İrəvan xatirələri Hadisə

İrəvan xatirələri

Mərhum professor İsrafil Abbaslı indi "Ermənistan" adlanan əzəli türk-Azərbaycan torpağında – İrəvanda doğulub, burada ilk və ali təhsilini alıb. Uzun illər Azərbaycan ədəbiyyatı, folkloru ilə bağlı araşdırmalar aparıb. Bildirək ki, o, Ermənistandakı əlyazmalar institutu Matenadaranda araşdırma aparmış aydınımızdır. Onun xatirəsini təqdim edirik.

I yazı

Şəcərə hər bir tayfanın, nəslin soykökünün başlanğıcına aparan yoldur. İnsanın tarixi keçmişində, qan yaddaşında böyük rol oynayır. Yaşlı adamlar deyərdilər ki, hər kəs ən azı yeddiarxadönənini, yəni yeddi babasını tanımalıdır. Amma etiraf etməliyik ki, çoxumuz nəinki yeddi babasını, heç üç-dörd babasını da tanımır. Çünki keçmişdə uşaq anadan olanda onun doğum tarixi rəsmi bir dəftərə qeyd edilmirdi. Bəzi hallarda dünyaya göz açan körpənin doğum tarixini sadəcə olaraq hər hansı bir təbiət hadisəsi ilə xatırlayırdılar. Məsələn, "Filankəs yazda güclü sel gələndə anadan olub", yaxud "Bayrama on gün qalmış doğulub" və s. Bu bilgilər özündə dəqiq tarixi əks etdirmirdi. Bu, hətta yola saldığımız iyirminci yüzilliyin əvvəllərinə kimi belə davam edib. Ancaq bəzi ailələrdə uşağın anadan olması (adı, atasının adı, soyadı, anadan olduğu il) tarixi mis sininin kənarına qeyd edilirdi. Məcməyi deyilən bu iri sinilərin ətrafına nəslin tarixində önəmli hadisə olan başqa tarixlər də yazılırdı. Maraqlıdır ki, bu tarixi gələnək nişan, toy mərasimlərində də özünü qoruyub. Adətən toy məclisi başlanmamışdan öncə məclis sahibi xeyir işə adamları çağırmaq üçün carçıya ətrafı yazılı məcməyini verir, ondan həmin adamları məclisə dəvət etməyi xahiş edirdi. Bu yolla carçı sininin ətrafına adı yazılanların toy şənliyinə dəvətli olduqlarını bildirirdi. Adamların adları sininin dairəsinə ona görə qeyd olunurdu ki, burada "dal, qabaq" söhbəti olmasın. Daha doğrusu, kimsə deməsin ki, mən filankəsdən adlı-sanlı adamam, niyə mənim adım ondan əvvəl deyil, axırda yazılıb. Adların sininin ətrafına dairəvi qeyd olunması hamıya toy sahibinin eyni sayğı göstərdiyini bildirirdi, bu, əlavə söhbətlərin yaranmasına imkan vermirdi. Sonralar "dəyirmi stol" məsələsi olsun ki, elə bu qeyd etdiyimiz məcməyi əhvalatından sonra formalaşıb. İndi zirvə görüşlərində çox vaxt mühüm məsələləri həll etmək üçün bu ənənədən istifadə olunur.
Ermənilərdə şəcərə məsələsi bizdəkindən fərqlidir. Mən bunu bir təsadüf nəticəsində öyrəndim. Anam təqaüdə çıxanda onun doğum tarixinin ili göstərilsə də, tarixin ayı qeyd edilməyib. Bununla bağlı mən İrəvan arxivinə getdim. Orda məmura nədən ötrü gəldiyimi erməni dilində anlatdığımdan o mənə belə dedi:
– Siz heç narahat olmayın. Siz mənə bircə hansı kilsədə xaç suyuna salındığını deyin, kifayətdir. Biz sizə lazım olan sənədi dərhal tapaq.
Mən o saat mətləbi anladım, məmur məni erməni zənn etdiyindən xaç suyuna salınma məsələsinin mahiyyətini mənə ətraflı danışdı. Onun dediklərindən aydın oldu ki, hər bir erməni uşağı anadan olandan sonra xaç suyuna salınan kimi dərhal kilsə dəftərinə uşağın adı, atasının adı, soyadı, doğulduğu tarix qeyd olunur. Sonralar bu kilsə dəftərləri arxiv sənədlərinə çevrilir.
