Ukraynada müharibə şiddətlənir Dünya

Ukraynada müharibə şiddətlənir

Tərəflər səfərbərlik elan ediblər

Cavid

Ukraynanın şərqindəki vəziyyət getdikcə şiddətlənir, ancaq müharibə aparan tərəflər münaqişənin həll edilməsinə səy göstərmək istəmirlər. Əksinə, hər iki tərəf ümümi səfərbərlik planını həyata keçirməyə hazırlaşır. Rusiyapərəstlərin rəhbəri Aleksandr Zaxarçenko bu yaxınlarda bəyan edib ki, on gündən sonra qondarma Donetsk Respublikasında ümumi səfərbərlik başlayacaq və 100 min nəfər silahla təchiz ediləcək. Bu cür addım Kiyevin mərhələlərlə səfərbərlik etməsinə qarşı cavab kimi də qiymətləndirilir.
Xatırladaq ki, Ukrayna 2015-ci il ərzində hərbi səfərbərlik üçün 104 min nəfər çağıracağını elan edib. Rusiya Ukraynanın şərqindəki separatçıları ən müasir silahlarla təchiz etməklə yanaşı, minlərlə "könüllünü" Kiyev "faşist rejimi" ilə müharibəyə yollayır. Rusiya müdafiə naziri Sergey Şoyqu ölkə ətrafında yaranmış hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq strateji istiqamətdəki qüvvələrin və ordu qruplarının gücləndirilməsinə əmr verib. Rusiya prezidenti Vladimir Putin apardıqları bu cür siyasəti belə izah edib: "Bu Ukrayna ordusu deyil, bu artıq xarici legion, indiki vəziyyətdə isə NATO legionudur". Digər tərəfdən isə alyans, Rusiyaya yaxın olan altı qonşu ölkəsində – Rumıniya, Polşa, Bolqarıstan, Estoniya, Latviya, Litva və Estoniyada komanda nəzarət strukturlarının yaradılması qərarına gəlib. Amma buna baxmayaraq, NATO üzvü olan ölkələr arasında Moskvanın təcavüzkar siyasətinə qarşı hansı formada reaksiya verilməsi məsləsində tam yekdil bir fikir yoxdur. ABŞ-ın Ukraynaya "uçan silahlar" verilməsinin tərəfdarı kimi şıxış etməsinə baxmayaraq, Almaniya kansleri Anqela Merkel münaqişənin dayandırılması və tərəflər arasında Minsk danışıqları əsasında dialoq qurulmasında təkid edir.
Hətta əgər vəziyyətin pisləşməsi davam edərsə də Avropa Birliyinin Ukraynaya silah verilməsi məsələsində yekdil fikrə gələcəyi az inandırıcı görünür. Böyük ehtimalla bu məsələnin həll edilməsində yalnız bir neçə Avropa Birliyi ölkəsi ABŞ-a qoşula bilər.
İndi Ukrayna münaqişəsində yalnız gözləmək qalıb. Görəsən oradakı hərbi teatr səhnəsinə hansı tip silahlar meydana çıxacaq. Sonradan onlardan istifadə ediləcəyi isə təcrübəyə əsasən aydın və bəlli olan bir məsələdir. Bəlkə bu müharibəni yalnız 1962-ci ildəki Karib böhranında olduğu kimi həll edərək dayandımaq mümkün oldu.
Ukraynadakı münaqişənin necə davam etməsindən asılı olmayaraq burada artıq bir nəfər uduzan var. Heç şübhəsiz ki, həmin şəxs Vladimir Putindir. Rusiya prezidenti öz ölkəsini və xalqını elə bir avantüraya sürükləyib ki, o bunun üçün çox böyük hesab verməli olacaq. Ümumiyyətlə isə Ukrayna ilə münaqişədə Putin özünü çox pis bir taktik və həmçinin də bərbad strateq kimi göstərdi.