I Şah Abbasın vəfatından sonra Gilanda qiyamın baş verməsinin səbəbi Hadisə

I Şah Abbasın vəfatından sonra Gilanda qiyamın baş verməsinin səbəbi

Azərbaycan Səfəvi dövlətinin görkəmli dövlət xadimi I Şah Abbasın (1587-1629) Səfi Mirzə, Sultan Məhəmməd Mirzə, İmamqulu Mirzə, Təhmasib Mirzə adlı dörd oğlundan birinci gənc yaşında ölüm cəzasına məhkum edilmiş, ikinci və üçüncü şahzadə zəif görür, dördüncü isə öz əcəli ilə vəfat etmişdi. Buna görə də, darüssəltəne-ye İsfahanda böyük əmirlərin toplantısında Şah Abbasın təklifi ilə mərhum Səfi Mirzənin kiçik yaşlı oğlu Sam Mirzə vəliəhd təyin edilmişdi. Şah Abbas 21 yanvar 1629-cu ildə Mazandaranda vəfat edir. Onun vəsiyyətinə sadiq olan böyük əmirlər I Şah Abbasın vəliəhd barədəki vəsiyyətnaməsinə, etimaddövlə və qorçubaşının ona uyğun tərtib etdikləri rəsmi sənədə istinad edib, Sam Mirzəni Şah Səfi adı ilə 29 camadiyoləvvəl h. 1038 (1629)-ci ildə şahlıq taxtında oturtdular. Ancaq Şah Abbas kimi qüdrətli bir dövlət xadimindən sonra 2,8 mln.km2 ərazini əhatə edən imperatorluğa başçılıq etmək o qədər də asan deyildi. Şah Səfi (1629-1642) taxta oturduğu andan çətinlikləri nəzərə alıb imperiya miqyasında sabitliyi qoruyub saxlamaq məqsədilə hökm etdi ki, Şah Abbasın dövründə kimə ki, vəzifə verilmiş, məvacib təyin edilmişdi, onlara toxunulmayacaq. O, bütün sosial zümrələrin maddi maraqlarını əhatə edən fərmanlar, buyruqlar vermiş, onların etimadını qazanıb hakimiyyətini möhkəmləndirməyə çalışmışdı. "Zeyl-i tarix-i alamaray-I Abbasi" də qeyd edilir ki, I Şah Səfi hakimiyyətinin ilk ilində İraq, Xorasan, Qəndəhar, Mərv, Azərbaycan, Şirvan, Qarabağ, Gürcüstan, Fars, Kirman, Gilan, Bağdad, Ərəbistan, Kürdüstan, Sistan və digər ölkələrdən ibarət olan məmalik-e məhrusənin "tabe olan ölkələr" bəylərbəylərinə, vilayətlərin adlı-sanlı əyanlarına tutduqları vəzifələrə və nüfuzlarına uyğun olaraq qiymətli xələtlər göndərildi. Eyni vaxtda seyidlərə, nəqiblərə, ülamələrə, müdərrislərə, nəcabətli adamlara, sərhəd qoşunları və qala qoruyucularının başçılarına ənam və hədiyyələr verildi. I Şah Abbasın hakimiyyətinin son illərində müharibələrin davam etməsindən mərkəzi aparatdakı məmurlar istifadə edib, qoşunun məvaciblərini neçə illər idi ki, ödəməyib xəzinəyə köçürmüşdülər. Şah Səfinin göstərişinə əsasən qoşunun ləngidilmiş məvacibinin dərhal ödənilməsinə başladılar. Hətta müxtəlif səbəbdən vəfat etmiş hərbçilərin məvacibləri ailələrinə ödənildi. Şah rəiyyətin ümumi vəziyyətini nəzərə aldı və onların xəzinəyə ödədikləri vergilərdən qalmış 1500 tümən borc qalığının ləğvi qərara alındı. I Şah Abbasın dövründə ipək ticarəti dövlət nəzarətində olub, tacir və digər ipək alıcıları ipəyi divan məmurlarından təyin olunmuş qiymətə almalı idilər. Rəiyyət özbaşına ipək sata bilməzdi və belə bir hadisə baş verərdisə, həm alıcı, həm də satıcı bu əməliyyatdan xəzinəyə dəyən zərəri ödəməli olurdu. Şah Səfinin qoyduğu yeni qaydaya görə isə istər tacir və istərsə də qeyri alıcı ilə rəiyyət arasında qarşılıqlı razılıq əsasında sərbəst ipək alqı-satqısına icazə verildi ki, bu əməliyyata dövlətin maliyyə məmurları qarışa bilməzdilər. Rəiyyətin ipək alqı-satqısından qalan bir neçə min tümən borcu onlara bağışlandı, hətta bu zaman borcluların bəziləri vəfat etmiş və onların varisləri isə çox yoxsul olub, bu borcu ödəməyə heç imkanları da yox idi. Beləliklə, tacirlər və rəiyyətin rifahını yaxşılaşdırmaq üçün qərara alındı ki, ipək alqı-satqısı tərəflər arasında sərbəst qaydada qarşılıqlı razılıq əsasında həyata keçirilsin.
