Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb Hadisə

Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb

Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin əməkdaşları və hərbi attaşelik aparatının nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, Belarus əsilli Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının ildönümü ilə əlaqədar onun məzarını ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, sonra Milli Qəhrəmanın Slutskda yaşayan anası Kima Davidoviç də ziyarət olunub, onun səhhəti və qayğıları ilə yaxından maraqlanılıb.

1992-ci ilin iyunun 13-də döyüşlərin birində qəhrəmancasına həlak olan mayor A.Davidoviçin şücaətinin Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin hər iki ölkədə daim ehtiramla yad olunduğu xüsusi qeyd edilib.

K.Davidoviç oğlunun xatirəsinə olan ehtirama, eləcə də özünə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə, o cümlədən Azərbaycan dövlətinin Belarusdakı səfirliyinin və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.

Milli Qəhrəmanın anası, həmçinin 2019-cu ildə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun onu xəstəxanada ziyarət etməsini məmnuniyyət hissi ilə xatırlayıb.