Mənim mənsub olduğum soy-kök, şəcərə də dəqiq bəlli deyil. Bəlli olan budur ki, Kəlvayı (Kərbalayi) Abbas İrəvanın tanınmış tacirlərindən olub. Şəhərdə əhali arasında duz alveri ilə məşğul olduğuna görə o, duzçu Abbas adı ilə tanınıb. Kəlvayı Abbasın İrəvanda İyirmialtılar bağının yerində duz dükanları varmış. Onun bir qızı, iki oğlu olub. Babam türkəçarəni yaxşı bilirmiş. Amma bu barədə mən də çox şey bilmirəm. Eşitdiyimə görə babam həmişə xəstələnən uşağı su quyusunun başında əyləşdirib onun başına soyuq quyu suyu tökərmiş. Bundan sonra uşağı yorğan-döşəyə salıb, üst-başını yaxşı örtərmişlər. Xəstələr tez sağalarmış. Babam çox nəcib, abırlı adam olduğundan heç vaxt nalayiq sözlər söyləməz, xəstələri gülərüzlə qarşılayıb özünəməxsus üsulla müalicə edərmiş. Nənəmin dediklərinə görə, ana tərəfim Əştərəkdəndir. Onlara osmanlılar deyiblər. Bu tayfanın adamları Alosmandan (Türkiyə) gəlmişdilər, yoxsa onların ulu babalarının adı Osman olmuşdu. Bu dəqiq bəlli deyil. Nənəm deyirdi ki, Üşü davasında ermənilərlə döyüşdə beş qardaşım həlak oldu.
Atam (İsmayıl) İrəvanda tanınmış adam olub. Şəhərdə maliyyə, vergi müfəttişi işləyib. Müharibə başlayanda onu divan-dərəyə çağırıblar. Ona nə deyiblərsə, atam həmin gün evə çox məyus qayıdıb. Xalama deyib ki, vəziyyət pisdi. Mənim iki yolum var, ya gərək burda qalım, ya da müharibəyə gedim. Bu "qalmaq" məsələsi qəliz məsələdir, hökumətin "gözü" olmaq gərəkdir. Elə buna görə də mən ikinci yolu seçdim - müharibəyə gedəcəyəm. Atam müharibəyə getmiş, 1942-ci ildə onun qara kağızı gəlib. Mən anamın himayəsində böyümüşəm.
Xalam çox cəfakeş qadın, yaxşı müəllimə idi. Uzun müddət məktəb direktoru işlədi. Mən ona "xala" deyil, "bacı" deyə müraciət edirdim. O, 1988-ci ildə 67 yaşında vəfat etdi. Nənəm, Telli Salmanova Hüseyn qızı olduqca maraqlı insan, yaxşı ailə başçısı, sözün əsl mənasında mehriban ana, ipək təbiətli nənə idi. Nənəmin dediyinə görə onu on iki yaşında ərə vermişdilər.
İrəvana, nənəmin yanına getmişdim. Həm də burada evimiz məktəbə çox yaxın idi. Maraqlıdır ki, atam müharibəyə gedib qayıtmayandan sonra adamlar məni "Telli arvadın nəvəsi" kimi tanıyırdılar. Nənəmin camaat arasında böyük hörməti vardı. Nənəm dindar olduğundan həmişə çadrada gəzər, namaz qılar, oruc tutardı. Evdə tək uşaqdım, dərslərimlə maraqlanan yoxdu. Məktəbdə valideyn iclaslarına nənəm gedərdi. O, savadsız olsa da, dilavərdi, hazırcavabdı. Yadımdadır, nənəm heç vaxt sübh namazını ötürməzdi. Axşam olanda kürsü qurar, nənə-nəvə oturub söhbət edərdik. Amma isti vuran kimi nənəmi yuxu tutardı. Mən də qaranlıqda tək qalırdım belə. Dərslərimə yaxşı hazırlaşmırdım, həvəsim yoxdu. Kitabları elə-belə vərəqləyirdim. Sonra məni də yuxu tutardı. Səhər nənəm məni oyadardı:
– De görüm, dərsini irəvanladınmı?
(İrəvanda "dərsini oxudunmu" deyil, "rəvanladınmı" deyirdilər).
Mən də birtəhər özümü toplayıb nənəmi narahat etməmək üçün deyərdim:
– Narahat olma, dərsimi irəvanladım.
Mən belə deyəndə nənəm sanki ağır yükdən qurtarmış kimi dərindən nəfəs alardı:
– Axşamdan mən yatıb qalmışam. Dedim yəqin sən də yatıb qalmısan, dərsin qalıb...
O vaxtlar İrəvanda mal-heyvan da saxlayırdılar. Bizim də bir inəyimiz vardı. Axşam olan kimi inək həyət qapısının ağzını kəsdirər, burnunu ora dayayardı. Nənəm həmişə Allaha şükür edər, dolanışıqdan şikayətlənməzdi.
Yaxşı yadımdadır, nənəmi də kursa yazmışdılar. Amma nənəm orada qol çəkməkdən başqa heç nə öyrənə bilməmişdi. Bir dəfə bir nəfər nənəmə deyir:
– Telli xala, eşitmişik ki, sən də dərsə gedirsən, savad öyrənirsən? De görüm nə öyrənibsən. Oxumağın, yazmağın nə təhərdi?
Nənəm özünəməxsus hazırcavablıqla dillənir:
– Yazmaqda yaxşıyam, amma oxumaqla aram yoxdu.
