"SDQ ya təslim olmalı, ya da Suriya ordusunun tərkibinə qatılmalıdır" Dünya

"SDQ ya təslim olmalı, ya da  Suriya ordusunun tərkibinə qatılmalıdır"

SDQ ilə yeni Suriya hakimiyyəti arasında baş verən toqquşmalar Bəşər Əsəd sonrası Suriyanın gələcək siyasi modeli uğrunda mübarizənin silahlı ifadəsidir.

Bunu xalqcebhesi.az-a politoloq Bakir Həsənbəyli deyib.

O, qeyd edib ki, Suriyada Suriya Demokratik Qüvvələri ilə mərkəzi hakimiyyət arasında baş verən silahlı qarşıdurmanın kökündə artıq Əsəd rejimi dövrünə aid klassik ziddiyyətlər deyil, Əsədin devrilməsindən sonra formalaşan yeni siyasi reallıq dayanır.

Əsədin devrilməsindən sonra Suriyada formalaşan keçid hakimiyyəti əsas prioritet kimi vahid dövlət idarəetməsinin bərpasını, silahlı qrupların mərkəzləşdirilməsini və ölkə daxilində paralel güc mərkəzlərinin ləğvini elan edib. Bu kontekstdə SDQ-nin nəzarət etdiyi ərazilər və onun müstəqil hərbi-siyasi strukturu yeni hakimiyyət üçün əsas təhdid olaraq qalırdı. Keçid hökuməti SDQ-ni milli təhlükəsizlik sisteminə inteqrasiya etməyə cəhd göstərsə də, sonrakı proseslərin gedişatı bu cəhdin nəticəsiz qaldığını göstərdi:

"Belə olan halda, yeni hökumətə SDQ-ni silahlı struktur kimi ləğv etməkdən başqa, faktiki olaraq, çıxış yolu qalmırdı. SDQ isə mövcud vəziyyətdə silahlarını və faktiki idarəetmə imkanlarını itirməyi öz siyasi və fiziki təhlükəsizliyi üçün risk kimi görür. İŞİD-lə mübarizədə oynadığı rol, nəzarət etdiyi ərazilərdə qurduğu özünüidarəetmə sistemi və beynəlxalq dəstək SDQ-nin mövqelərini sərtləşdirir. Bu səbəbdən tərəflər arasında inteqrasiya ilə bağlı razılaşmalar iflasa uğrayıb və qarşıdurma silahlı mərhələyə keçib Suriya ordusunun ölkənin şimal-şərqini nəzarətə götürməsi, şəhər və qəsəbələri arda-arda SDQ-dən azad etməsi böyük regional hadisədir.

Bu həm Suriya lideri Əhməd əş-Şaraa, həm də Türkiyənin uğurudur. Suriyada vətəndaş müharibəsi başladıqda bundan istifadə edən PKK-ya bağlı terrorçu qruplar Suriyanın şimal-şərqini işğal etmişdi. Bu Türkiyəni ciddi narahat edirdi. Çünki, YPG və PYD Türkiyəyə sərhəd əraziləri də ələ keçirmişdi. Türkiyə məhz sərhəd əraziləri terrorçulardan azad etmək üçün Suriya ərazisində bir neçə hərbi əməliyyat həyata keçirdi.

PKK-nın Suriyadakı uzantıları olan YPG və PYD sonrakı illərdə Vaşinqtonun təklifi ilə adını Suriya Demokratik Qüvvələri şəkilndə dəyişdi. Yeni adın qoyulmasında birinci məqsəd Türkiyənin narahatlığını azaltmaq, ikinci məqsəd bu ad altında Suriyadakı digər etnik qrupları birləşdirmək idi. Vaşinqton və SDQ hər iki məqsədə nail olmadılar, nə Türkiyənin narahatlığı azaldı, nə də digər etnik qruplar şəhərlərinin SDQ tərəfindən nəzarətini qəbul etdilər.

ABŞ Suriya liderinə ölkənin şimal-şərqini azad etməsinə mane olmadı. Halbuki, SDQ-ni son illərə qədər Pentaqon və Dövlət Departamenti himayə edirdi. İsrail də PKK-nın uzantılarına dəstək verirdi. Ancaq ABŞ Prezidenti Donald Tramp sonda Türkiyə və Suriya lideri Əhməd əş-Şaraanı seçdi və SDQ əsas himayədarını itirdi. Vaşinqton kənara çəkildikdən sonra SDQ-yə dəstək verən İsrail də heç nə edə bilmədi. Suriya ordusu su, elektrik və neft yataqlarını da nəzarətə götürdü. Bununla SDQ gəlir imkanlarını itirdi və maliyyə resursları olmadan Dəməşqdən böyük muxtariyyət tələb edə bilməyəcək. Bundan sonra SDQ ya təslim olmalı, ya da əvvəlki razılaşmaya əsasən Suriya ordusunun tərkibinə qatılmalıdır. Suriyada SDQ amilinin ortadan qaldırılması PKK-nın da təslim olması prosesini sürətləndirməlidir".

Cavid