“Onun bu fikirləri millət vəkilinə yaraşmır” Hadisə

“Onun bu fikirləri millət vəkilinə yaraşmır”

Həmkarları Etibar Hüseynovu qınadılar

Millət vəkili Etibar Hüseynovun ANS telekanalının efirindən qaçqın və köçkünlərin Bakı mühitini korlaması barədə fikirləri ciddi etirazlara səbəb olub.
Etibar Hüseynov doğma torpaqlarını itirmiş insanlar haqqında efirdən dediyi "ac-yalavac", "təhsilsiz", "mədəniyyət görmədilər" və s. kimi ifadələrin ardından özünün Fasebook səhifəsində ona irad bildirən qarabağlıları Suriyaya döyüşməyə gedənlərlə müqayisə edib və ikincilərin əmr gözləmədiklərini vurğulayıb: "Əgər aranızda belə qeyrəti qıcqıranlar varsa, onda bunu nümayiş etdirmək üçün Fasebook meydanına deyil, bu gün hələ də işğal altında olan müqəddəs Qarabağ meydanına üz tutun".
Bu arada Qarabağ müharibəsi veteranı Vaqif Əlisoy Milli Məclisə Qarabağdan seçilmiş deputatlara müraciət ünvanlayaraq, Etibar Hüseynovun məsuliyyət məsələsini Milli Məclis rəhbərliyi qarşısında qaldırmağı xahiş edib.
"Qaçqın və Məcburi Köçkünlərin Müdafiəsi" İctimai Birliyinin sədri Əhməd Cəlaloğlu millət vəkili ilə bağlı təcili tədbirlər görülməli olduğunu bildirib: "11 il Azərbaycan ordusunda qulluq etmişəm. 1992-ci ildən Sumqayıt ərazisində məskunlaşmışıq. Öz doğma yurdlarından didərgin düşən insanlar haqqında bir deputatın bu cür insanları aşağılaması rüsvayçılıqdır. O, bir millət vəkilinə uyğun olmayan ifadələrlə bütün qarabağlıları təhqir edib və hissiyatımıza toxunub. Bu deputat üzr istəməli və onun mandatı ləğv olunmalıdır. Əks halda, qarabağlıların qəzəbindən qurtula bilməyəcək. Əhatəmizdə olan köçkünlər çox qəzəblidir. Artıq bu barədə dövlət tədbir görməsə, biz əlavə tədbirlər planlaşdırmağı düşünürük".
YAP Siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də deputat həmkarı Etibar Hüseynovun qaçqınları təhqir etməsinə etirazını bildirib. Aydın Mirzəzadə bu barədə özünün facebook hesabında yazıb: "Milli Məclisin deputatı Etibar Hüseynovun qaçqınların Bakı mühitini korlaması barədə fikirlərinə qəti etiraz edirəm. Onun telekanalların birində çıxışının videosunu izlədim. Parlament üzvü bu cür çıxışlar etməməlidir. Qaçqınlar haqqında dediyi epitetlərə öz qəti etirazımı bildirirəm. Xalqı bölmək, bölgəni-bölgəyə qarşı qoymaq yolverilməzdir. Bakı bütün Azərbaycan xalqının şəhəridir, Bakı mühitini bütün xalqımız öz mədəniyyəti, dəyərləri ilə birlikdə yaradıb, onun tanınmasında hər bir bölgənin, hər bir sosial qrupun böyük zəhməti olub. Bütün böyük şəhərlər bölgələrdən gələn insanların hesabına böyüyür, onların gətirdiyi mədəniyyətin hesabına mədəniyyətini zənginləşdirir. Təəssüf edirəm ki, veriliş zamanı onun səsləndirdiyi mövqeyə etiraz bildirilmədi, qaçqınlar haqqında əsassız fikirlərə yol verildi. Gücümüz hamımızın qaçqın, hamımızın bakılı, hamımızın naxçıvanlı, hamımızın ümumilikdə azərbaycanlı olmağımızdadır".
