Cahangir Hacıyev Samir Şərifovu məhkəməyə çağırdı Hadisə

Cahangir Hacıyev Samir Şərifovu məhkəməyə çağırdı

"Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir, hətta özü, burada mənim yanımda əyləşməlidir"

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
APA-nın məlumatına görə, Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər.
Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev cinayət işinə xitam verilməsi və ya həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxslərin şüşə kabinədən çıxarılaraq müdafiəçilərin yanında əyləşməsi, maliyyə naziri Samir Şərifovun məhkəməyə çağırılaraq dindirilməsi ilə bağlı vəsatətlər qaldırıb.
Cahangir Hacıyev prosesdə çıxış edib.
O, vəkillərin vəsatətlərinin təmin olunmasını istəyib. Cahangir Hacıyev özünü təqsirli bilmədiyini deyib: "Mən hüquqşünas deyiləm, 2001-ci ildən Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmuşam. Cinayət işi açılanda mən xaricdəydim, ancaq zəng edib məlumat verən kimi, ölkəyə gəldim. Nə vaxt istintaqa dəvət ediblərsə, getmişəm və 11 dəfə istintaqa ifadə vermişəm. Ötən ilin dekabrında həbs qərarı çıxarıldı. 38 gün qanunsuz saxlanılmışam. Mənim bir günahım olsaydı, vətənə qayıtmazdım. Digər təqsirləndirilən şəxslərlə birlikdə çalışmışıq və işimizdə də heç bir problem olmayıb. İstintaq qeyri-professional və qərəzli şəkildə aparılıb. Çünki 49 fiziki şəxsə kreditin verilməsi ilə bağlı ittiham aktında məlumat yer alıb. Kreditlərin hansı sahə üzrə ayrılması, necə ödənilməsi barədə sənədlər bizim tərəfimizdən təqdim edilib. Bu işdə mənimsəmə olduğu deyilir. Ancaq pulu götürən şəxslərin heç biri pulu kimə verdiyini demir. Beynəlxalq Bankın audit komissiyasının üzvləri Maliyyə Nazirliyinin işçiləri idi. Onlar bankda oturub bütün qərarlara qol çəkirdilər. Audit komissiyasında, maliyyə şurasında, bankın İdarə Heyətində olan şəxslərlə bağlı heç bir hal ittiham aktında qeydə alınmayıb. Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü, burada mənim yanımda əyləşməlidir. Bəzi kreditlərin ödənilmədiyi deyilir, lakin onların hələ ödəniş vaxtı başa çatmayıb. İndi hamının krediti var. Ölkədə 2 milyon insanın kredit borcu olduğu bilinir. Onda bank sistemini ləğv edib, kredit verənləri tutmaq lazımdır".
Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib və bildirib ki, sübutların tədqiq edilmədən əməldə cinayət tərkibinin olmadığını demək yanlışdır.
Proses fasilədən sonra davam etdiriləcək.
Qeyd edək ki, Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, "İnter Security" MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.