Baş verən hadisələrin arxasında ABŞ dayanır"

Fransada terror aktı şousu ilə bağlı maraqlı məqamlar ortaya çıxaqdadır. Bütün bunlar isə terror olayının əslində Qərbin təxribat ssenarrisi olması ehtimallarını artırır. Qeyd edək ki, Fransada "Charlie Hebdo" nəşrinin redaksiyasına hücum etməkdə şübhəli bilinən Kuaşi qardaşları öldürülüb.
Parisdə "Çarli Hebdo" jurnalına edilən terror hücumunun tədqiqatı tapşırılan 45 yaşlı baş komissar isə ölü tapılıb. Terror aktından sonra on minlərlə polisin vəzifə aldığı əməliyyatları idarə edənlərdən olan 45 yaşlı Helric Fredouin intihar etdiyi açıqlanıb. Polis həmkarları Helric Fredouin intiharını depressiya olaraq açıqlayarkən, dostları Limoges Cinayət İstintaq Şöbəsinin müdir müavini vəzifəsində işləyən Fredouinin intihar edəcək qədər problemi olmadığını, ölümünün şübhəli olduğunu bildiriblər.
Onu da əlavə edək ki, Britaniyanın ictimai radioteleviziya yayımçısı BBC Məhəmməd peyğəmbərin təsvirlərinin yayınlanmasına dair daxili qaydalarına yenidən baxır. Korporasiya bunu da da bildirib ki, efirə nəyin verilib-verilməməsi BBC-nin artıq uzun illərdir oturuşmuş siyasətinə uyğun olaraq proqram hazırlayanların seçiminə bağlıdır. Lakin bundan əvvəl BBC-nin tanınmış aparıcılarından David Dimbleby həftəlik "Question Time" proqramında bildirmişdi ki, Məhəmməd peyğəmbərin hər hansı təsvirlərinin yayınlanmaması korporasiyanın siyasətidir. O hətta efirə BBC-nin redaksiya qaydalarından müvafiq maddəni də oxumuşdu. Bununla belə, bu bəyanatın Parisdə "Charlie Hebdo" satirik jurnalının redaksiyasında törədilmiş qətliamla eyni vaxta təsadüf etməsi tamaşaçıların hiddətinə səbəb olub.
Nəhayət bundan sonra BBC elan edib ki, sözü gedən qadağan qaldırılıb.
BBC sözçüsü bildirib: "Bu qaydalar köhnəlib və proqram hazırlayanların redaktə seçimin azadlığına dair BBC-nin mövqeyini əks etdirmir".
Sözçü bildirib ki, BBC-nin yaradıcı heyəti incə mövzulara həsr olunmuş proqramları hazırlayarkən hər bir halda ayrıca redaksiya seçimi edir. O, həmçinin deyib ki, Məhəmməd peyğəmbərin təsviri ilə bağlı redaksiya qaydasına yenidən baxılır. BBC artıq ilk dəfə olaraq "Charlie Hebdo"ya hücum barədə xəbəri efirə verərkən jurnalın üz qabığını və üz qabıqdakı karikaturanı da efirə verib. Beləliklə, redaksiya qadağanı de facto ləğv olunub.
Siyasi şərhçi Azər Rəşidoğlu baş verənlərin islamla əlaqəsi olmadığı qənaətindədir: "Sadəcə olaraq, son zamanlar Rusiya Fransa ilə yaxınlaşırdı və ABŞ Parisin altını üstünə çevrirməklə bu terrordan bəhrələnmək istədi. Digər tərəfdən, Farnsanın bundan istifadə edərək Yaxın Şərqə qoşun yeridəcəyi də istisna edilmir. Bu geosiyasi oyundur və sivilizasiyaların toqquşması kimi qələmə verilir".
Siyasi şərhçi Anar Turan dedi ki, qeyd etdiyiniz nüanslar hadisənin təşkil olunması, məqsədyönlü baş verməsi barədə gedən söhbətlərə bir növ əlavə güc verir: "Bu gün Qərbin bəzi hakim dairələri cəmiyyətlərində güclü islamafob meyillərinin yaranmasının marağındadırlar. Bu baxımdan bu kimi terror aktlarının kimlərsə tərəfindən xüsusi təşkil edilməsi faktı da istisna edilməməlidir. Ümumilikdə isə Fransada baş verən bu hadisələr onu göstərdi ki, diskriminasiya, alçaltmaq, sataşmaq, kinayə ilə məsələlərə yanaşmaq nə dərəcədə təhlükəli vəziyyətlər yaradır. Nəyə görə söz azadlığından bolluca danışan Fransa və digər Qərb dövlətləri elementar insani etiket qaydalarına riayət etmirlər. Nəyə görə az bir qism insanın gözündə cəsarətli, yumoristik görünmək üçün, maddi qazanc əldə etmək üçün bir sıra Qərb mətbu orqanları belə məsuliyyətsiz əməllərə haqq qazandırır. Bu kimi hallar müsəlmanların qəlbinə toxunur, onların mənəvi inanclarına sataşır. Belə vəziyyətlərdə Qərb cəmiyyəti də ayıq sayıq olmalı bu kimi hallara etirazını bildirməlidir. Çünki, dəyərlərə toxunmaq nəticədə bu kimi arzuolunmaz halların baş verməsinə gətirib çıxara bilir. Məncə burada əsas güc Avropa cəmiyyətinin sağlam düşüncəli insanlarının üzərinə düşür. Onlar bu kimi vəziyyətlərdə təmkinlərini pozmamalı və söz adalığından bu cür istifadə edənlərlər mübarizə aparmalıdırlar ki, nəticədə belə vəziyyətdən sui-istifadə edənlər ortaya çıxmasın".
