Damcılı öz halına ağlayır... Hadisə

Damcılı öz halına ağlayır...

Dahi şairimiz Səməd Vurğunun dünyanın səkkizinci, Azərbaycanın birinci möcüzəsi adlandırdığı, Qazax rayonu Daşsalahlı kəndində yerləşən Damcılı bulağı sözün həqiqi mənasında ilin bütün fəsillərində gözoxşayan əsrarəngizliyi ilə Azərbaycanın hər bir nöqtəsindən, hətta ölkəmizin hüdudlarının kənarından bulaq başında kef etməyə, bu fərqliliyi gözləri ilə görməyə gələnlərin zövqünü oxşayır. Kiçik Qafqaz Sıra Dağlarının bir qolu olan, Avey dağının ətəyində yerləşən Damcılı bulağında mənbəyi bəlli olmayan suyun qayaların arasından süzülərək axması həm bura təşrif buyuran turistlərin, həm də ümumən bütün görənlərin maraq və təəccübünə səbəb olur. Damcılının qayaların arasından çıxaraq damcı-damcı axan sularına baxanda bu möhtəşəmliyin yalnız və yalnız ilahi tərəfindən yaradılan gözəlliklərin harmoniyası olduğu fikri beyinlərə hakim kəsilir.
Amma təəssüf hissi ilə qeyd etməliyəm ki, dahilərin, yazarların, şairlərin, bir sözlə, saz-söz adamlarının ilham mənbəyi olan bu möcüzəvi bulaq baxımsızlıq ucbatından çox vaxt söz-söhbətə səbəb olur. Son illər Daşsalahlı kəndinin imkanlı şəxslərinin öz şəxsi hesablarına inşa etdirdikləri "domiklər" yağışlı havada burada dincələnlərin köməyinə yetsə də, qoruq ərazisi hesab olunduğundan təbiiliyin itirilməməsi səbəbilə bu cür dəyişikliklərin edilməsinə bir növ qadağa qoyulduğu fikirləri səsləndi. Səslənən bu cür fikirlərin nə dərəcədə doğru olduğunu dəqiqləşdirməmiş qarşılaşdığım mənzərə və qoruqçu ilə söhbətim deyilənlərin həqiqəti əks etdirdiyini sərgiləmiş oldu. Bu günlərdə Ziya Bünyadovun Azərbaycan tarixi kitabının əvvəlki səhifələrində ilk insan yaşayış məskənlərindən biri kimi qeyd olunan Daşsalahlı mağarasına, eyni zamanda haqqında danışdığımız Damcılı bulağına səfərim oldu. Hər dəfə olduğu kimi budəfəki səfərimdə də "köhnə hamam, köhnə tas" el məsəli özünü göstərirdi. Damcılı qoruğunun qapısından içəri daxil olan kimi kələ-kötür yol əyləşdiyimiz avtomobili dalğalı dənizdə üzən gəmi kimi ləngər vurdururdu. Bir az irəlilədikdən sonra SSRİ dövründə salınan asfalt yola çatsaq da, köhnəliyi hər halından bəlli olan yolun nahamarlığı "təbii ahəngdarlığ"ı qoruyub saxlayırdı. Nəhayət gözlərindən dumduru gilə-gilə yaş süzülən Damcılı bulağına çatırıq. Min illərdir başından qonaq qara əskik olmayan, ora hər qədəm qoyana möcüzəvi suyundan daddıran Damcılı indi öz halına ağlayırdı. Bəli, indi qayaların arasından süzülən damcılar Damcılının öz halına ürək yandırdığı zaman yaranan göz yaşları idi. Ərazinin görünüşü yerli insanların ürək ağrısı ilə qarşıladıqları hala çevrilib. Qoruqçudan bulaq ətrafı ərazinin səhmana salınmamasının səbəbini soruşanda sanki yanıb köz olmuş ocağı qorlandırdım.
Damcılı bulağının qoruq kimi Mədəniyyət və Turizm Nazirliyinin balansında olduğunu bildirən qoruqçu dəfələrlə müraciət edilməsinə baxmayaraq, təbiiliyin itirilməməsi səbəbini əsas gətirdiklərindən və heç bir təmir işlərinin aparılmamasından gileyləndi. Gileylənməkdə haqlı idi də. Çünki onsuz da ərazi əvvəlcədən asfalt örtüklə hamarlaşdırılıb, amma illər keçdikcə müəyyən çökmə və qabarmaların olması göz oxşayan gözəllikləri bir xətlə silir. İndi ora yeni asfalt örtüyün salınması hansı təbiiliyi itirəcək anlamaq olmur. Yəqin düşünülüb ki, köhnə asfalt örtüyün bəzi yerlərində yaranan çökmə və qabarmalar "müasir təbiilik" nümunəsidir. Qoruqda yeni tikililərin inşasına qoyulan qadağanı başa düşsəm də, bəzi çatışmazlıqların aradan qaldırılmasına biganəliyi heç cür anlaya bilmədim. Qoruqçu bir məqamı da qeyd etdi ki, nə aidiyyatı qurumun özü bir iş görür, nə də kəndin imkanlı şəxslərinə imkan verir.
P.S. İmkanlı şəxslərin Damcılıda düzəlişlərinə imkan verilib-verilməməsinə bir söz deyə bilmərəm, amma turizmin inkişafından danışırıqsa, aidiyyatı qurumlar iş görməkdən çəkinməməlidirlər.
P.P.S. Dövlətimizin yürütdüyü siyasəti yaxından dəstəkləyən Qazaxın, xüsusən də Daş salahlı kəndinin hər bir sakini tezliklə bu problemin aradan qalxacağına inanır.

Nicat