Müharibə əlillərinin mənzillə təminatı qaydası müəyyənləşib Hadisə

Müharibə əlillərinin mənzillə təminatı qaydası müəyyənləşib

"Nazirlər Kabinetinin son toplantısında Azərbaycan prezidenti qəti tapşırıqlar verdi. Bu tapşırıqların əsas hissəsi Azərbaycanın ərazi bütövlüyünün, Konstitusiya quruluşunun və suverenliyinin qorunması uğrunda mübarizədə əlil olmuş şəxslərin və şəhid ailələrinin, həm Böyük Vətən müharibəsi əlillərinin, həm də onlara bərabər tutulan şəxslərin avtomobil və mənzillə təminatı məsələləri ilə bağlı idi. Hazırda avtomobillə təminat prosesi sürətlə aparılır. Son 3 həftə ərzində 200 avtomobil paylamışıq, növbəti 100 avtomobil gələn həftənin üçüncü günü veriləcək".
APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov söyləyib. S.Müslümov bildirib ki, may ayının sonuna qədər Azərbaycanın ərazi bütövlüyünün, Konstitusiya quruluşunun və suverenliyinin qorunması uğrunda mübarizədə əlil olmuş və növbədə durmuş şəxslərin avtomobillə təminatı başa çatdırılacaq: "Bundan sonra Böyük Vətən müharibəsi əlillərinin, həm də onlara bərabər tutulan müharibə əlillərinin avtomobil nəqliyyatı vasitəsi ilə təmin edilməsi işini davam etdirəcəyik. İlin sonuna qədər prezidentin tapşırığına əsasən bu proses yekunlaşacaq".
Mənzil təminat məsələsinə gəlincə, S.Müslümov nazirliyin bu prosesi ciddi şəkildə öyrəndiyini qeyd edib: "Sonda Azərbaycan prezidentinin tapşırığı ilə Azərbaycanın ərazi bütövlüyünün, Konstitusiya quruluşunun və suverenliyinin qorunması uğrunda mübarizə əlil olmuş şəxslərin mənzillə təminatı qaydası müəyyənləşib. Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir və Gəncə şəhərlərində yaşayan və mənzil növbəsində durmuş bu kateqoriyadan olan insanlara bu şəhərlərdə mövcud, tikilmiş mənzil fondlarından hazır mənzillər alınaraq veriləcək. Hər bir ailəyə təqribən 70-80 kv. m mənzillər nəzərdə tutulur. Yerdə qalan digər rayonlar üzrə isə həmin insanlar üçün fərdi evlərin tikintisi həyata keçiriləcək. Bu halda bu gün bizim qarşımızda duran problemlərdən biri də həll olunur. Artıq əlillərin bir binanın içərisinə yığılması problemləri ortadan qalxacaq, əlillər cəmiyyətə inteqrasiya olunacaq, cəmiyyətin bir parçası kimi yaşamağa davam edəcəklər".
S.Müslümov artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə hesablamaları yekunlaşdırdıqlarını açıqlayıb: "Yəqin ki, bu gün və ya sabah Maliyyə Nazirliyində biz bu məsələləri bir daha müzakirə edəcəyik. Çünki tələb olunan maliyyə vəsaitləri dəqiqləşdirilməlidir. Daha sonra sonuncu variantı dövlət başçısına təqdim edəcəyik. Düşünürəm ki, növbəti həftənin əvvəlində bu proses yekunlaşacaq".