Qərb Tehranla razılığa gəlir Dünya

Qərb Tehranla razılığa gəlir

İran siyasətində hansı dəyişikliklər edəcək?

Cavid

İran rejiminin Qərb dövlətlərilə nüvə müzakirələri aktuallığını qoruyub saxlayır. Qərbin qüdrətli dövlətləri İranı nüvə silahı istehsal etməyə çalışmaqda ittiham etsə də, Tehran nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığını bildirir.
Amma bu məsələ ilə bağlı prosesin inkişafı onu deməyə əsas verir ki, İranla Qərb arasında bir neçə il davam edən gərginlik, deyəsən, başa çatmaq üzrədir. İxtilafın iki əsas tərəfi Tehranla Vaşinqton idi. Onlar uzun müddət idi ki, bir-birinə barışmaz düşmən münasibəti göstərirdilər. İndi isə vəziyyət kəskin surətdə dəyişib. Maraqlıdır ki, dünyada gedən prosesləri tənzimləyən Qərb bu işi əvvəlki uğursuz addımların (İraq, Əfqanıstan, Misir, Suriya, Liviya və s.) nəticəsi fonunda görüb. Görünür, okeanın o tayında qlobal geosiyasətdə düzəlişlər etmək zərurəti yaranır.
Bununla yanaşı, təəssüf hissi ilə qeyd etməliyik ki, bütün proseslərin əsas qayəsini xalqların və ölkələrin inkişafı və təhlükəsizliyinin təşkil etdiyinə inanmaq xeyli çətindir. Təcrübə göstərir ki, burada daha çox geosiyasi ambisiyalar özünü büruzə verir. İranla olan problemlərin həll edilməsində ciddi addımın atılmasına həmin müstəvidə qiymət verəndə, düşündürücü məqamlara rast gəlinir.
Bu kontekstdə deyə bilərik ki, dünyanın İranla üz-üzə qalması paradoksal görünürdü. Ancaq Tehranın arxasında müxtəlif ölkələrin və proseslərin olması da sirr deyil. Rəsmi Tehran onlardan hər zaman ciddi dəstək aldı. İran məsələsində dünyanın 6 güclü dövlətinin ortaq mövqeyə gəlməsində bu kimi faktorların hansı rolu oynadığının geosiyasi təhlilə ehtiyacı olduğunu düşünürük. Həmin aspektdə gerçəkliklə geosiyasi ambisiyaların sərhədlərinin harada kəsişdiyi də maraq doğurur.
İran prezidenti Həsən Ruhaninin Tehranda Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik idarəsinin ali nümayəndəsi Ketrin Eştonla görüşü də nüvə məsələsi ilə bağlı Tehranla Qərb arasındakı anlaşılmazlıqların aradan götürülməsinə xidmət edir.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "twitter" səhifəsində yazıb ki, Həsən Ruhani və Ketrin Eşton arasında baş tutan görüş konstruktiv keçib: "Uzun illərdir ki, İran və AB-nin xarici siyasət və təhlükəsizlik idarəsinin rəhbəri ilə görüş keçirilmirdi. Ona görə də, bu gün keçirilən görüş tarixi əhəmiyyət daşıyır".
Qeyd edək ki, Ketrin Eştonun İran rəsmiləri ilə keçirdiyi görüşlərdə rəsmi Tehranla AB arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və nüvə məsələsi əsas müzakirə edilib.
Xatırladaq ki, Eştonu səfərdə müavini Helqa Şmidt və xüsusi köməkçisi Stefan Kolment müşayiət edir. Bu, onun AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi kimi də İrana ilk rəsmi səfəridir.
O da bildirilir ki, Eşton İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransı keçirib. O deyib ki, İran rəsmiləri ilə görüşlər ikitərəfli əlaqələri, regional münaqişələri, insan haqlarını və nüvə danışıqlarının martın 18-də bərpasını hədəf alacaq.
Müvəqqəti razılığa görə, İran 6 ay müddətinə uranı zənginləşdirməyi məhdudlaşdıracaq, bunun əvəzində isə Qərb İran iqtisadiyyatına ciddə zərbə vuran sanksiyaları yüngülləşdirəcək. Razılıq yanvar ayının 20-dən qüvvəyə minib.
Bir müddət öncə "altılıq" ölkələrinin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) İran arasında əldə edilən razılaşmaya əsasən, İran 6 ay müddətində nüvə proqramını dayandırır. "Reuters" informasiya agentliyinin yaydığı məlumatda deyilir ki, Barak Obama Tehranın bu müddətdə verdiyi sözlərə əməl etmədiyi təqdirdə ABŞ-ın "təzyiqləri gücləndirəcəyi"ni bəyan edib.