Şərqşünas Seyid Camal Əzimbəyli də sözügedən açıqlamanı kəskin tənqid edib. Onun fikrincə, bu cür yanaşma millət vəkilinə yaraşmır: "Son dövrlər bəzi millət vəkilləri danışıqlarını redaktə etmədən millətin milli qüruruna, mənəviyyatına belə təsir edəcək nalayiq ifadələr işlədirlər. Millət vəkili statusu qazanmış bir insanın belə ifadələr işlətməsi utancvericidir. Adını belə dilimə gətirmək istəmədiyim həmin deputatın Azərbaycanın bir parçası olan qarabağlılar və digər qaçqın düşən soydaşlarımız haqqında nalayiq ifadələr işlətməsi onun tərbiyəsinin göstəricisidir. Sözügedən açıqlamaya nəinki Qarabağdan, o cümlədən digər bölgələrdən olan ziyalılar öz münasibətini bildirməlidir. Televiziya ilə kifayətlənməyib, sosial şəbəkələrdə də müəyyən açıqlamalarla çıxış etməsi bu adamın açıq şəkildə millət, dövlət adına danışmaq haqqının olmamasının göstəricisini ortaya qoymuş olur. Hər bir ziyalı, düşünən şəxs və millət vəkili bu məsələdə mövqeyini sərgiləməlidir. Hesab edirəm ki, o sözügedən açıqlaması ilə bütövlükdə Azərbaycan xalqını təhqir edib. Onun bu məsuliyyətsiz çıxışı bir millət adına həqarətdir. Belə bir adamın parlamentdə millət vəkili statusunda çıxış etməsi isə yolverilməzdir".
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əslən qarabağlı olan Zaur Əliyevin də məsələyə münasibəti maraqlı olub: "Millət vəkili Etibar Hüseynovun bazar günü ANS TV-də efirə gedən "Rövşanə ilə hər bazar" verilişində söylədiyi fikirləri sosial mediada izlədim. Düzü, Milli Məclisdə təmsil olunan bu şəxsin bu cür danışması və ən azından, təmsil olunduğu qurumda millət vəkilinin hansı hüquqlara malik olması haqqında biliyə malik olmaması məni təəccübləndirmədi. Təsadüfi insandır, düşüb ora. Ondan bu cür savad gözləmək də olmaz. Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində yazılıb: "Deputat etikası-deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməlidir", 4 il müddətində millət vəkili kürsüsündə əyləşən Etibar Hüseynov bəyəm qanunu bilmir? Ona kim ixtiyar verib ki, efirdə qarabağlılar haqqında "müasirliyə aidiyyəti olmayan, ac-yalavac, əksəriyyəti nəinki televizor, heç radio görməyən adamlar o vaxt Bakıya gəldilər..." sözlərini desin".
Qarabağlı millət vəkilləri də məsələylə bağlı açıqlama veriblər.
Millət vəkili Aqil Abbas bildirib ki, bu sözü bir müddət bundan öncə Rüstəm İbrahimbəyov da dilə gətirmişdi: "Mən onda da ona öz cavabımı vermişdim. Görünür kimsə Rüstəm İbrahimbəyovun ayaqqabısını geyinmək istəyir. Qaldıki, Bakıdan nə yahudilər, nə rusdillilər nə də ki, başqa xalqlar köçməyib. Qarabağ müharibəsi illərində Bakıdan ancaq ermənilər köçüb. Digər bir tərəfdən görünür Etibarın Qarabağ mədəniyyəti haqqında informasiyası azdır. İmkanı varsa oturub, Qarabağ mədəniyyəti haqqında oxusun. Və görsün ki, Üzeyir Hacıbəyov haralıdır, Molla Pənah Vaqif haralıdır, Natəvan haralıdır, Əhməd bəy Ağayev haralıdır, Polad Bülbüloğlu haralıdır, Bülbül haralıdır, Fərhad Bədərbəyli haralıdır, Şəmsi Bədərbəyli haralıdır, Süleyman Rəhimov haralıdır, Dədə Şəmşir haralıdır, Ramiz Rövşən və yüzlərlə adını sadalaya bilmədiyim dahilər haralıdır. Etibar qarabağlılardan biraz mədəniyyət öyrənsəydi belə sözlər işlətməzdi".
