Polşaya qarşı təxribat Dünya

Polşaya qarşı təxribat

Kiyevdə Maydanda qətliam törədən snayperlərin bu ölkədə hazırlanması barədə iddialar ortaya atılıb

Cavid

Bir müddət öncə polşalı siyasətçi Yanuş Korve Mikkenin Maydanda ukraynalılara atəş açan snayperlərin Polşada yetişdirildiyini və buraya xüsusi tapşırıqla göndərildiklərini bildirməsi bu gün də günün aktual mövzusudur.
Politoloq Vəfa Quluzadə bildirib ki, bu tipli açıqlamalar konkret məqsədlərə yönəlib və hələ məlum deyil ki, bu şəxsin arxasında kim dayanır.
Sabiq dövlət müşavirin sözlərinə görə, hazırda Rusiya çalışır ki, snayper məsələsini ukraynalıların özlərinin boynuna yıxsın: "Ukraynalılar isə bu məsələdə Yanukoviçi ittiham edirlər. Mən Ukrayna Maydanında iştirak edən snayperlərin Polşada hazırlandığına inanmıram. Məlum idi ki, Ukraynada qarşıdurma gedirdi və bu qarşıdurmadan hakimiyyət güclü istifadə edirdi. Moskvadan da hakimiyyətə sərt göstərişlər gəlirdi ki, gücdən tam istifadə edin. Hətta bir şeyi diqqətinizə çatdırım ki, o dövr Yanukoviç qaçanda Medvedyev əsəbiləşmiş vəziyyətdə onu qorxaq adlandırmışdı. Ona görə də bu cür bəyanatlara inanmağa dəyməz. Əminliklə deyə bilərəm ki, bütün bunların hamısı bir oyundur. Eyni zamanda hələ məlum deyil ki, bu şəxsin arxasında kim dayanır. Ukraynadakı məsələlərin əsli açıq və aydındır. Ukrayna xalqı Avropaya doğru yol seçib, Rusiya isə bu yolun qarşısını alıb. İndi bunun ətrafında nə qədər şayiələr, əfsanələr yaranır, onu bir tək Allah bilir ki, bütün bunları kim edir".
Politoloq Qabil Hüseynlinin fikrincə isə həmin snayperlər "Alfa" qrupunun üzvləridir.
O, bildirib ki, Polşa Maydan hadisələrinin Ukraynanın xeyrinə inkişafında müəyyən xidmətləri olan bir ölkə idi: "Bu iddialar başdan-başa cəfəngiyyatdır. Yanuş hansısa müəyyən ölkənin xüsusi xidmət orqanının xidmətçisi də ola bilər. Polşalılar heç bir zaman Maydandakı insanları güllələməz. Maydan siyasi xarakterli hadisə idi və sifarişlə həyata keçirilmişdi. Hazırda Ukrayna xüsusi xidmət orqanları aşkarlayıb ki, həmin snayperlər "Alfa" qrupunun üzvləridir və Moskvadan xüsusi tapşırıqlar alıblar. Düzdür, bu qrupla yanaşı həmin hadisələrdə Ukrayna xüsusi xidmət orqanlarının işçiləri də iştirak edirdi, ancaq proses bütünlükdə Yanukoviç və onun qəyyumu Rusiyanın maraqlarına xidmət edən qüvvələrin həyata keçirdiyi vandalizm aktı idi. Çünki Rusiya həmin dövrdə Maydanın yatırılması istiqamətində Yanukoviçə hərtərəfli dəstək verirdi. Böyük ehtimalla snayperlər Rusiyadan gətirilmiş "Alfa" xüsusi kəşfiyyat hissələrinin bölmələrindən idi. Polşa isə birmənalı surətdə snayperlərin məhz Rusiyadan gətirildiyinə dair əllərində təkzibedilməz faktların olduğunu bildirir. Polşa demokratik bir cəmiyyətdir və deyilənlər doğru olsaydı, aktın üstü heç vaxt gizli qalmazdı".
Politoloqun sözlərinə görə, bunu başqa cür yozmağın özü hadisələri sapdırmaq olardı: "Bir neçə il bundan öncə başqa bir polyak siyasi partiya nümayəndəsi də elan etmişdi ki, Ukrayna nə qədər zəifləyərsə, bu, Polşanın strateji maraqlarına uyğundur. O, iddia edirdi ki, gələcəkdə inkişaf edən Ukrayna Avropa ailələri sistemində Polşanın rəqibinə çevrilə bilər. Bu da yanlışdır, çünki Avropa Birliyi sistemidə Ukrayna və Polşa slavyan ölkələri kimi bir-birinə daha yaxın ola bilər. Ona görə də bu cür təxribata meyilli Yanuş kimi insanların fikrini şərh etmək o qədər də asan məsələ deyil. Ancaq bunu sağlam təfəkkürlə qiymətləndirdikdə bu iddianın əsasız olduğunu söyləmək mümkündür".