Qərb İrana qarşı sanksiyaları zəiflətməyi və ona 7 milyard ABŞ dolları həcmində yardım göstərməyi vəd edib. Bununla bərabər, Tehranın neft məhsullarına Avropa bazarları açılır, qızıl və avtomobil sənayesi sahəsində əməkdaşlıq bərpa edilir.
Onu vurğulamaq lazımdır ki, əksər dövlətlər əldə edilən razılaşmaya müsbət münasibət ifadə ediblər. Ancaq İsrailin baş naziri onu "pis razılaşma", "tarixi səhv" adlandırıb. Rəsmi Təl-Əviv hesab edir ki, İran özünə qarşı sanksiyaları zəiflətməklə, nüvə proqramını inkişaf etdirmək şansını saxlayır. Belə ki, 6 aydan sonra "altılıq" ölkələri Tehrana həmin istiqamətdə işlərini qəbul edilən çərçivələr daxilində davam etdirmək imkanı verə bilərlər. Bunların fonunda Almaniyanın "Spigelonline" elektron nəşrinin "Obama İrana sınaq müddəti verdi" fikrini qabartması diqqəti çox çəkir.
Bir sıra ekspertlərin fikrinə görə, Rusiya bu prosesdə ən çox qazanan tərəfdir. "Die Welt" Putinin Yaxın Şərq böhranından faydalandığını açıq yazıb. Xarici işlər naziri S.Lavrov da brifinqdə özünü saxlaya bilməyərək "Putinin planı yerinə yetirilir" ifadəsini işlədib. Bütövlükdə isə Moskvanın özünü təmkinli aparması müşahidə edilir.
Ekspert Tərlan Həsənovun fikrincə, İran özünü, qaçılmaz iqtisadi böhrandan uzaqlaşdığını düşünərək, qalib kimi hiss edir. Bunun fonunda B.Obama isə həm ABŞ daxilində, həm də xaricdə həll etmək istədiyi, lakin həll edə bilmədiyi məsələlərin gələcəyinə ehtiyatlı münasibət nümayiş etdirməkdən başqa çıxış yolu tapa bilməyən tərəf kimi görünür: "Ötən danışıqlardan sonra Fransanın xarici işlər naziri Fabius ilə İranın xarici işlər naziri Zərifin qucaqlaşıb bir-birini təbrik etməsi nəzərdən yayınmayıb. Bütün bunlar nəyi ifadə edir? Görünür, siyasət və geosiyasət yeni mərhələyə qədəm qoyur. Amma, deyəsən, elə hər əsrin əvvəlində olduğu kimi, dünyanın çoxluq təşkil edən ölkələri təhlükəsizlik və davamlı inkişaf intizarında qalmaqda davam edəcəklər. Çünki əsas məqsəd reallıqları nəzərə alaraq qlobal təhlükəsizlik sistemi formalaşdırmaq yox, geosiyasi maraqları təmin etmək istiqamətində çalışmaqdan ibarətdir".
İranla "altılıq" ölkələrinin nüvə müzakirələrində müəyyən razılığa gəlməsi Türkiyənin bu ölkə ilə iqtisadi əməkdaşlığının böyüməsinə səbəb olub. Belə ki, Türkiyə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara görə İranla qızıl ticarətini dayandırsa da, artıq məlum razılaşmadan sonra qızıl ticarəti yenidən bərpa olunub. "Altılıq" ölkələri ilə İranın razılığa gəlməsini şərh edən Türkiyənin iqtisadiyyat naziri Zafer Çağlayan sanksiyalar səbəbi ilə İrana ixracatın həcminin bu ilin ilk doqquz ayı ərzində 6 milyard dollar həcmində azaldığını deyib. Onun sözlərinə görə, İrandan idxalın həcmində isə azalma müşahidə olunmayıb. İranla Qərb ölkələrinin razılığa gəlməsinə münasibət bildirən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə qeyd edib ki, əldə olunan razılaşma iki ölkə arasında neft ticarətinin inkişafına müsbət təsir edəcək. İrandan gündəlik 105 min barrel neft alındığını bildirən T.Yıldız qeyd edib ki, sanksiyalar aradan qalxdığı təqdirdə bu miqdar 130-140 min barelə qədər artırıla bilər. Türkiyənin enerji naziri ən böyük təbii qaz istehsalçısı olan İrana heç vaxt biganə qalmayacaqlarını deyib. Onun sözlərinə görə, Türkiyə tərəfi ilk olaraq ölkənin maraqlarını görə hərəkət edir. Buna görə Türkiyənin təbii qazla əlaqəli müxtəlif layihələri var. Türkiyə mətbuatına müsahibə verən İranın Türkiyədəki səfiri Alireza Bikdelinin sözlərinə görə məlum sanksiyalar olmasaydı, ölkələr arasında ticarətin həcmi 30 milyard dollara qədər arta bilərdi. İranlı səfir onu da xatırladıb ki, iki ölkə arasında ticarətin həcmi keçən il 22 milyard dollar olmaqla rekord vurub. A.Bikdelinin sözlərinə görə, sanksiyalar ardan qalxarsa, bu təkcə İranın deyil, həm də İranla iqtisadi əlaqələri olan bütün ölkələrin xeyirinə olacaq.
