Rusiya Krımın işğalını rəsmiləşdirdi Dünya

Rusiya Krımın işğalını rəsmiləşdirdi

Sabah BMT Baş Assambleyasında Ukraynadakı vəziyyət müzakirə ediləcək

Cavid

Rusiya prezidenti Vladimir Putin Krım Respublikasının Rusiya Federasiyası (RF) tərkibinə daxil edilməsi haqqında müqavilənin imzlanması barədə sərəncam verib. Bu barədə prezidentin mətbuat xidməti rəsmi açıqlama yayıb.
Sərəncamda srağagün keçirilmiş qondarma referendumla Ukraynanın tərkibindən çıxdığını elan etmiş Krım Respublikasının Rusiyanın yeni subyekti olaraq qəbul edilməsi və RF-nin yeni subyektinin yaradılması ilə bağlı göstəriş əksini tapıb.
Sənəddə RF ilə Krım Respublikası arasında Rusiyaya birləşmək barədə saziş təsdiqlənib. Bununla bağlı yüksək səviyyədə saziş imzalanmasına razlıq verilib.
Qeyd edək ki, bundan öncəki gün Putin "Krım Respublikasının tanınması haqda" fərman imzalamışdı.
Maraqlıdır ki, bundan bir gün öncə "Ədalətli Rusiya" fraksiyası isə Krımın Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı Dövlət Dumasına təqdim etdiyi qanun layihəsini geri götürmüşdü. Fraksiya rəhbərliyi bu addımı Venetsiya Komissiyasının mövqeyi ilə əlaqələndirmişdi.
Rusiya Dövlət Dumasının Konstitusiya qanunvericiliyi və dövlət idarəçiliyi daimi komitəsinin sədri Vladimir Pliqin bildirmişdi ki, sənəd geri götürüldükdən müzakirəyə ehtiyac qalmayacaq.
Ukrayna Xarici İşlər Nazirliyi isə dünya ölkələrinə müraciət edərək, Krımın müstəqilliyini tanımamağa çağırıb. Ukrayna XİN-nin rəsmi saytının verdiyi məlumata görə, müraciətdə Krım Muxtar Respublikasının hazırkı rəhbərliyi və martın 16-da burada keçirilən referendum qanunsuz olduğu qeyd olunub.
Müraciətdə vurğulanıb ki, Krımın müstəqilliyinin elan olunması, referenmdumun keçirilməsi və burada separatçı qrupların fəallaşdırılması Rusiya Federasiyasının Ukraynaya qarşı təzyiq vasitəsidir: "Rusiya bu əməli ilə bəlli edir ki, adıçəkilən dövlət bütün dünya üçün nüvə silahına sahib ölkə kimi təhlükəlidir. Bu da bütün dünyada sülhə və sabitliyə ciddi təhlükə yaradır".
XİN beynəlxalq ictimaiyyəti Rusiyanın Ukraynaya qarşı işğalçılıq əməllərini durdurmaq üçün dəstək göstərməyə də çağırıb. Bununla yanaşı Ukrayna Rusiyadakı səfiri Vladimir Yelçenkonu Krım böhranı ətrafında siyasi məsləhətləşmələr aparmaq üçün geri çağırır.
UNİAN agentliyi bildirir ki, qərar rəsmi Kiyev tərəfindən dünən verilib. Xəbəri Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat mərkəzi yayıb.
Sabah isə BMT Baş Assambleyasında Ukraynadakı vəziyyət müzakirə ediləcək. ABŞ mediasına açıqlama verən BMT Baş Assambleyası fəaliyyətdə olan sədri Con Eş də məlumatı təsdiqləyib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının martın 15-də keçirilən yığıncağında Krımdakı referendumla bağlı qurumun sərt qətnamə qəbul etməsinin qarşısı Rusiyanın veto qoyması ilə alınıb.
Dünən son məlumatlar sırasında artıq Dövlət Duması Ukraynanın Krım Muxtar Respublikasının Rusiyaya birləşdirilməsinə dair qərar qəbul edilməsi bildirilib. Dumanın yığıncağında Krımın separatçı rəhbərliyi tərəfindən keçirilən "referendum"un yekun nəticələri dəstəklənib.
Bununla da Rusiya parlamenti yarmadanı Krım Respublikası olaraq, federasiyanın inzibati ərazisinə daxil edib.
Məsələ yaxın vaxtlarda Rusiya Federasiya Şurası tərəfindən də baxılacaq.
Xatırladaq ki, martın 16-da Krım Muxtar Respublikasının separatçı rəhbərliyi tərəfindən "referendum" keçirilib. Qondarma referenduma iki sual çıxarılıb: "Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?" və "Siz Krım Respublikasının 1992-ci il Konstitusiyasının bərpasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?"
Seçicilər "Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?" sualını dəstəkləyib.
Bu arada Türkiyənin baş naziri Ərdoğan da Krımdakı vəziyyətə toxunub. Ərdoğan deyib: "Krımdakı soydaşlarımızı tək qoymarıq. Krım Muxtar Cümhuriyyəti"ndəki soydaşlarımızın hüququnu qorumaq üçün hər zəmində Rusiya Federasiyası ilə görüşlərimizi davam etdirəcəyik. Rusiya Federasiyası ilə yanaşı Almaniya, Azərbaycan və Qazaxstan ilə də görüşlər keçirəcəyik.