Q.Hüseynli ortaya atılan iddialarda Qərbin hansısa xüsusi bir planının olması məsələsinə də toxunub: "Amerikanın fikri Putini çökdürmək və demokratik inkişaf yolunu tutan Rusiyanın yaradılmasıdır. Yəni Rusiyanı parçalamaq niyyətində də deyil. Çünki nüvə dövləti olan Rusiyanın parçalanması təkcə Amerika üçün deyil, bütün dünyaya təhlükəli ola və nüvə silahına nəzarət itə bilər. Sual oluna bilər ki, bəs indi Amerikaya hansı Rusiya lazımdır? Başını aşağı salıb öz milli sərvətlərinin istismarı ilə məşğul olan, yoxsa, Qərblə normal münasibətlər quran və öz milli məhsulunu əhalisinin maddi rifah üçün ayıran Rusiyamı? Qeyd edim ki, hazırda Rusiya milli məhsuldan əldə etdiyi gəlirin təxminən 60 faizini hərbi xərclərə ayırır. Avropa ölkələri əvvəl Ukrayna uğrunda mübarizəni Avropa uğrunda mübarizə hesab edirdilər. İndi bəziləri, məsələn, Çexiya prezidenti başqa cür fikirlər səsləndirməyə başlayıb. Ancaq Çexiya xalqı onun fikirlərini bölüşmür".
Rusiyalı politoloq Pavel Klaçkov isə deyib ki, Qərb snayper texnologiyasından çoxdan yararlanır.
Onun sözlərinə görə, Qərb demək olar ki, bütün inqilablarda gizli snayperlərdən istifadə edib: "Son illər Polşa Amerika administrasiyasına daha çox loyallıq nümayiş etdirir. Varşava Vaşinqtonu hətta avantüra xarakteri daşımasına baxmayaraq, yerli siyasi addımlarında necə dəstəkləyəcəyini müəyyən edir. Tamamilə dolğun şəkildə demək olar ki, çevrilişləri, inqilablarla məşğul olan təşkilatlara bağlı olan hansısa qaranlıq strategiyaları Vaşinqton bəzən özünün müttəfiqlərinə tapşırır. Xüsusilə bu, o müttəfiqlər ola bilər ki, onlar vassal xüsusiyyətini üzərilərinə götürürlər və istənilən tapşırığı yerinə yetirməyə hazırdırlar. Polşalı siyasətçinin açıqlamasında mən qəribə heç nə görmürəm. Görünməz snayper texnologiyası artıq çoxdan sınaqdan keçirilib. Bu məqamda biz 90-cı illərin əvvəllərində Baltikyanı ölkələrdəki hadisələri xatırlaya bilərik. Orada da eyni cür snayperlər xeyli əməliyyat həyata keçirdilər. Eyni cür vəziyyət Rumıniyada da oldu. Əgər 1993-cü ilin oktyabrında baş verən hadisələrə nəzər yetirsək, orada da müəyyən olunmamış snayperlərin Rusiya xüsusi xidmət orqanlarının işçiləri də daxil olmaqla hər kəsə atəş açdıqlarını görərik. Bu texnologiya artıq çoxdan bəllidir".
Politoloq İlqar Vəlizadə isə söyləyib ki, Ukrayna hadisələrində təkcə Rusiyanın rolu yoxdur.
Onun sözlərinə görə, bunun üçün kifayət qədər dəlillər var: "Qərbin təkcə siyasi müşavirləri yox, hətta hərbçilər də bu böhranda, hadisələrdə iştirak edirlər. Polşanın bu açıqlaması Maydan hadisələrilə məşğul olan insanlar üçün yeni heç nə gətirməyib. Bu rəsmi açıqlama onu göstərir ki, böhran artıq Ukrayna daxilindən çox beynəlxalq müstəviyə çıxır və artıq hətta rəsmilər də onu təsdiqləyirlər. Əgər daha əvvəl onlar bu məsələni ört-basdır edir, belə açıq etirafdan çəkinirdilərsə, indi, görünür, taktika və strategiya dəyişilir. Bu açıqlamadan da qabaq Qərb tərəfdən silahlıların burda iştirak etdikləri barədə şübhələr və dəlillər vardı. Bu, onsuz da məlum idi və vəziyyəti dəyişmirdi. Bu açıqlama isə inanmıram ki, hazırda konfliktin gedişatında hansısa təsirə gətirib çıxarsın. Polşa ilə ABŞ arasında xüsusi münasibətlər var və istisna eləmək olmaz ki, bu məsələdə Birləşmiş Ştatların rolu olmayıb. Çünki hazırda Avropa İttifaqının digər üzvləri Almaniya və Fransa çalışır ki, Ukrayna hadisələri bu və ya digər şəkildə çözülsün. Nəticədə, Rusiya ilə olan böhran tədricən aradan çıxsın. Amma Amerika bunu istəmir. Amerika istəyir ki, Ukrayna böhranında mütləq qalib olsun. Ona görə də Polşa bu oyunda müəyyən rol oynayır. Bu açıqlama da onu göstərir ki, Polşanın bu oyunda rolu heç də ikinci plan rolu deyil. Hazırda Kiyev sammitində Ukraynayla Avropa İttifaqı danışıqlar aparır. Niyə məhz Kiyev sammiti ərəfəsində belə bir açıqlama yayılıb? Deməli, bu açıqlama hansısa mesaj xarakteri daşıyır. Bu mesaj kim tərəfindən verilə bilər? Burada birmənalı olaraq okeanın o tayında olan qüvvələri deyə bilərik ki, bəli, həqiqətən onlar bu konfliktin indiki şərtlərlə çözülməsində maraqlı deyillər. Onlar Ukraynanın qələbə çalmasını istəyir. Ona görə də siyasətçinin bu sözləri buna dəlalət edir ki hazırki gedişat onları qane eləmir".