Onu da qeyd edək ki, bu günlərdə İran prezidenti Həsən Ruhani Tehranda Şəhidlər Günü ilə əlaqədar şəhid ailələri ilə görüşündə deyib ki, İranın iştirakı və iradəsi olmadan bölgədə sülh və sabitlik bərqərar olmayacaq. H.Ruhani İranı bu gün regionun ən güclü ölkəsi adlandırıb: "Bir zamanlar düşmən düşünürdü ki, İran zəif ölkədir və hücum etməklə onu məhv edə biləcək, lakin bu gün hər kəs başa düşür ki, İran bölgənin ən güclü ölkəsidir".
İran və 5+1 ölkələri arasındakı nüvə danışıqlarında dövlətin son aylarda əldə etdiyi nailiyyətlərdən danışan prezident bildirib ki, bu sahədə gələn il də bəzi işlər görüləcək. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bildirib ki, İran məsələnin dinc yolla öz həllini tapacağına və bölgədə vəziyyətin daha da böhranlı həddə çatmasının qarşısının alınacağına ümid edir: "Çünki bölgə çox həssas bölgədir".
M.C.Zərif həmçinin deyib ki, İranla "altılıq" ölkələri arasında yekun razılaşmanın həlli bütün sanksiyaların aradan qaldırılmasından keçir: "Əgər "altılıq" ölkələrində yaxşı niyyət və siyasi iradə olsa, həmçinin Cenevrə razılaşmasına uyğun olaraq yanvarın 20-dən qüvvəyə minmiş Birgə Fəaliyyət Proqramına riayət edilsə, bu ilin iyul ayının sonlarınadək yekun razılaşmanın əldə olunması üçün yaxşı şərait mövcuddur. Əsas məsələ İran xalqının etimadını doğrultmaq və onların hüququna hörmət bəsləməkdir. Belə olduğu təqdirdə, İranda sülh məqsədli nüvə proqramının icrası, bütün sanksiyaların ləğv edilməsi və mövcud narahatlığın aradan qaldırılması mümkündür. Bu yol məntiqli bir yoldur və bizim düşüncəmiz tamamilə qəbulediləndir".
Hadisələrin yaxşılığa doğru irəliləməsinə baxmayaraq Qərb İranı nüvə proqramı ilə bağlı tam izahat verməyə çağırıb. Qərb ölkələri bunu İranın nüvə məsələsinin həlli üçün əsas açar hesab edirlər. Qərb bunu İranın nüvə silahı istehsal edib-etməməsini öyrənmək üçün istəyir.
ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsi Cozef Makmanus AEBA İdarə Heyətinin iclasında çıxışı zamanı bildirib ki, İran nüvə proqramının mümkün hərbi ölçüləri ilə bağlı dünya ictimaiyyətinin narahatlığını aradan qaldırmalıdır: "Bu məsələnin həlli üçün uzunmüddətli nüvə razılaşmasına nail olmaq çox vacibdir".
Eyni zamanda Avropa Birliyinə üzv 28 ölkə İranın nüvə proqramı ilə bağlı birgə bəyanatla çıxış edib. Sənəddə İrandan nüvə proqramının mümkün hərbi ölçülərinin aydınlaşdırılması üçün rəsmi Tehranın AEBA ilə tam əməkdaşlıq etməsi və bütün sənədlərə, obyektlərə və şəxslərə çıxış imkanı üçün icazə verməsi tələb olunur.
Xatırladaq ki, İranın da öz şərtləri var. İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsi Rza Nəcəfi qurumun İdarə Heyətinin yığıncağında çıxışı zamanı deyib ki, rəsmi Tehranın "altılıq" ölkələri ilə yekun razılaşmanın əldə olunması üçün üç mühüm şərti var: "Birincisi, İranın nüvə məsələsi BMT Təhlükəsizlik Şurasının və AEBA İdarə Heyətinin gündəliyindən çıxarılmalıdır. İkincisi, bütün sanksiyalar aradan qaldırılmalıdır. Nəhayət, üçüncüsü, nüvə sahəsində beynəlxalq əməkdaşlıq olmalıdır".
R.Nəcəfi vurğulayıb ki, İran nüvə silahı istehsal etməyəcək, habelə dünya ictimaiyyəti və agentlik qarşısında götürdüyü öhdəliklərə əməl edəcək.