Coğrafiya İnstitutu beynəlxalq konfransa hazırlaşır Hadisə

Coğrafiya İnstitutu beynəlxalq konfransa hazırlaşır

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafıya İnstitutu 70 iliyini qeyd etməyə hazırlaşdığımız AMEA fəaliyyətə başlayanda yaradılan ilk beş elm müəssisəsindən biridir. Bu illər ərzində institutda görkəmli alimlər çalışıb və onlar elmin müxtəlif sahələrində çox mühüm nəticələr əldə ediblər. Həmin elmi nailiyyətləri hesabat şəklində yekunlaşdırmaq məqsədilə Coğrafiya İnstitutunun elmi şurası bu elm müəssisəsinin 70 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb". Bunu Coğrafıya İnstitutu direktorunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə AZƏRTAC-a müsahibəsində bildirib.
E.Əlizadə qeyd edib ki, tədbirlər planına əsasən, Coğrafiya İnstitutu yaradılmasının 70 illiyi münasibətilə Naxçıvan, Şamaxı, İsmayıllı şəhərlərində səyyar elmi-praktik konfranslar keçirib. Yerli icra hakimiyyəti rəhbərlərinin, ziyalıların və mütəxəssislərin iştirakı ilə keçirilən həmin tədbirlərdə Coğrafiya İnstitutu əməkdaşlarının əldə etdikləri mühüm elmi nəticələr barədə məruzələr dinlənilib, həmçinin həmin rayonların coğrafi problemləri geniş müzakirə olunub.
Bundan əlavə, Coğrafiya İnstitutu son iki-üç ildə əldə olunan nailiyyətləri geniş elmi ictimaiyyətə çatdırmaq məqsədilə sentyabrın 17-18-də "Müasir qlobal dəyişmələrə geotəsərrüfat və təbii təsərrüfat sistemlərinin adaptasiya problemləri" mövzusunda beynəlxalq konfrans keçirməyə hazırlaşır. Coğrafıya İnstitutun 70 illiyinə həsr olunan konfransın mövzuları müəyyənləşdirilib, materiallar toplanıb. Bu beynəlxalq tədbirdə Ukrayna, Gürcüstan, Rusiya, Qazaxıstan, Belarus, Bolqarıstan və digər ölkələrdən elm adamlarının iştirakı gözlənilir.
Konfransda "Müasir qlobal dəyişmələr: elmi-nəzəri əsasları, tədqiqat metodları", "Qlobal iqlim dəyişmələri və onların təbii-təsərrüfat sistemlərinə təsiri", "Təbii risk və təhlükələrin landşaft-geomorfoloji sistemlərə təsiri", "Qlobal dəyişmələrin su ehtiyatları ilə təminatda yaratdığı problemlər", "Biomüxtəlifliyin müasir transformasiya istiqamətləri", "Xəzər dənizinin ekocoğrafi problemləri qlobal iqlim dəyişmələrinin məhsuludur", "Təbii-təsərrüfat sistemlərinin müasir şəraitə adaptasiyası məsələləri" və "Qlobal dəyişmələrin yaratdığı sosial-iqtisadi və regional problemlər" və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.