Sarkisyana vaxt verildi Dünya

Sarkisyana vaxt verildi

Ermənilər prezidentin və xarici işlər nazirinin istefasının tələb edirlər

Cavid

Ermənistanda etiraz aksiyaları davam edir. Belə ki, Ermənistan hakimiyyəti Gümrüdə baş verən faciədən sonra əhalinin baş qaldıran narazılığına son qoymamış, yeni etiraz dalğası ilə üz-üzə qalıb.Dünən etirazçılar İrəvanda Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşıblar.
Qəzəblənmiş ermənilər Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alaraq hakimiyyətin istefasını tələb edirlər.
Onlar nazir Edvard Nalbandyanı ədalətli olmağa və cəbhə xəttində vəziyyət haqqında düzgün xəbər verməyə çağırırlar. Nümayişçilərin bir qısmi isə BMT ofisinə tərəf hərəkət ediblər.
Dünən həmçinin Ermənistanda fəaliyyət göstərən ticarətçilər də etiraz aksiyasına başlayıblar. Yüzlərlə insan İrəvanda hökumət binası qarşısına toplaşaraq hakimiyyətin istefasını, ölkədə ticarətçilərə qarşı davam edən represiyalar son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.
Erməni mətbuatı xəbər verir ki, etirazçılar yeni tətbiq olunan vergi qanununa ("Dövriyyədən vergi") etiraz edərək baş nazirlə görüşmək istəyirlər.
Bundan başqa verilən xəbəblərə görə, bu gün Serj Sarkisyan hökuməti üzə çıxıb açıqlama verməlidir.
Çünki, ticarətçilərin hökumətin binasında 4 satdan çox davam edən etiraz aksiyası zamanı baş nazir Ovik Abraamyan etirazçıların qarşısına çıxmayıb.
Onlar Hökumət binaları qarşısında yenidən toplaşmağa qərar veriblər. Bu dəfə onlara həmçinin regionlardan kiçik və orta biznes nümayəndələri də qoşulacaq. Nümayişçilər bildiriblər ki, bu gün Sarkisyan hökuməti üzə çıxıb açıqlama verməlidir. Əks halda etirazlar daha da genişlənəcək.
Bundan başqa onlar xarici işlər nazirinin, Serj Sarkisyanın istefasını tələb edir.
Qeyd edək ki,ötən gün etirazçılara 10 nəfərlik qrupun baş nazirlə görüşməsi təklif olunub. Lakin binanın qarşısına toplaşanlar tələb edib ki, baş nazir həyətdə hamı ilə görüşsün. "Xalq baş nazirin səsini eşitmək istəyir. Qoy çölə çıxsın və bizimlə danışsın", - sahibkar Artak Xaçatryan deyib.
Ermənistanda "Dövriyyədən vergi haqqında" qanun oktyabrın birindən qüvvəyə minib. Bu da bir çox erməni sahibkarların müflisləşəcəyi anlamına gəlir. Etiraz aksiyalarından sonra qanunun tətbiqi 1 fevrala qədər təxirə salınmışdı. Hökumət qanunu sözügedən tarixdən sonra tətbiq etməkdə israrlıdır.
Ermənistan paytaxtı yanvarın 29-da daha bir etiraz aksiyasının şahidi olacaq. "Aravot" qəzeti yazır ki, ATƏT-in İrəvandakı ofisi qarşısında təşkil olunacaq aksiya "ATƏT – Azərbaycanın təcavüzünün susqun sponsoru" devizi altında keçiriləcək.
Aksiyanın təşkilatçısı siyasi şərhçi Karen Vardanyandır. O, qəzetin müxbirinə deyib ki, məhz etiraz aksiyanın keçirilməsi haqqında qərar indi qəbul edilib. Çünki, hər gün atəşkəs rejiminin pozulması halları ilə qarşılaşırıq, amma ATƏT və onun Minsk qrupu susqun və hərəkətsiz dayanır. Çoxları Ermənistanı və Rusiya tərəfini ittiham edirlər, amma heç kim ATƏT-i ittiham etməyə cürət göstərmir."
Ermənilərin bu aksiyanı keçirməsi səbəbsiz deyil. Belə ki, son günlər təmas xəttində yaşanan gərginlik nəticəsində Ermənistan ordusunun böyük sayda itki verməsi onları bu addımı atmağa məcbur edir. Dünənə kimi, ATƏT-i və Minsk qrupunu tərifləyən "erməni başbilənləri" indi bu təşkilata qarşı etiraz səsi ucaldırlar. Deyəsən, indi pişiyin quyruğu qapı arasında qalıb...