Rusiyanın tanınmış politoloqu Aleksey Martınov baş verən hadisələrin arxasında ABŞ-ın dayandığını deyir: "Parisdəki hadisələr Birləşmiş Ştatların maraqlarını tam ödəyir. "Son illərdə "islam terrorizmi" dünyanın aparıcı xüsusi xidmət orqanının əlindədir. ABŞ-ı nəzərdə tuturam. Mən əminəm ki, Paris hadisələrində, həmin terroru törədən terrorçuların arxasında bu və ya digər formada amerikalı kuratorlar dayanır. Hazırda rəssam karikaturaçıların ölümünü islamçıların Avropada söz azadlığına hücumu kimi qiymətləndirilir. Ancaq digər tərəfdən hamı anlayır ki, burda nəsə düz deyil. Bütün bunlar Fransada dini qarışıqlıq və qorxu yaratmaq məqsədiylə xüsusi xidmət orqanları tərəfindən bir neçə il öncədən planlaşdırılıb".
Başqa bir münasibətdə - Bundan başqa, "Free Gaza" hərəkatının nümayəndəsi Qreta Berlinin açıqlamasında isə bildirilir ki, "Parisdə "Charlie Nebdo" satirik jurnalının redaksiyasına terrorçu basqını İsrail kəşfiyyatı təşkil edib: "Parisdəki teraktı "Mossad" təşkil edib. Məqsəd Fələstinlə Fransa arasındakı sazişə zərbə vurmaq üçün saxta təxribat törətməkdən ibarət olub. Bizə yalnız ona ümid etmək qalır ki, Fransa polisi yaxşı təlim görmüş İsrail kəşfiyyatının əli ilə törədilən bu hadisələri ayırd edə, ondan baş çıxara biləcək. Ümid edək ki, Fransa polisi müsəlmanların Fransaya hücum etdiyini düşünməyəcək. Çünki Fransa müsəlmanların yaxın dostudur. Axı İsrail də Fransaya bundan əvvəl xəbərdarlıq etmişdi. İsrail tərəfi bəyan etmişdi ki, əgər Fransa Fələstinin tərəfində durub onun tanınması lehinə səs versə, bunun ciddi nəticələri olacaq. Bu dəhşətli hücuma görə kimlərin məsuliyyət daşıdığı hətta 4-5 yaşlı uşaqlara da aydındır".
İlahiyyatçı Samir Salam deyir ki, təkcə Fransadakı məlum hadisənin deyil, ümumən, dünən, bu gün və sabah dünyada baş verən və verəcək bu kimi qanlı hadisələrin İslamla heç bir bağlılığı yoxdur: "Terrorun İslam dini ilə heç bir əlaqəsi yoxdur. İslam dini Kişilik dinidir, İslam dini Mərdlik dinidir, İslam dini Haqq və Ədalət dinidir. Müsəlman əgər düşməni ona hücum edərsə, onunla döyüş meydanında mərdi-mərdanə, kişi kimi vuruşar. Daha "siçovul" kimi altdan-altdan iş görməz". İlahiyyatçı məlum hadisənin Məhəmməd Peyğəmbərə edilən təhqirə bir cavab kimi adlandırılmasının düzgün olmadığını bildirir: "Tarixə nəzər salsaq, Peyğəmbərimizin həyatına baxsaq görərik ki, ona qarşı edilən təhqirlərin və təqiblərin əvəzində "Rəbbim, onları bağışla. Onlar həqiqətən nə etdiklərini bilmirlər" - deyə cavab verib. Amma bu gün kimlərsə guya özünü Peyğəmbərin "cangüdəni" kimi göstərmək istəyir və Peyğəmbər şəriətinin tam ziddi olan terror aktları törədir. Və bununla dünyada Barış və Sülh dini olan İslam dinini nifrət və vəhşilik dini kimi tanıtdırmağa çalışır".

Əli