Onu da bildirək ki, Moldovadakı separatçı Dnestryanı Respublikasının parlamenti Mixail Burla da bu ərazinin Rusiya Federasiyasının tərkibinə birləşmək məsələsinə baxılmasını xahiş edib. O, Dnestryanı Respublikanın Ali Soveti adından Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edib. Burla xatırladıb ki, 2006-cı ildə Dnestryanıda keçirilən referendumda seçicilərin 97,2 faizi Rusiyaya birləşməyin lehinə səs verib.
Qeyd edək ki, Dnestryanıda artıq rus dili dövlət dili kimi qəbul olunub.
Digər bir məlumata görə, Ukraynanın Donbas vilayətində mərkəzi hakimiyyətə qarşı çıxan rusdilli separatçı qruplar silahlanmağa başlayıb.
Artıq Donbasda blokpostlar qurulub və bu vilayətin bəzi mərkəzi avtomobil yollarını əhatə edib. Postlar "Donbasın xalq dəstələri" və "Faşistləri durdurun" adlı separatçı qruplar tərəfindən təşkil olunub.
Təşkilatçılardan olan Serqey Kovalçuk deyib ki, onlar bununla Ukrayna ordu birləşmələrinin Rusiya sərhəddinə yaxınlaşmasının qarşısını almaq istəyirlər.
Artıq vilayətin Anadol, Artyemovski, Qorlovka qəsəbələri istiqamətindən keçən magistral yollarda postlar qurulub. Separatçılar təəssübkeşlərdən kömək də istəyiblər.
Onu da qeyd edək ki, Krımda keçirilən "referendum" Ermənistanla Dağlıq Qarabağdakı separatçı rejim arasında mövqe fərqi yaradıb. Ukraynadakı prosesləri şərh edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, rəsmi İrəvan problemin sülh yolu ilə həll olunmasını istəyir.
"Ermənistan Ukrayna böhranının BMT-nin Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında, sülh, dilaoq və danışıqlar yolu həll olunmasına tərəfdardır" - deyə Nalbandyan bildirib.
Ukraynadakı böhranın Qarabağ münqaişəsinə hansı təsiri göstərəciyi ilə bağlı sualı cavablandıran XİN başçısı vurğulayıb ki, ermənilər problemin Minsk qrupu çərçivəsində həll olunmasına tərəfdardılar: "Biz sülhə prioritet veririk və münaqişənin ədalətli həll olunmasına ümid edirik".
Bununla yanaşı Nalbandyan "köhnə bayanatı"nı da unutmayıb. O ehtiyatla "Qarabağ xalqının öz müqəddəratını təyin etməsi hüququ"nu da xatırladıb. Dərhal ardınca "biz istisnasız olaraq sülh yolunu dəstəkləyirik" deyib.
Nalbandyan ona ünvanlanmış "İrəvan Krımla bağlı referendumun nəticələrini tanıyacaqmı" sualını cavablandırmaqdan imtina edib.
Dağlıq Qarabağadkı separatçı rejimin isə Krımdakı "referendum"la bağlı mövqeyi rəsmi İrəvandan tam fərqlidir. Qondarma rejimin "XİN"i bəyanat yayaraq, "referendum"un nəticələrini tanıdıqlarını açıqlayıb. Separataçı rejim Krımdakı "referendum"u "xalqların öz müqəddəratını təyinetmə hüququnun növbəti təzahürü" adlandırıb.
Krım "referendum"un nəticəsi olaraq Rusiyaya birşləşdirilməsindən sonra Azərbaycanda da dövlət rəsmiləri arasında narahatlıq yaranıb. Onlar hesab edirlər ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın, beynəlxalq qanunlara məhəl qoymadan atdığı bu addım, Azərbaycana qarşı da atıla bilər. Bununla bağlı Prezident Administrasiyası rəhbərinin müavini, PA beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı bildirib ki, lazımi qurumların Qarabağ münaqişəsini tanımağına baxmayaraq, bu problemin həlli uzadılır: "Münaqişənin həllinin hüquqi əsasları BMT-nin nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü dəstəkləyir. Lakin təəssüf ki, münaqişə hələ də həll olunmamış qalır, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün konkret addımlar ata bilmir".
Millət vəkili Fazil Musatafa isə sosial şəbəkədəki şəxsi səhifəsində bildirir ki, Rusiyanın Krımla bağlı atdığı addım Moskva üçün ağır nəticələrlə yekunlaşacaq: "Krımın işğalına və Ukraynadan ayrılmasına görə bizdə ruh düşkünlüyü yaranıb. İndi Çexiyanın paytaxtı Praqadayam, burada da danışdığım insanlarda Rusiya təhlükəsi barədə narahatlığı sezirəm. Rusiyanı mütləq ciddi cəzalandıracaqlar. Mənim inamım budur. Ermənistan kimi, Rusiya kimi geniş məkanda yaşayan insan yeni ərazilər əldə etməyə yeni bir yük kimi baxır. Berdyayevin "Rusiyanın taleyi" əsərini oxuyanlar bu psixoloji durumu daha aydın sezərlər. Ən əsası da Krım məsələsi ABŞ üçün nüfuz və inad məsələsinə çevrildi. Sona qədər Rusiyanın üzərinə gediləcəyini düşünürəm. Rusiyada Putin gələndən sonra dəyişən iqtisadiyyatın strukturu deyil, sadəcə idarəetmənin hədsiz mərkəzləşməsidir. Texnoloji inkişaf daxili mühit üçün hesablanmış siyasi təbliğat materialından başqa bir şey ifadə etmir. ABŞ-ın illərdir Rusiyanı nəzarətsiz buraxdığını düşünənlər məncə səhvə yol verirlər. Rusiya Krımda çox ciddi bir qarmağa düşüb".