I Şah Səfi hakimiyyətinin ilk illərində yüksək vəzifələrdə çalışan dövlət məmurlarına toxunmadan həyata keçirdiyi bir sıra tədbirlərlə imperiya əhalisinin orta və aşağı zümrəsinin etimadını qazandıqdan sonra mülki, inzibati-hərbi idarələrdə vəzifələrə yeni təyinatlara dair fərmanlar vermiş, hakimiyyətini daha da möhkəmləndirməyə cəhd etmişdi. Onun göstərişi ilə h.1041 (1632)-ci ildə baş vəzir Xəlifə Sultan tutduğu vəzifədən azad edilir. "Zeyl-i tarix-I alamaray-i Abbasi" də qeyd edilir ki, ali divana h.1041-ci ildə vəzir yenə mərhum Hatəm bəy Nəsiri Ordubadinin oğlu Mirzə Talıb xan təyin olundu. Münşi əl-məmalik Mirzə Əbdülhüseyn türkcə yazıb: "Ginə (yenə) oldu vəzir Talıb xan". Mənbədə Talıb xanı baş vəzir təyin edilməsi haqqındakı farsca qısa məlumatın türkcə bir cümlə ilə bitirilməsi Münşi əl-məmalikin bu barədə fərmanı türkcə yazdığının bəlli göstəricisidir. Onun vəfatından sonra sonra bu vəzifəyə onun gənc yaşında olan, ancaq savadlı, qabiliyyətli böyük oğlu Talıb xan təyin edilmişdi. O, on il bu vəzifədə işləmiş və bəzən nöqsanlara yol verdikdə Şah onu görməzliyə vurmuş və nəhayət tutduğu vəzifədən azad edilmişdi. Bir müddət işsiz qalmış və dünya fatehi (I Şah Abbas ) vəfat etdikdən sonra yeni hökmdar (I Şah Səfi) onu vaqiyənəvis vəzifəsinə təyin etmiş və o, ali zümrəyə daxil olmuş, getdikcə nüfuzu və vəzifəsi artmışdı. Və 1041 (1632)- ci ildə yenidən baş vəzir vəzifəsinə layiq görülür.
I Şah Səfi istər baş vəzir, istərsə də yüksək dövlət vəzifələrində çalışan bütün məmurların fəaliyyətinə ciddi nəzarət edir və vəzifə səlahiyyətini aşanlara, nöqsanlara yol verənlərə güzəştə getmirdi. Mənbədə göstərilir ki, baş vəzir Talıb xan h.1044 (1635)-cü ildə evində yüksək təbəqədən olan məxsusi adamlarla söhbət edərkən Xorasan bəylərbəyi Həsən xan, eşikağasıbaşı Uğurlu xan Şamlı və Otar xan onun mənzilinə daxil oldular. Uğurlu xan və Talıb xanın damadı söhbət yasavulu Həsənbəy bərk sərxoş olmuşdu. Onların hər ikisi həmin gecə dövlətxana, hərəm, şahın yatdığı evin qaravolu növbəsində idilər. Sərxoş olduqları üçün keşikçibaşı Bəhram bəy Ustaclı ilə Talıb xanın damadı arasında mübahisə oldu. Mübahisə dərhal şaha da çatdırılır və onun göstərişi ilə Talıb xan, Uğurlu xan və Həsən bəy ölüm cəzasına məhkum edilir. "Zeyl-I tarix-i alamaray-i Abbasi" nin verdiyi bu məlumatla tam razılaşmaq doğru olmaz. Ona görə ki, "Xülasət əs-siyər" də bu barədə verilmiş məlumatların təhlilindən aydın olur ki, görkəmli dövlət xadimi Talıb xan I Şah Səfinin şübhələndiyi yüksək vəzifəli əyanlara qarşı həyata keçirdiyi cəza tədbirlərinə etiraz etdiyinə görə edam edilmişdi. Ancaq bu hadisədə qətl olunanların ailəsinə Şah "mərhəmət" göstərdi və əmlakları müsadirə olunmadı. Baş vəzir vəzifəsinə isə Mirzə Tağı (Sarı Tağı) təyin edildi.
