“İnformasiya təhlükəsizliyi kompleks anlayışdır” Hadisə

“İnformasiya təhlükəsizliyi kompleks anlayışdır”

Elçin Mirzəbəyli: "Bu məsələdə güzəştsiz mövqe tutmaq lazımdır"


Ölkə mediasında həqiqətdən uzaq, heç bir fakta söykənməyən məlumatların sayı durmadan artır. Xüsusilə, belə informasiyalar qeyri-ciddi internet resursları tərəfindən yayılmaqda davam edir. Məsələ ilə bağlı artıq dövlətin müəyyən strukturlarının narahatlığı ifadə olunub. Bəs, bu barədə aparıcı media rəhbərləri nə düşünür?
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, informasiya cəmiyyətində informasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentidir. Onun fikrincə, informasiyaya sadəcə məlumatlandırıcı bir mənbə kimi deyil, strateji məhsul kimi baxmaq lazımdır: "Xüsusən, indiki şəraitdə dezinformasiyalar cəmiyyətdə qeyri-obyektiv ictimai şüuru formalaşdırır. Bu isə dövlətə münasibətdə, vətəndaşların digər vətəndaşlara münasibətində ciddi deqredasiyalar, pozulmuş mənəvi ictimai mühit yaradır. Ona görə də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi fikirlər tamamilə doğrudur. Biz dərk etməliyik ki, hüquqi dövlətdə yaşayırıq və peşəmiz nə olur olsun, mütləq bütün məsələlərə fəaliyyətimizdə hüquqi aspektdən qiymət verməyi bacarmalıyıq. Yəni vətəndaşların hüquqi şüuru ən azı informativ şüuru qədər intellektli olmalıdır. Çünki biz bilirik ki, söz və mətbuat azadlığı Azərbaycanda konstitusion aktlarda təmin edilib. Amma eyni zamanda hər bir vətəndaşın da azad yaşamaq, öz fərdi həyatını qorumaq hüququ qanunlarda öz əksini tapıb. Ona görə də başqasının şəxsi həyatına qarışacaq, qeyri-ciddi əsaslarda ittiham edəcək informasiyalara mətbuat yol verməməlidir. Xüsusən də, internet resursları və vətəndaş jurnalistikası bundan çəkinməlidir. Biz demokratiyanı və söz azadlığını normalar kimi deyil, həyat tərzi kimi mənimsəməliyik ki, birbaşa fəaliyyətimizdə də buna yol verməyək".
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, informasiya təhlükəsizliyi kompleks bir anlayışdır. Onun fikrincə, bunun yalnız media ilə bağlanması yanlış olardı: "Bu sahəyə ölkənin bütün informasiya məkanını əhatə edən amillər daxildir. O cümlədən də internet, internet təminatı və sairə. Yəni bu problemləri nəzərə alanda son günlərdə Azərbaycanda internetlə bağlı yaranmış məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, bu da informasiya təhlükəsizliyinin bir parçası deməkdir. Bu baxımdan bu sahədə alternativlərin olmasını xüsusi olaraq qeyd etmək istəyirəm və internet təhlükəsizliyinin təmin olunması üçün bir neçə istiqamətdə alternativ layihələrin həyata keçirilməsinə ehtiyac var". Elçin Mirzəbəyli "reket mətbuat" deyil, "mətbuatdan reketçilik yolu ilə istifadə edən cinayətkarlar" kimi adlandırılmanın daha doğru olduğunu diqqətə çatdırıb: "Bu məsələlərdə artıq ictimai qınaqdan daha üst bir mərhələyə keçməyə ehtiyac var. Azərbaycan Mətbuat Şurası bu illər ərzində reket mətbuata qarşı əlindən gələni edib. Yəni onların hazırladığı "qara siyahı" və buna uyğun olaraq ictimai qınaqla bağlı təbliğatın aparılması effektiv nəticə verib. Amma bu reketçilik mediada bədxassəli şiş kimidir, bir tərəfdən kəsib atırsan, digər tərəfdən metastaz verir. Bu baxımdan onların müalicəsi sadəcə mümkün deyil, cərrahiyyə əməliyyatı da artıq kömək eləmir. Ona görə də bu məsələyə hüquqi mexanizmlərlə nöqtə qoymaq lazımdır. Qanunvericilikdə bu cür problemlərin qarşısının alınması üçün kifayət qədər müddəalar var. Lakin müddəaların həyata keçirilməsi üçün mexanizmlər həddən artıq çox vaxt aparır. Tutaq ki, bir sayt ardıcıl şəkildə şantaj xarakterli məlumatlar yayırsa, onun bu fəaliyyətinin qarşısının alınması üçün mövcud olan mexanizm daha çox vaxt aparır. Hesab edirəm ki, ilk növbədə bu məsələyə müdaxilə imkanları tanınmalıdır. Konkret media vasitəsilə reketçiliklə məşğul olan və yaxud Azərbaycan dövlətinin maraqlarına qarşı çıxış edən cinayətkar qrupların fəaliyyətinə fərqli müstəvidə qiymət verilməlidir. Onlar mediadan öz cinayətkar əməlləri üçün istifadə edirlər, prinsipcə onların mediaya aidiyyatı yoxdur. Bunlar mətbuat çətiri altında gizlənirlər. Bu məsələlərdə həm media aktiv şəkildə fəaliyyət göstərməli və bu qrupların ifşa olunmasına çalışmalıdırlar. Mətbuat Şurasına üzv olan, peşə etikasına əməl edən, Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən ölkənin aparıcı media qurumları bu məsələdə birgə fəaliyyət göstərməlidirlər və bu məsələdə güzəştsiz mövqe tutmaq lazımdır. Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da narahatlığı məhz buradan qaynaqlanır".