Deputat Bəxtiyar Sadıqov bu mövzu ilə bağlı təəssüf hissi keçirdiyini vurğulayıb: "Fasebook-da nə yazıldığını bilmirəm. Ancaq ANS-də qaçqınlar haqqında danışıb. Burada söhbət təkcə qaçqınlardan getmir. Qarabağlılar məcburi köçkünlərdir. Etibar Hüseynovun Milli Məclisdə səsləndirdiyi fikirləri öz daimi yaşayış yerindən didərgin düşmüş 1 milyondan çox qaçqına və məcburi köçkünə ünvanlayıb. Çox təəsssüf doğuran haldır. Bəlkə də, millət vəkili kimi öz fikrini tam bildirmək iqtidarında deyil. Bir jurnalist kimi təəssüf edirəm... O, hələ başa düşmür ki, həmin insanlar heç iş tapa bilmirlər, villa sahiblərinin evində gözətçi işləyirlər. Bu dəqiqə Azərbaycanda xüsusi mülkiyyət saxlamaq hüququ verilib. Hər adamın bir neçə evi, mülkiyyəti ola bilər. Bu şeylər ona çatmır. ANS-də danışanda deyib ki, onların səviyyələri olmayıb. Hələ bu insana çatmayıb ki, Azərbaycanda olan ziyalıların əksəriyyəti regionlardan olanlardır. Bakıda da görkəmli ziyalılar var. Biz regional mənsubiyyətinə görə insanlara qiymət verə bilmərik. Etibar Hüseynov bilmir ki, regionda yaşayan, səviyyəsiz deyil. Qaçqın və köçkünlərin sırasında gözəl ziyalılarımız, müxtəlif ixtisas sahibləri var. Guya qaçqın və məcburi köçkünlər Bakıya gəlməklə paytaxtda ümumi səviyyə aşağı düşdü. Millət vəkili harada nə danışırsa, bu, öz işidir. Ancaq bu danışan jurnalistdir. Mən müharibə iştirakçısıyam, müharibə görmüşəm. İnsanlar torpaqlarını, vətənini qorumaq üçün hansı fədakarklıqları ediblər... Kişili, qadınlı sona qədər didərgin düşməmək üçün mübarizə göstəriblər. Arxasında o qədər gücü olan erməniyə güc gələ bilməyiblər. Yaxşı olar ki, əvvəlcə danışdığın mövzunu öyrənəsən, rəy verdiyin insanları tanıyasan, ondan sonra bu cür açıqlama yaradasan".
Millət vəkili Astan Şahverdiyev "mənim o insana daimi mənfi münasibətim olub. Deputat seçilsə də, fikrim dəyişməyib",-deyə vurğulayıb: "Çox məsuliyyətsiz adamdır. Ağlına nə gəlirsə, danışır. Qaçqın və məcburi köçkünlərlə bağlı dəfələrlə belə fikirlər səsləndirib. Hələ bir dəfə dedi ki, qaçqınlar hamıdan əvvəl qaçıb gəlib, özlərinə villalar tikiblər. O insan ağıldankəmdir. Bir dəfə Milli Məclisdə bildirdi ki, deputat nişanını taxmaqdan xəcalət çəkir. Sabir Rüstəmxanlı da ona cavabını verdi ki, heç sən ona layiq deyilsən. Etibar Hüseynovu icitimaiyyət bu cür tanıyır".
Millət vəkili Elman Məmmədov bildirib ki, bu cür fikirləri ilə Etibar Hüseynov cəmiyyəti parçalanmağa sövq edir: "Hər hansı bir vətəndaş, xüsusilə də mandatı olan millət vəkili danışanda, hər hansı məsələyə münasibət bildirəndə, gərək diqqətli ola. Azərbaycan hüquqi, demokratik dövlətdir. Azərbaycan vətəndaşları nə hərəkət etsələr, qanun çərçivəsində olmalıdır. Etibar Hüseynovun o fikri mənə belə deməyə imkan verir ki, o dövlət vətəndaşlarını, qanuna, qanunçuluğa, prezidentimizə qarşı itaətsizliyə çağırır... Onun bu fikri ilə cəmiyyəti parçalanmağa sövq edir ki, guya, o topaqlar ancaq qarabağlılarındır. Bu, ən zərərli fikirlərdən biridir. Mən bir millət vəkili, məcburi köçkün kimi çox təəsüf edirəm ki, mənimlə birlikdə millət vəkili adını daşıyan bir insan yalnış fikirlərə, yalnış ifadələrə yol verir. Mən onun bu fikirlərini çox pisləyirəm".

Əli