Mənbələrin verdiyi məlumatlardan görünür ki, I Şah Səfi dövlətin ali mülki idarə sistemi ilə yanaşı, onun yüksək hərbi təşkilatına əyalət və mahallarda vəzifələrə əvvəlki Səfəvi şahlarının dövründəki kimi yenə türk əsilzadələrindən təyin etmişdi. I Şah Səfinin hakimiyyətinin ilk illərində həyata keçirdiyi daxili siyasət kursu imperiya miqyasında sabitlik yaradılmasının, sərhədlərin təhlükəsizliyinin təmin edilməsinə xidmət edirdi. İmperiyanın bəzi bölgələrində hələ I Şah Abbas vəfat etdikdən separatism yenidən baş qaldırmışdı ki, bütün bunların qarşısını almadan, yəni ölkəni içəridən möhkəmləndirmədən fəal daxili və xarici siyasətin də həyata keçirilməsi, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi çox çətin olardı. H.1039 (1629)- cu ildə Gilanda özünü Cəmşid xanın oğlu adlandıran Qərib şah adlı biri zühur etmiş və o, "pozğun unsürlər", "lütlər", "qaragüruhçular"dan ibarət üç min nəfəri ətrafında birləşdirib bütün Gilanda iğtişaş törədib, Biye Piş, Biye Pas, Rüstəmdarı ələ keçirib, qətl və qarət törətməyə başlamışdı. Onlar Rəşt istiqamətində hücum edib Biye Pası tutduqdan sonra Biye Pişə doğru hərəkət etmişdilər. İ.P.Petruşevski dövrünün ideoloji tələblərinə uyğun olaraq 1629-cu ildə Gilanda baş vermiş bu qiyamın "xalq üsyanı", "sinfi ziddiyətlərin kəskinləşməsinin parlaq təzahürü" hesab etməklə məsələyə tarixi gerçəklikdən yanaşmayıb.
Doğrudur, I Şah Abbasın vəfatından sonra Gilanda qiyamın baş verməsinə onun qeyd etdiyi kimi vergilərin ağırlığı təsir göstərmişdi. Ancaq burada dövrün mənbələrində də qeyd olunduğu kimi bu hərəkatda vergi ödəyən əhali ilə yanaşı, "pozğun ünsürlər" və eyni zamanda separatist torpaq sahibləri də vardı. İ.P.Petruşevskinin özünün də " üsyançıların" Rəştə xəzinə anbarlarını dağıdıb iki yüz xarvar (50 min kq) xam ipəyi bölüşdürdükləri, hətta xəzinə anbarlarındakı (moskvalı və avropalı tacirlərə) aid malları da ələ keçirmələri haqqındakı qeydləri qiyamda "pozğun ünsürlərin" üstünlük təşkil etməsindən xəbər verir. Gilanda divan vergilərinin təhvildarları, amillər, vəzirlər qiyamdan təşvişə düşüb canlarını ailələrini qorumaq üçün kənara çəkilmişdilər. Onların və digər imkanlı adamların, tacirlərin malları və s. qiyamçıların əlinə keçmişdi. Bu zaman Gilanda Biye Piş hakimi Bayramqulu sultan Mir Səfəvi vilayətin mərkəzi Dilmanda idi. Əksər Səfəvi qaziləri ailələrini götürüb Lahicandan Dilmana getmişdilər. Qərib şah boşalmış ölkəyə daxil olmuş və Rüstəmdara qədər adamlarını göndərib ona tabe olmalarını tələb etmişdi. Şah Səfi dərhal hökm verdi ki, Gilan hüdudlarında yerləşən bütün bölgələrin, yəni Ərdəbil, Talış, Tarom, Xalxal və s. bölgələrin qorçu, qulam və məmurları Astara hakimi Sarı xan, Kəskən hakimi Georgi sultanın rəhbərliyi altında birləşib bu fitnəkarları dəf etsinlər. Əmrə əsasən onlar birləşib Rəşt istiqamətində hərəkət etdilər. Kəhdom hakimi Məhəmmədi xan da onlarla birləşdi. Onlar Rəştə çatıb burada qiyamçıları məğlub etdilər. Qərib şah Lahicana sığındı. O, Ləştəneşa-Koçesfahandan keçib Səfidrud çayı sahilində gilanlılarla razılaşıb Tənkəbon ölkəsinə daxil olmaq fikrində idi. Bu zaman Gilanla Rüstəmdar arasındakı Tənkəbon hakimi Heydər sultan Qoyla Hisarlı (Rumlu obası) qalada nizam-intizam yaradıb, hasarları da möhkəmləndirmişdi. O, qaladan üç fərsəng aralıdakı çayın sahilində qiyamçıların qarşısını özünün bir dəstə qızılbaş qazısı ilə kəsdi. Qərib şah qazilərin əzəmət və igidliyindən ehtiyat edib çayı keçməyə cürət etmədi. Geri çəkildikdə onları təqib edən rumlular onun bir neçə nəfər döyüşçüsünü ələ keçirdilər. Bu zaman Dilmandan hərəkət edən Bayramqulu sultan Mir Səfəvinin qoşunu da yolüstü Qərib Şahın əsgərlərindən bir çoxunu qətl edir. Rəştdən gələn Səfəvi qaziləri də onlarla birləşdi və nəticədə çox itki verən Qərib şahın başçılıq etdiyi qiyamçılar Ləştəneşaya doğru qaçdılar. Özünü "xan", "sultan" adlandıran quldurlar və Qərib şah da burada tutulub İsfahana göndərildi və onlar dara çəkildilər. Gilanda özünü Qərib şahın qardaşı Cəmşid xanın nəvəsi adlandıran Adil şah adlı biri də peyda olmuşdu. Mazandaran və Gilan vəziri Mirzə Tağı (Sarı Tağı) Adil Şah və onun bir neçə nəfər tərəfdarını ələ keçirə bildi. Nəticədə Gilanda və Mazandaranda sakitlik tam bərpa olundu.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor