
22 iyulda Azərbaycan mətbuatının yaranmasının 140-cı ildönümü tamam oldu. Əsası 1875-ci ilin bu günündə Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə qoyulan milli mətbuat təkcə Şimalda deyil, həmçinin Güney Azərbaycanda da özünün parlaq illərini yaşayıb. Cənubi Azərbaycan jurnalistikasının araşdırıcısı Pərvanə Məmmədli o tayın jurnalistikasını müxtəlif dövrlərə bölüb. Hər dövrün də özünəməxsus milli mücadiləsi ilə seçilən jurnalist və mətbu orqanları olub. Güneydə mətbuatın əsasını 1858-ci ildə nəşr olunan "Azərbaycan" qəzeti qoyub. Lakin qəzet sosial-siyasi mövzulara qəti toxuna bilməyib, yalnız şah və vəliəhdin saray fəaliyyəti və səyahətlərindən yazıb. Çox keçmədən Arazın o tayında Mirzə Həsən Rüşdiyyə və Cabbar Baxçaban kimi maarifçilərin sayəsində mütərrəqqi mətbuat yaranmağa başladı. "İran maarifinin atası" sayılan Rüşdiyyənin bir çox davamçıları sonradan Güneyin maarif və mətbuatının çiçəklənməsində mühüm rol oynadılar.
"Gəncineyi-fünun" - 1902-ci ildə işıq üzü görən jurnal nəinki Güney Azərbaycanın, bütövlükdə İranın ilk elmi dərgisi hesab olunur. Təbrizdə çıxan jurnalın baş redaktoru Məhəmmədəli Tərbiyət olub. Jurnalda Məhəmməd Şəbüstəri, Həsən Tağızadə, Hüseyn Ədalət kimi maarifçi ziyalılar çıxış ediblər. Jurnal elm və texnika, incəsənət, tarix, ədəbiyyat, qədim mədəniyyətlər və sivilizasiyalar haqqında maraqlı yazılarla çıxış edirdi. Qeyd edək ki, jurnalın baş redaktoru M. Tərbiyyət 1921-25-ci illərdə Cənubi Azərbaycanın maarif naziri olan zaman jurnal fəaliyyətini yenidən bərpa edə bilib.
"Əncümən" qəzeti - 1905-1911-ci il Məşrutə İnqilabının əsas orqanı olan bu qəzet Azərbaycan jurnalistika tarixində önəmli yerlərdən birini tutub. Qəzet 1906-cı ildə Təbrizdə Mirzə Əli Əkbər Vəkilinin redaktorluğu ilə çap olunub. Onun dövründə həftədə iki dəfə, Mahmud Qənizadənin vaxtında isə həftədə üç dəfə çap olunub.
Səttərxan inqilabının əsas tribunası olan bu qəzet İranda azad mətbuat anlayışını ilk qaranquşu sayılıb. Məşrutə inqilabı süquta uğrayandan sonra qəzet də öz işini dayandırıb.
"Azərbaycan" dərgisi - Arazın o tayında "Molla Nəsrəddin" jurnalının təsiri altında yaranan ilk satirik jurnal olub. Dərginin baş redaktoru olan Əliqulu Səfərov Güneydə bir çox qəzetlər də təsis edib. Dərginin "Əzim Əzimzadə"si isə Hüseyn Behzad idi. Onun da karikaturaları sosial siyasi problematikanı özündə əks etdirirdi.
"Suri İsrafil" qəzeti – "Molla Nəsrəddin"in dəsti xəttinə əməl edən mətbu orqanlardan biri də bu qəzet olub. Jurnalın naşirinin Mirzə Qasım xan Təbrizi və redaktoru Ələkbər xan Dehxudannı Avropa təfəkkürlü ziyalı olmaları, "Molla Nəsrəddin" jurnalına müsbət meylləri qəzetin də bu ruhda olmasına gətirib çıxardı. Qeyd edək ki, Dehxuda da Üzeyir bəy Hacıbəyli kimi "Ordan- burdan" başlıqlı satirik yazılar yazırdı.
"Həşərətül-ərz" – 1908-ci ildə Mirzə ağa Təbrizinin redaktorluğu ilə çap edilib. "Azərbaycan" dərgisindən sonra Güneydə ikinci satirik mətbu orqan olub. Qəzetdə rəssamlıq işini Tahirzadə Behzad aparırdı.
"Təcəddüd" qəzeti – Güney Azərbaycan mətbuatı özünün ən parlaq çağlarını 1917-1920-ci illər Milli Azadlıq Hərəkatı zamanı yaşayıb. Təsadüfi deyil ki, böyük Şeyx Məhəmməd Xiyabaninin də publisistik fəaliyyətinin ən parlaq çağı bu illərə aiddir. 1917-ci ildə Təbrizdə sapdan çıxan "Təcəddüd" qəzeti Şeyx Məhəmməd Xiyabaninin inqilabi-fəlsəfi görüşlərini əks etdirirdi. Qəzetə ayrı-ayrı vaxtlarda Tağı Rüfət , Əbülqasım Füyuzat kimi ziyalılar redaktorluq edib. Qəzetin proqramını azadlıq, bərabərlik, elmin təbliği təşkil edirdi. "Təcəddüd" İran tarixində ilk dəfə milli məsələləri ardıcıl surətdə qaldıran qəzet oldu.
"Vətən yolunda" qəzeti - Bu qəzet də yuxarıda adı çəkilən mətbu orqanlar kimi Güney Azərbaycan mətbuat tarixinin əsas nümunələrindən sayılmalıdır. Qəzet çox gərgin və siyasi çaxnaşmalarla zəngin olan bir dövrdə 1941-ci ildə çap olundu. Ən ümdə tərəfi də odur ki, dövrün gərginliyinə baxmayaraq, ana dilində günaşırı işıq üzü görürdü. 1946-cı ilə qədər fəaliyyət göstərən qəzetin Mirzə İbrahimov, Həsən Şahgəldiyev, Rza Quliyev kimi redaktorları olub. Dövrün bir çox ziyalıları Osman Sarıvəlli, Süleyman Rüstəm, Məmməd Rahim, Süleyman Rəhimov, Qılman İlkin, Seyfəddin Dağlı, Əvəz Sadıq o qəzetdə çıxış ediblər. "Vətən yolunda" qəzeti o tayla –bu tay arasında ən böyük körpü rolunu oynamağı bacaran bir mətbu orqan oldu. Həm Şimalın, həm də Cənubun maarif, mətbuat və ədəbiyyatına bir çox görkəmli qələm sahiblərini bağışladı.
"Varlıq" dərgisi – dünyaca məşhur elm və tibb xadimi eləcə də böyük maarifçi Cavad Heyətin 1979-cu ildə təsis etdiyi "Varlıq" dərgisi həqiqətən də milli varlığın ən böyük tərənnümçüsü oldu. Jurnalın təkcə redaksiya heyəti onun nə boyda iş görməsinin əyani sübutudur. Həmin heyətdə Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, İsmayıl Haid kimi böyük simalar var idi. Jurnal fəaliyyəti boyunca bir çox təzyiqlərlə üzləşdi, bir neçə dəfə qapandı. Sevindirici hal budur ki, "Varlıq" dərgisi bu gün də öz fəaliyyətini davam etdirir. Mərhum Cavad Heyətin varisi Riza Heyət "Varlığ"ın varlığını bu gündə qoruyub saxlayır.
Qeyd: Yazıda Pərvanə Məmmədlinin "Cənubi Azərbaycanın mətbuatı tarixi kitabından istifadə edilib.