Nardaranda qayda-qanun yaradıldı Hadisə

Nardaranda qayda-qanun yaradıldı

Dünən Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçirib.
Nardarana giriş-çıxış, həmçinin qəsəbənin içi polis tərəfindən tam nəzarətə götürülüb. Əraziyə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları cəlb edilib.
Qəsəbəyə daxili işlər nazirinin müavini Vilayət Eyvazov da gəlib.
Vilayət Eyvazov sakinlərlə profilaktik söhbət aparıb. Onları polisin qanuni tələblərinə əməl etməyə çağırıb.
Vilayət Eyvazov Nardaranda qəsəbə əhalisi arasında silah olduğu ehtimal edilən şəxslərə müraciət edib.
Vilayət Eyvazov konkret siyahı əsasında bir qrup şəxsdən silahları dövlətə qaytarmağı tələb edib: "Bilirik ki, silah var. Həmin silahları dövlətə təhvil verin".
Xatırladaq ki, nazir müavini qəsəbədə keçirilən xüsusi əməliyyatın nəticələri ilə maraqlanıb.

Polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb. Saxlanılanlar var. Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb.
Qəsəbəsinin mərkəzində, o cümlədən meydanlarda dini simvollar və dini bayraqlar sökülüb.
Söküntü işlərini Bakı Şəhər İcra Hakimiyyəti və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri həyata keçirib.
Bununla yanaşı, qəsəbənin küçə və meydanlar radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib.