Dünyanın ən çox silah idxal edən ölkələrinin adı açıqlanıb Hadisə

Dünyanın ən çox silah idxal edən ölkələrinin adı açıqlanıb

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünyanın ən çox silah idxal edən ölkələrini açıqlayıb.

2018-2022-ci illəri əhatə edən siyahıya görə sözügedən dövrdə qlobal silah idxalındakı payı 11% təşkil edən Hindistan eyni zamanda dünyanın ən çox silah idxal edən ölkəsi olub. Hesabat dövründə Hindistan ən çox Rusiya (45%), Fransa (29%) və ABŞ-dan (11%) silah idxal edib . Dünyanın ən çox silah idxal edən ikinci ölkəsi isə Səudiyyə Ərəbistanı olub. Ər-Riyadın ən çox silah idxal etdiyi ölkələr ABŞ (78%), Fransa (6,4%) və İspaniya (4,9%) olub.

Səudiyyə Ərəbistanı 2018-22-ci illərdə qlobal silah idxalının 11%-nə malik olub. Siyahının üçüncü pilləsində isə daha bir körfəz ölkəsi olan Qətər qərarlaşıb. Doha 2018-2022-ci illərdə ən çox ABŞ (42%), Fransa (29%) və İtaliyadan (14%) silahlar idxal edib. Hesabat dövründə Qətərin qlobal silah idxalındakı payı 6,4% təşkil edib.

Dünyanın ən çox silah idxal edən ölkələrinin ilk onluğundakı digər ölkələr isə ardıcıl olaraq Avstraliya (4,7%), Çin (4,6%), Misir (4,5), Cənubi Koreya (3,7%), Pakistan (3,7%), Yaponiya (3,5%) və ABŞ (2,7%) qərarlaşıb.