Dünya İqtisadi Forumu: Azərbaycan rəqabət qabiliyyətini artırmağa çalışan ölkələr sırasındadır İqtisadiyyat

Dünya İqtisadi Forumu: Azərbaycan rəqabət qabiliyyətini artırmağa çalışan ölkələr sırasındadır

Dünya İqtisadi Forumu (WEF) Azərbaycanı Mərkəzi Asiya regionunda iqtisadiyyatda rəqabət qabiliyyətinin artırılması istiqamətində addımlar atan ölkələrdən biri kimi qiymətləndirilir.

"APA-Economics” xəbər verir ki, Forumun hesabatında Özbəkistan və Azərbaycan regionun iqtisadi potensialını gücləndirməyə çalışan ölkələr kimi göstərilib. Amma bu istiqamətdə irəliləyişin region üzrə bərabər olmadığı qeyd olunur.

WEF hesabatında Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development - EBRD) proqnozlarına istinad edilərək bildirilir ki, Mərkəzi Asiyada ümumi iqtisadi artımın 2026-cı ildə 5,2% təşkil edəcəyi gözlənilir. Proqnoza görə, artımda Qırğızıstan və Tacikistan ön sırada olacaq, Özbəkistan sabit artım nümayiş etdirəcək, Qazaxıstan isə artım tempinin zəifləməsinə baxmayaraq bir çox oxşar ölkələri qabaqlayacaq.

Hesabatda qeyd olunur ki, region üzrə sorğuda iştirak edən baş iqtisadçı respondentlərin 59 faizi qarşıdakı ildə orta səviyyəli iqtisadi artım gözləyir. Bununla yanaşı, güclü və çox güclü artım gözləyənlərin payı əvvəlki hesabatla müqayisədə iki dəfədən çox artıb.

WEF-in sorğusuna əsasən, regionda respondentlərin təxminən 40 faizi süni intellektə yatırımların iqtisadi artıma az və ya çox az təsir göstərəcəyini düşünür. Eyni zamanda, respondentlərin 79 faizi 2026-cı ildə orta səviyyəli inflyasiya gözlədiyini bildirib.

Baş iqtisadçıların 85 faizi Mərkəzi Asiyada pul siyasətində, respondentlərin 88 faizi isə fiskal siyasətdə dəyişiklik gözləmədiklərini qeyd edib.