Çoxmənzilli binaların idarə edilməsinin yeni mexanizmi Hadisə

Çoxmənzilli binaların idarə edilməsinin yeni mexanizmi

Samir Əliyev: "Onun tətbiqinə mane olan amillərdən biri əhalinin məlumatsızlığıdır"

Tərlan

Dünən Media və İctimai Təşəbbüslər Mərkəzi Beynəlxalq Mətbuat Mərkəzində "Çoxmənzilli binaların idarəedilməsi mexanizmləri ilə bağlı ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi" mövzusunda konfrans keçirib. Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Çoxmənzilli binaların idarə edilməsi mexanizmləri ilə bağlı ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi" layihəsi çərçivəsində təşkil edilib. Konfransda millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri, icra hakimiyyəti nümayəndələri, beynəlxalq təşkilatlar və QHT-lərin təmsilçiləri, bələdiyyələr və müstəqil ekspertlər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Mərkəzin rəhbəri Samir Əliyev tədbirin məqsədi barədə məlumat verdi. Onun sözlərinə görə, layihənin məqsədi Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq çoxmənzilli binalarda mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasına texniki dəstək vermək və əhalinin maarifləndirilməsini təmin etməkdir. Layihənin əsas komponentinin əhalinin maarifləndirməsi olduğunu qeyd edən S.Əliyevə görə, çoxmənzilli binaların idarəedilməsinin yeni mexanizmlərin təbliği üçün media kampaniyası aparılıb və 16 mətbuat orqanında 30-a yaxın məqalə dərc edilib. Mərkəz bundan başqa Binəqədi rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə "Bizim bina: birgə idarəçilik təşəbbüsləri" adlı bələdçini nəşr edərək əhaliyə paylayıb. Mərkəz həmçinin Binəqədi rayonunda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmasına texniki dəstək verib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mənzil kommunal şöbəsinin rəis müavini Elşən Əsədov mənzil idarəçiliyi sahəsində dövlət siyasəti barədə danışıb. Onun sözlərinə görə, təmsil etdiyi nazirlik qanunvericiliklə onlara verilmiş öhdəliklər çərçivəsində əhalinin maarifləndirilməsni həyata keçirirlər. Bu müddətdə əhali ilə sistemli görüşlər keçirilib, onlara yeni Mənzil Məcəlləsinin prinsipləri izah edilib.
Məcəlləyə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur. Məcəlləyə istinad edən çıxışçıya görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın 3 idarə edilməsi üsullarından birini seçməyə borcludur: "Bina sakinləri ya binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə, ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ya da idarəedici təşkilat tərəfindən idarə edilməsi üsulu seçməlidir. Bizim fəaliyyət də bu üsulların insanlara aşılanması məqsədi daşıyır"
Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov təmsil etdiyi qurumun mənzil idarəçiliyi sahəsindəki işlərdən danışdı. Onun sözlərinə görə, 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin icrası ilə əlaqədar yerli icra hakimiyyətləri qarşısında bir sıra vəzifələr müəyyən edilib. "Yerli icra hakimiyyətləri haqqında əsasnamə ilə yerli icra hakimiyyətlərinə müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsi, çoxmənzilli binaların mülkiyyətçiləri tərəfindən idarəetmə forması müəyyən edilmədikdə və ya seçilmiş forma barədə qərarlar yerinə yetirilmədikdə idarəedici təşkilatların müəyyənləşdirilməsi üçün tədbirlərin görülməsi həvalə edilib.
R.Göyüşova görə, Binəqədi rayon İH başçısının sərəncamı ilə rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının idarəedilməsi üsullarını müəyyənləşdirmək və Mənzil Məcəlləsinin icrasını təmin etmək, əhali arasında maarifləndirmə işləri aparmaq məqsədilə komissiya yaradılıb.
"Maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə vətəndaş cəmiyyəti institutları prosesə cəlb edilib. Media və İctimai Təşəbbüslər Mərkəzi ilə bu sahədə əməkdaşlığa başlanıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu əməkdaşlığa dəstək verib. Aparılan təbliğat işləri nəticəsində 8-ci mikrorayon ərazisindəki İ.Dadaşov küçəsi 91 və 91a, S.S.Axundov küçəsindəki 4 saylı binaların mülkiyyətçiləri tərəfindən Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb və Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Bundan sonra 8-ci mikrorayonda Ə.Naxçivani küçəsi 33-a nömrəli binada və 4-b nömrəli binada sakinlər tərəfindən təsis olunmuş yığıncağı keçirilərək dövlət qeydiyyatından keçməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilib. Hazırda daha iki binada təsis yığıncağına hazırlıq işləri görülür.
Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev "Mənzil idarəçiliyi mexanizmlərinin gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu" mövzusunda təqdimat edib. Təqdimatçı Mənzil Məcəlləsinin təcrübədə işləməməsini şərtləndirən bir sıra problemləri diqqətə çəkdi: "Məcəllə mənzil idarəçiliyinə münasibətdə yeni yanaşmanı ortaya qoyur, ancaq təəssüf ki, təvrübədə işləmir. Əsas səbəb Məcəllənin icra mexanizmlərinin olmamasıdır. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinin fəaliyyəti üçün hüquqi baza olsa da onların fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik aktı yoxdur. Halbuki bir sıra ölkələr belə cəmiyyətlərin fəaliyyətini tənzimləyən ayrıca qanun mövcuddur. MMMC-lərin maliyyələşmə mexanizmləri aydın göstərilməyib. Çoxmərtəbəli binaların idarə edilməsi üsulunun seçilməsi müddəti dəqiq göstərilməyib və s."
S.Əliyevin sözlərinə görə, layihə çərçivəsində apardıqları müşahidələr göstərib ki, yeni idarəetmə mexanizmlərinin tətbiqinə mane olan amillərdən biri də əhalinin məlumatsızlığıdır: "Məlumatsızlıq bir sıra neqativ hallara yol açır. Əhali yeni idarəetmə prosesinə qoşulmağa maraq göstərmir. Onların fikrincə, yeni idarəetmə üsuluna keçid qiymət artımına gətirib çıxaracaq. Cəmiyyətdə təəssüf ki, MİS-lərin alternativi olmayan qurum olması fikirləri hakimdir. Mənzil Tikinti Kooperativlərinin (MTK) özbaşına qiymət siyasəti, əhali qarşısında hesabatlı olmaması ortaya pis nümunələr qoyur. Əhali belə halların onların sosial vəziyyətinə mənfi təsir edəcəyi qənaətindədirlər. MİS-lər tərəfindən simvolik mənzil haqlarının yığılması əhalinin fərqli xidmətə marağını azaldır. Bütün bunlar həm də əhalidə inamsızlıq yaradır. Elə bunun nəticəsidir ki, onlar idarəetmə məsuliyyətini üzərinə götürmək istəmirlər". S.Əliyev qeyd etdi ki, əhalinin maarifləndirilməsində vətəndaş cəmiyyətinin rolu əhəmiyyətlidir. Vətəndaş cəmiyyəti müxtəlif kampaniyalar aparmaqla, nəşrlər çap edib paylamaqla, ictimai müzakirələr təşkil etməklə, əhali ilə görüşməklə insanların maarifləndirilməsində əvəzsiz rol oynaya bilərlər.
S.Əliyev diqqəti həmçinin qeydiyyat problemlərinə yönəltdi: "Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin (MMMC) təşkilati-hüquqi forması ilə bağlı statusunda qeyri-müəyyənliklər var. Bu qurumlar nə kommersiya qurumudur, nə də ictimai təşkilat. MMMC-lər məqsədi gəlir götürmək olmayan qeyri-kommersiya təşkilatıdır. Onların qeydiyyatı da kommersiya qurumlarında olduğu kimi bir pəncərə prinsipi ilə dövlət qeydiyyatına alınmalıdır. Problem bununla bitmir. Əsas problem yaradılacaq MMMC-lərə məxsus əmlakın, topaq sahəsinin müəyyən edilməsidir. Çoxmərtəbəli binalara məxsus ərazinin sərhədlərinin müəyyənləşdirilməsi çox vacibdir"