Nənəm dindar olduğu qədər təmizkardı. Gündə həyəti bir neçə dəfə silib-süpürər, ağaclara baxardı. Nənəm həyət¬dəki ağaclardan meyvə yığıb qonşulara aparardı. Əslində bu ənənəvi bir hadisə idi, ünsiyyət vasitəsi idi. Məqsəd ailələr arasında mehribanlıq, doğmalıq yaratmaq, bir-birinin dərd-sərinə şərik olmaqdı.
Nənəm Bakıya köçəndən sonra da öz adətini unutmadı. Həmişə Göy məscidə gedər, bəzən geri qayıdanda, əslən irəvanlı qadınlarla (onlar onun yaxın dostları, rəfiqələri idilər) bərabər evə qayıdar, qonaqlarına həvəslə qulluq edərdi.
Nənəmin maraqlı bir xasiyyəti də vardı. Bakıdan İrəvana hərdənbir gedəndə, irəvanlıların salamını sahiblərinə çatdırardı. Bəzən söhbət zamanı ona irad tutardılar ki, tutalım filankəs deyir İrəvanda filan adama salam deyərsən. Sən özünə niyə əziyyət verib bunu həmin adama çatdırmağa çalışırsan, bunun bir mənası varmı? Amma nənəm heç kəsə əhəmiyyət verməz, Bakıdan göndərilən "salam"ları İrəvanda sahiblərinə çatdırmağı özünə borc bilərdi. Əslində bu böyük insanlıq və nəciblik əlaməti olmaqla əski irəvanlıların ənənəsini yaşatmaqdı.
Nənəm yas yerlərində tez-tez görünər, adamlara kömək edərdi. Çünki İrəvanda rəhmətə gedəni elə həyətdəcə yuyardılar. Sadəcə bir pərdə tutulardı. Mürdəşir yox idi, bu işi adamlar özləri görürdülər. Həm də bu işi görmək savab idi. Mən dəfələrlə məktəbdən evə gələndə, qapımızı bağlı görüb nənəmin yerini soruşanda, qonşular nənəmin hüzrdə olduğunu deyiblər. Mən də həmin yerə gedərdim. O saat adamlar məni görüb "Telli arvadın nəvəsi gəlib" deyərdilər. Aradan bir az keçmiş pərdəni (ölünü yuyanda aradan bir pərdə çəkirdilər) qaldırar, qapının açarını nənəmdən alıb mənə uzadardılar. Mən də açarı alıb evə qayıdardım.
Qaralar kəndində dəyirman yox idi. Amma qonşu kənddə su dəyirmanı vardı. Bir dəfə biz də xalamla bərabər dəyirmana dən apardıq. Axır ki, bir həftədən sonra bizə nobat çatdı. Mən çox sevindim, sanki, səyahətə, gəzintiyə gedirdim. Un üyüdəndən sonra kisələri xurcun tayı kimi ulağın belinə aşırıb məni də onun üstündə əyləşdirdilər. Bəli, yola düşdük. Qabağımıza balaca bir arx çıxdı. Əvvəlcə ulaq duruxdu, deyəsən arxdan qorxdu. Biz onu irəliyə addımlamağa məcbur edəndə ulaq qəflətən arxı o tərəfə keçdi. Bu vaxt un kisələri ilə bərabər mən havaya qalxdım, düz arxın yanında yerə düşdüm. Baxdım un kisələri də altımdadır. Amma ulaq o tərəfə keçdi. Bəli, xoşbəxtlikdən un kisələri arxın içinə düşmədi.
Nənəm deyirdi ki, bolşeviklər 1921-ci ilin noyabrında İrəvana gəldilər. Bizim evə bir dəstə silahlı əsgər gəldi. Onlar ətrafdan əllərinə keçən ağacı gətirib peçi yandırdılar, silahlarını bir küncə yığıb bəlim döşənmiş döşəməyə uzandılar. Onlar bizim evdə xeyli qaldılar. Bu, məni çox narahat edirdi. Ərim ölmüşdü, evdə iki qızımla qalmışdım. Üstəlik, kiçik qız lap körpə idi. Odur ki, şikayət etməyi qərara aldım. Bu məqsədlə bolşeviklərin qərargahına getdim. Dərhal tərcüməçi gətirdilər. Mən başıma gələnləri danışandan sonra mənə dedilər:
– Sən get, tədbir görüləcək.
Mən Hacıhəsən körpüsündən keçib gələndə baxdım əsgərlər evdən çıxıb gedirlər. Düzü, bunu görəndə çox sevindim, axı neçə gün idi ki, qorxu və vahimə içində idim.
O vaxtlar kənd, rayon yerlərində müəllim çatışmırdı. Anam müəllimə olduğundan onu rayonlara işə göndərmişdilər. Anam xalamla bərabər əvvəlcə Zəngibasar, daha sonralar Vedibasar rayonlarının kəndlərində müəllimə işləyiblər. Yaxşı yadımdadır, mən 1945-1946-cı tədris ilində Vedibasarın Qaralar kəndindəki yeddiillik məktəbin birinci sinfinə qəbul edilmişəm.


İsrafil Abbaslı
professor