Qərb İranı bu dəfə də yola gətirə bilmədi Dünya

Qərb İranı bu dəfə də yola gətirə bilmədi

Nüvə proqramı üzrə danışıqlar iyun ayına qədər uzanacaq

Cavid

Fevralın 23-dən 25-dək İranın "altılıq" ölkələri ilə nüvə proqramına dair apardığı danışıqlardan bu dəfə də bir nəticə əldə olunmayıb. Amma tərəflər nə vaxtsa danışıqlarda razılıq əldə edəcəklərinə inandıqlarını bildiriblər.
Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini deyib ki, İranla nüvə sazişi "yaxındadır". Federica Mogherini tərəfləri gələn həftə Cenevrədə keçiriləcək danışıqlardan əvvəl siyasi iradə göstərməyə çağırıb. O, deyib ki, "bu imkanı qaçıra bilmərik".
Danışıqlarda müəyyən irəliləyiş olduğu bildirilir. ABŞ və İran diplomatları Cenevrədə görüşüblər. Ancaq saziş əldə olunması üçün görülməli çox işin qaldığı da vurğulanıb.
İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, danışıqlar "faydalı, konstruktiv və ciddi" keçib, ancaq gediləsi "uzun bir yol" var.
Ağ Evin sözçüsü Caş Ernest isə fevralın 25-də jurnalistlərə açıqlamasında Amerika ilə İran arasında 10 illik nüvə razılaşmasının əldə olunması ilə bağlı yayılan məlumatları təkzib edib.
Caş Ernest deyib: "Birləşmiş Ştatlarla İranın 10 illik nüvə razılaşması mövzusu üzərində dayanması və bunun mümkünlüyünü araşdırması ilə bağlı mediada yayılan məlumatlar düzgün deyil".
Amerikanın "The Wall Street Journal" qəzeti, eləcə də "Assoşeyted press" agentliyi iki gün əvvəl, Vaşinqtonla Tehran arasında İranın nüvə proqramının ən azı 10 il müddətinə dayandırılması barədə mümkün razılığa gəlməsi barədə məlumat yaymışdılar.
ABŞ dövlət katibi Con Kerri isə jurnalistlərlə görüşündə Tehranla Vaşinqton arasında belə bir razılaşmanın əldə olunmasını təkzib edərək, məsələ ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "İki ölkə arasında hələlik heç bir razılaşma əldə olunmayıb. Amerika qısa bir zamanda İranın belə bir razılaşmanın əldə olunmasına meyilli olub-olmadığını biləcək".
İranın əsas təmsilçi, xarici işlər nazirinin müavini Abbas Əraqçi isə bildirib ki, İran nüvə proqramı ilə bağlı altılıqla danışıqları tərk edə bilər: "Əgər digər tərəflər İslam Respublikasına öz iradəsini diktə etməyə çalışarlarsa Tehran nüvə danışıqlarını tərk edəcək".
Amerika xarici işlər naziri Con Kerri də konqresdə çıxışında dünya güclərinin 2013–cü il tarixində İranla əldə etdikləri müqavilədən sonra önəmli irəliləyişlərə nail olduqlarını söyləmişdi.
O da bildirilir ki, ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi həll ounacaq məsələləri müəyyənləşdiriblər, lakin razılığa gəlinib-gəlinməyəcəyi hələlik aydın deyil.
Cenevrədə keçirilən danışıqlarda İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi və ABŞ Enerji Katibi Ernest Moniz də iştirak edib.
Söylənilir ki, ABŞ və İran vasitəçiləri görüşlər keçirirərək İran və dünyanın altı ən güclü dövləti arasında hərtərəfli razılığın əldə olunmasına maneəçilik törədən texniki mübahisələri həll etməyə çalışırlar. Müvəqqəti razılaşmanın əldə edilməsi üçün son möhlət tarixi yaxınlaşır. Hər iki tərəf çərçivə sazişi əldə etmək məqsədilə qarşı tərəfə martın 24-ə, davamlı razılıq əldə etmək üçün isə iyulun 1-ə dək möhlət verib.
Bu razılıq nəticəsində İran nüvə fəaliyyətlərinin sülhpərəst olduğunu təmin edəcək, əvəzində isə ona qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılacaq.
Amma İranın nüvə müzakirəçilərinə son sazişin əsas strukturunu qəbul etmək üçün verilən son müddət yaxınlaşdığı bir vaxt, həm ABŞ və həm də İran danışıqların müddətinin yenidən artırılmasına isti yanaşmadığı bildirir.
Ancaq ABŞ, yoxsa İranın son razılıq istiqamətində daha sərt mövqe göstərməsinə dair debatlar davam edir.
