Ermənistan borc içində boğulur Dünya

Ermənistan borc içində boğulur

Hökumət xaricdə işləyən erməniləri də vergiyə cəlb etməyə hazırlaşır

Cavid

Ermənistanın dövlətinin xarici borcu 4 milyard dollar həddinə çatmaqdadır. Ermənistan KİV bildirir ki, Milli Statistika Xidmətinin hesabatında görə, bu il martın sonlarında ölkənin xarici borcu 3 milyard 925 milyon dollar olub.
Bunun 3,5 milyard dolları hökumətin, 431 milyonu Ermənistan Mərkəzi Bankınındır. Ermənistanın ümumi xarici borcu (təşkilatların da borcları nəzərə alınmaqla) bu gün üçün 8,5 milyard dollar, yaxud ümumi daxili məhsuldan 80 faiz çoxdur.
Ermənistan çıxış yolu aramaqdadır. İşğalçı ölkənin prezidenti ənənəvi olaraq xarici səfərə çıxıb, erməni diaspor təşkilatlarından dilənmək qərarına gəlib. Onun ilk səfəri gələn həftə ABŞ-a olacaq. Ermənistan hökuməti isə həm ölkədə ermənilərin qaçmasının qarşısını almaq, həm də borc içində çabalayan Ermənistanı xilas etmək məqsədilə xaricdə işləyən ermənilərin boynuna "borc" qoymaq niyyətindədir. Belə ki, hökumət xaricdə işləyən vətəndaşların gəlirindən vergi almaq məqsədilə gəlir vergisi və mənfəətdən tutulan vergi qanunlarındakı düzəlişləri əks etdirən qanun layihəsini təqdim edib.
Onun müzakirələri qızğın mübahisələr şəraitində keçib. Düzəlişlər qəbul olunarsa, Rusiya ərazisində əmək müqaviləsi imzalayan və müqaviləyə əsasən, Ermənistandan kənarda hər hansı iş icra edən şəxs Ermənistana 13 faiz həcmində gəlir vergisi ödəməlidir. Bu barədə sənədi parlamentə təqdim edən Ermənistan maliyyə nazirinin müavini Vaxtanq Mirumyan bildirib.
BBC bildirir ki, mənfəətdən vergi tutma qanun layihəsi isə xaricdə tikinti quraşdırma layihələri icra edən hüquqi şəxs və müəssisələrin Ermənistan büdcəsinə 5 faiz həcmində gəlir vergisini verməlidirlər.
Bəzi millət vəkilləri Ermənistan hökumətini ölkədən mühacirətin qarşısını almaq üçün tədbirlər görmək əvəzinə ölkədən kənarda mövsüm işlərinə getməyə məcbur olanların "boynuna vergi yükünü" asmaqda günahlandırır.
Bu, o deməkdir ki, işsiz qalan və vətəndən kənarda, əsasən Rusiya ərazisində Ermənistanda qalan ailələri üçün çörəkpulu qazanmağa məcbur olan yüz minlərlə Ermənistan vətəndaşı qazandığının bir hissəsini də Ermənistan hökumətinə "bəxş etməlidir", qanun layihəsinin opponentləri deyir.
Millət vəkili, sabiq baş nazir Hrant Baqratyan bu kimi "çox ciddi" qanun layihəsinin "başdansovma" qəbul etmək olmaz, dedi.
"Siz Avrasiya İqtisadi İttifaqa üzv olanda üzərinizə öhdəlik götürmüsünüz. Siz bunu nəzərə alırsınızmı? Rusiyadan soruşmusunuz? (…) Bir halda ki, artıq Aİİ üzvüyük, Novosibirsk və ya Rusiyanın başqa hər hansı bir yerində işləyənin orada vergisini ödəməsi faktı ilə barışmalıyıq", – millət vəkili bəyan edib.
Hökumət nümayəndəsi Vaxtanq Mirumyan beləliklə "mühacirətin həvəsləndirilməsi" ehtimalı ilə razı deyil: "Biz həmvətənlərimizin istər-istəməz xaricdə işlədiyini anlayırıq. Biz hüquqi əsas hazırlamaq istəyirik ki, ödənişlər edilsin, və Ermənistan mənfəət əldə etsin".
Rəsmi məlumatlara görə, Ermənistana xaricdən ildə 1,5 – 2 milyard dollar məbləğində pul köçürülür. Qeyri-rəsmi məlumatlara görə, bu məbləğ azı iki dəfə artıqdır.
"Necə ki, Ermənistan mənfəət əldə etmək istəyir? Elə edin ki, insanlar ölkədən qaçmasın, burda işləsin, burda da vergi versinlər", – millət vəkili Hrant Baqratyan etiraz edib.
Qanun layihəsinin əleyhdarları hesab edirlər ki, "inşaat və tikinti quraşdırma işlərini ixrac etməyə cəhd edən hakimiyyət" həmçinin Ermənistana daxil olan fərdi transfertlər üzərinə vergi qoymaq istəyir. Onlar hesab edirlər ki, bu, ölkəni həmişəlik tərk edənlərin sayının artmasına gətirər.



