09:41
903
“ABŞ ilə Səudiyyə Ərəbistanı arasında dinc nüvə əməkdaşlığı ilk növbədə Vaşinqton–Ər-Riyad strateji tərəfdaşlığını gücləndirərək Yaxın Şərqdə qüvvələr balansına təsir göstərə bilər”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.
A.Nəsirovun sözlərinə görə, razılaşma Səudiyyə Ərəbistanının enerji mənbələrini şaxələndirməsinə, neftdən asılılığını azaltmasına və qabaqcıl nüvə texnologiyalarına çıxış əldə etməsinə imkan yaradır: “Eyni zamanda, ABŞ bu əməkdaşlıq vasitəsilə Səudiyyə Ərəbistanının nüvə proqramını təhlükəsizlik və nüvə silahlarının yayılmaması standartları çərçivəsində saxlamağa, həmçinin regionda Rusiya və Çinin artan texnoloji təsirini məhdudlaşdırmağa çalışır. Bu baxımdan razılaşma yalnız enerji layihəsi deyil, həm də ABŞ-nin Körfəz regionundakı strateji mövqeyini möhkəmləndirən geosiyasi addımdır”.
Siyasi şərhçi vurğulayıb ki, Səudiyyə Ərəbistanının nüvə imkanlarının genişlənməsi İranla rəqabəti yeni mərhələyə keçirə və region ölkələrində nüvə texnologiyalarına marağı artıra bilər: “Əgər proses tam şəffaflıq, beynəlxalq nəzarət və zənginləşdirmə fəaliyyətlərinə dair sərt təminatlarla müşayiət olunmasa, bu əməkdaşlıq Yaxın Şərqdə nüvə silahlanması yarışı ilə bağlı narahatlıqları gücləndirə bilər. İsrail də Səudiyyə Ərəbistanının texniki imkanlarının gələcəkdə hərbi potensiala çevrilməməsi üçün ABŞ-dən ciddi nəzarət mexanizmləri tələb edə bilər. Buna görə də razılaşmanın regional sabitliyə xidmət edib-etməməsi onun dinc məqsədlərlə məhdudlaşdırılmasından, yoxlama mexanizmlərinin effektivliyindən və İranın nüvə proqramı ətrafında yaranacaq yeni siyasi vəziyyətdən asılı olacaq”.
Röya İsrafilova