Gürcüstanda türk əsgərlərinin qəbirləri tapılıb Hadisə

Gürcüstanda türk əsgərlərinin qəbirləri tapılıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgədə əsgərlərinin qəbirləri tapılıb.
APA-nın məlumatına görə, azərbaycanlıların kompakt yaşadığı Axlı-Lələ kəndinin yaxınlığında "Osmanlı təpəsi" deyilən ərazidə ötən əsrin 1919-1921-ci illərə aid 30-dək türk əsgərinin qəbirləri olub.
Axlı-Lələ kənd orta məktəbinin müəllimi Sabir Quliyev isə 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Borçalıdan keçdiyini bildirib: "Türk əsgərləri bolşeviklərlə mübarizədə yorulmuş, aclıqdan taqəti qalmamışdı. 1919-cu ildə onlar Debed çayını keçərək kəndimizin cəngəlliklərlə örtülmüş "Qovu" adlı ərazisində məskən salıblar. Onların sayı 100-120 nəfər olub. Bir müddət keçdikdən sonra əsgərlərdən təxminən 30-dək əsgər xəstəlikdən ölüb. Onlar kəndimizdə dəfn edildikdən sonra komandir at belində xurcunlarla dolu torpaq daşımağı əmr edib. Yaradılan böyük təpəyə "Osmanlı təpəsi" adı qoyulub. Kəndin üst tərəfində sıralanan dağlardan süzülən sulardan isə əsgərlər "Pınar" bulaq yaradıblar".
Axlı-Lələ kəndinin yaşlı sakinlərinin dediyinə görə, 1988-ci illərədək bu təpədə hündür qəbir daşları olub və kimlərsə onları tədricən yox edib. İndi həmin təpədən çoxlu sayda insan sümükləri və əsgər paltarları çıxır.
Artıq məsələ ilə bağlı Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü məlumatlandırılıb.