İranla nüvə danışıqlarında iştirak edən qüdrətli dövlətlər Qərbin Tehranın nüvə silahı əldə edə bilməsinə dair narahatlıqlarına və İranın sanksiyaların azaldılması istəyinə cavab verən razılığı təminat altına almağa çalışır. Ancaq nə ABŞ, nə də İran danışıqların iyulun 1-dən sonra da uzadılmasını istəyir.
Prezident Barak Obama Almaniya kansleri Angela Merkellə görüşündə bunu açıq şəkildə bildirib: "Əgər onlar çərçivə formulu ilə razılaşmasa prosesin uzadılacağını düşünmürəm. Çünki bu, dünya üçün əsas məqamdır. Dünya onların nüvə silahı əldə edə bilməməsinə əmin olmaq istəyir".
Almaniyada təhlükəsizlik konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif daha sərt danışaraq bildirmişdi ki, hətta heç bir razılıq əldə olunmasa belə, bu, dünyanın sonu olmayacaq.
"Düşünürəm ki, növbəti uzatma heç kimin marağında deyil. Hətta biz hazırki uzadılmanın da yararlı olacağını düşünmürdük" - deyə Zərif bildirib.
Bu arada Vaşinqtonda fəaliyyət göstərən İran Milli Müqavimət Mərkəzinin nümayəndəsi Əlirza Cəfərzadə verdiyi açıqlamasında deyib ki, İran "Altılıq" ölkələri ilə nüvə proqramına dair apardığı danışıqlara baxmayaraq, yerin altındakı gizli bazada nüvə silahı hazırlayır. Onun sözlərinə görə, "Lavizan-3" adlanan kompleks Tehran yaxınlığında yerləşir.
Cəfərzadə bildirib ki, sözügedən obyekt tunellər şəbəkəsi və yeraltı sığınacaqlardan ibarət dərinlikdə tikilib. Orada radiasiyanın yayılmasının qarşısını alan xüsusi qapılar var ki, MAQATE müfəttişləri yoxlamalar zamanı onu müəyyənləşdirə bilmirlər. Mərkəzin bildirdiyinə görə, həmin kompleksdə 2008-ci ildən uranın zənginləşdirilməsi prosesinə başlanılıb. "Lavizan-3" kompleksinin fəaliyyəti və İranın nüvə silahı hazırlaması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Rəsmi Tehran uranın yalnız dinc məqsədlərlə zənginləşdirdiyini dəfələrlə bəyan edib.
Ekspert Elşən Həsənovun fikrincə, İran nüvə danışıqları vaxtını uzatmaqda maraqlıdır: "Bununla da İran vaxt əldə edir. Rəsmi Tehrana nüvə məsələsi ilə bağlı Qərblə razılıq əldə etmək sərf etmir. Qərbin əsas şərti nüvə məsələsindən İranın vaz keçməsinə nail olmaqdır. İran isə həm Qərbin sanksiyalarından yaxa qurtarmaq, həm də nüvə silahını əldə etmək niyyətindədir. Bu məsələdə Rusiya İrana hər zaman dəstək verir. Ona görə də İran indiki durumdan maraqları naminə istifadə etmək niyyətindədir. Qərb Rusiya-iran münasibətlərinin sız olduğunu bilir. Eyni zamanda Rusiyaya qarşı sanksiyalar tətbiq edib. İndi Qərbin marağında nə olursa, olsun İranı razı salmaqdır. Mənə elə gəlir ki, Qərb İrana qarşı tətbiq etdiyi sanksiyalarda yumşalma prosesinə baxacaq. Artıq Qərbin bir neçə ölkəsi İranla münasibətlərinə yenidən baxmaq niyyətindədir. Bu isə İranın müttəfiqinə çevrilən Rusiyanın narahatlığına səbəb olub. Ona görə də danışıqların uğurla keçdiyini demələri yalnız tərəflərin sakitləşməsinə hesablanıb. İranın nüvə məsələsi ilə bağlı "altılıqla" apardığı danışıqların heç biri sakitliklə keçməyib. Daim mübahisələrlə müşahidə olunub. Amma tərəflər media qarşısına çıxıb danışıqların yaxşı və ümidverici olduğunu bəyanlayırlar. İran heç vaxt İsrail faktorunu nəzərdən qaçırıb nüvə məsələsində Qərblə razılığa gəlməz. İranın əsas məqsədi bu silahı əldə etməkdir. İran deyir ki, necə ola bilir, sizing əlinizdə nüvə silahı var, amma məndə yoxdur. Ona görə də ABŞ İranla açıq mübarizəyə girmir, çəkinir. Bu gün Vaşinqtonun başı Yaxın və Orta Şərq hadisələrinə və Ukraynaya qarışıb. İranı hələ özünə başağrısı qəbul etməyəcək. Ona görə də danışıqların vaxtı uzadılır. Danışıqlardan Qərbin xeyrinə müsbət heç nə əldə olunmasa, onda ABŞ mütləq İrana sanksiyaları gücləndirəcək və müttəfiqlərini də buna mğcbur edəcək. Obama administrasiyası mövcud zamanda İrana hərbi müdaxilə bilməz".