Əsgər anaları Sarkisyanı ifşa edirlər Dünya

Əsgər anaları Sarkisyanı ifşa edirlər

Ermənistanda əsgərlərin ölüm faktlarını araşdıran yeni təşkilat yaradılıb

Cavid

Ermənistan ordusunda baş verən özbaşınalıq, qeyri-döyüş şəraitində hərbi qulluqçuların bir-birini qətlə yetirmələri, intiharlar, yayılan infeksion xəstəliklər, zorlama və digər bu kimi hadisələri müxtəlif üsullarla ört-basdır etməyə çalışan hakimiyyətin kələklərindən bezən və reallıq axtarışına çıxaraq mənfur hakimiyyəti ifşa etmək üçün müxtəlif təşkilatlar, qruplar, müstəqil araşdırma birlikləri yaranmaqdadır.
Ermənistanın kütləvi informasiya vasitələrinin xəbərinə görə, belə təşkilatlardan biri də bu ilin mart ayında erməni əsgər anaları tərəfindən yaradılmış, ölən hərbi qulluqçuların ölüm səbəblərini araşdıran "Mayreri viştı" ("Anaların ağrısı") təşkilatıdır. Ölənlərin valideynləri övladlarının ölüm səbəblərinin açılmasına Ermənistan hakimiyyətinin neqativ münasibətini və onların "öz həmyerliləri tərəfindən öldürülmə" şübhələrini nəzərə alaraq şəxsi təşəbbüsləri ilə bu faktları araşdırmağa qərar verib. Onların sözlərinə görə təşkilatın yaradılmasına baxmayaraq, dövlət strukturları bu məsələdə də süni maneələr yaradaraq təşkilatın fəaliyyətinə hər cür əngəllər törədir.
"Mayreri viştı" ("Anaların ağrısı") təşkilatının üzvlərindən birinin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi onların mütəmadi zənglərinə heç bir məhəl qoymur, onların hərbi qulluqçuların mövcudluğunun müəyyənləşdirilməsi (onların sağ olub olmadığını öyrənmək) məqsədlərinin qarşısını alır və Qarabağa səfərlərini qadağan edilir.
Təşkilatın nümayəndəsi deyib: "Ermənistan hakimiyyəti faktları və erməni hərbi qulluqçularının ölüm səbəblərini hər vəchlə gizlədir…Valideynlərin bizim təşkilata müraciət ərizələri üzrə uşaqlarının ölümündə şübhələrin və onun gizlədilməsi haqqında malik olduqları məlumatlar, onların alçaldılması və üzərlərində zorakılıq faktları olan dəlillərlə, ad və soyadlarla siyahılar tərtib edərək onların xidmət yerlərinə göndərilir və yaranmış vəziyyəti yerində araşdırmağa çalışırıq… Lakin bütün səylərimizə baxmayaraq bizi ciddiyə almırlar, təhqiqatlarımıza icazə vermirlər və hərbi qulluqçular haqqında istənilən faktları bizdən gizlətməyə çalışırlar…"
Qeyd edək ki, Ermənistan hakimiyyəti, işğal etdiyi Dağlıq Qarabağ ərazisini qapalı rejimdə saxlayır. Bu əraziyə icazəsiz heç bir təşkilatın, KİV nümayəndəsinin, eləcə də Ermənistandan olan təsadüfi şəxsin xüsusi nəzarət altında olmadan daxil olmasına icazə verilmir. Bu səbəbdən işğal zonasında bütün növ qeyri-leqal hərəkətlər - narkotik plantasiyalarının əkilməsindən daşınmasına, terror qruplarının yaradılmasından təlimlərinə qədər hər cür fəaliyyət həyata keçirilir.