İqtisadçı ekspert Rəşad Həsənov deyib ki, Ermənistan günümüzdə Qafqazın ən zəif iqtisadiyyata malik ölkəsidir. Bunun da əsas səbəblərindən biri məhz Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın öz işğalçı siyasətinin girovluğunda qalmasıdır.
O bildirib ki, Ermənistanın bu günə düşməsi daha çox siyasi səbəblərdən qaynaqlanır: "Qafqazın ən böyük enerji resurslarına malik ölkəsi Azərbaycanla Ermənistanın birbaşa iqtisadi əlaqələri yoxdur. O cümlədən, uzunmüddətli mübarizələrin aparılmasına baxmayaraq, Türkiyə ilə sərhədlərin hələ də açılmaması Ermənistan kimi çox zəif iqtisadi resurslara malik bir ölkənin hazırkı vəziyyətə gəlib çıxmasına səbəb olub. Hazırda bu ölkənin xarici borcu ümumi daxili məhsulda təxminən 43 faizə yaxın paya malikdir. Xatırladım ki, analoji göstərici Azərbaycan üçün 11 faizdir. Yəni 4 milyardlıq bir xarici borc yükü altına girmiş Ermənistan iqtisadiyyatının demək olar ki, ümumdaxili məhsulu cəmi 11 milyard dollardır. Ölkənin dövlət büdcəsinə 2014-cü il üçün cəmi 2,8 milyard dollar gəlir daxil olub. Bu, xarici borclardan 1,7 dəfə azdır. Təbii ki, bu, Ermənistan üçün çox ciddi narahatlıq və böyük çətinliklər yaradır. Düşünürəm ki, bundan sonrakı dövrlərdə də Ermənistanın xarici borclarının artması prosesi tendensiyası davam edəcək. Baxmayaraq ki, xarici borc yükü Rusiyayadır, bu, Ermənistan iqtisadiyyatı, o cümlədən, sıravi ermənilər üçün ciddi bir təhlükəyə çevriləcək".
İqtisadçının sözlərinə görə, Yunanıstana baxanda Ermənistanın gələcək vəziyyətini və ölkəni gözləyən təhlükəni proqnozlaşdırmaq o qədər də çətin deyil: "Xarici borc yükü ilə bağlı yaranmış problemlərin doğuracağı ağır nəticələr bizə Avropa ölkəsi, daha dərin inkişaf yolu keçmiş Yunanıstanı hansı vəziyyətə saldığını göstərir. Burdan da Ermənistanın növbəti illərdə hansı çətinliklərlə üzləşəcəyini öncədən proqnozlaşdıra bilərik. Bu borcların geri qaytarılması Ermənistan vətəndaşına çox baha başa gələcək. Hazırkı situasiyada Ermənistanın bu borcları qaytarmağa heç bir iqtisadi gücü yoxdur. Bir məqamı diqqətinizə çatdırmaq istərdim ki, bu ölkənin xarici ticarət əlaqələrində ixracı cəmi 1,7 milyard dollardır. Yəni dövlət 4 il ixrac etsə belə, ixrac etdiyi məhsulların maya dəyərini bir kənara qoysaq da, öz borcunu ödəmək iqtidarında deyil. Həqiqətən bu ölkə çox çətin vəziyyətdədir. Bunun da əsas səbəbkarı məhz Ermənistan siyasi hakimiyyətinin apardığı uğursuz, eyni zamanda, Azərbaycana qarşı təcavüzkar siyasətin nəticəsidir".