Nəqliyyat “qoçu”ları Hadisə

Nəqliyyat “qoçu”ları

Onların vəzifəsi adam döymək, soyğunçuluq etmək, rüşvət almaqdımı?

Cavid

Bir sıra qanunsuzluqlarda, o cümlədən sürücüləri incitməkdə, döyməkdə və rüşvət almaqda adları hallandırılan bəzi nəqliyyat müfəttişlərinin əməllərilə əlaqədar indiyədək heç bir tədbir görülmür. Məhz bunun nəticəsidir ki, nəqliyyat müfəttişləri ilə sürücülər arasında az qala hər gün münaqişə yaranır, birincilər bir çox hallarda səlahiyyət hədlərini aşaraq insanlara qarşı fiziki zor tətbiq etməkdən belə çəkinmirlər.
Bir müddət əvvəl Qaradağ rayonu ərazisində, Lökbatan dairəsi deyilən ərazidə baş verən hadisəyə görə kimins məsuliyyətə cəlb olunduğu məlum deyil. Hansı ki, nəqliyyat qoçuları bir sürücünü vəhşicəsinə döyərək ona ciddi xəsarət yetirmişdilər. Döyülən şəxsin yaxınlarının sözlərinə görə, zərərçəkən şəxs Məmmədov Taleh Əliyar oğlu ərazidə öz şəxsi avtomobilində oturub tanışlarını gözləyərkən Nəqliyyat Departamenti əməkdaşlarının qəfil hücumuna məruz qalıb. Nəqliyyat Departamentinin əməkdaşları Talehi maşından düşürüblər və ona heç bir söz demədən, heç bir əsas və səbəb gətirmədən möhkəm döyüblər. Müfəttişlər sürücünü ölümcül döyməklə də kifayətlənməyərək ona məxsus "Mercedes" markalı, 99 DC 134 dövlət nömrə nişanlı mikroavtobusu özləri ilə aparıblar. Təəssüf ki, bu hadisədə ən böyük biabırçılıq bəzi departament əməkdaşlarının hətta oğurluğa da əl atması, sürücünün ciblərini və maşınını axtararaq orada olan qiymətli əşyaları götürüb aparmasıydı. Belə ki, nəqliyyat işçiləri maşına basqın edərkən oradan sürücüyə məxsus 500 manat məbləğində pul da yoxa çıxmışdı. Amma nəqliyyatçılar vətəndaşın pulunu verməkdən imtina ediblər. Qeyd edək ki, Taleh Məmmədov elə döyüldüyü gün tibbi ekspertizadan keçib və ölümcül döyüldüyünə dair rəy alıb. Bundan sonra isə zərərçəkən Qaradağ Rayon Polis İdarəsinə və həmin idarənin 10-cu polis bölməsinə müraciət edib.
Bu hadisədən az sonra 23 yaşlı Kürdəmir rayon sakini 4 "qoçu"nun hücumuna məruz qaldı. Belə ki, Nizami rayonunda Nəqliyyat Nazirliyinin müfəttişləri sərnişin kimi maşına əyləşib sonradan müfəttiş olduqlarini bildirərək, sürücünü döyüblər.
Bir müddət əvvəl Şamaxinka deyilən ərazidəki körpünün çıxışında Həqliyyat Departamenti müfəttişlərinin ağırtonnajlı yük avtomobilini yolun intensiv hərəkət zolağında saxlaması nəticəsində bir neçə nəfərin ölümünə səbəb olmuş hadisə də hər kəsin yadındadır.
20 Yanvar dairəsi ərazisində hər gün taksi sürücülərilə süpürləşən, avtomobillərdən özbaşına dövlət nömrə nişanını açan "qoçular" barəsində tədbir görən yoxdur.
Bugünlərdə isə aktyor İlqar Cahangir adıçəkilən nazirliyin əməkdaşları tərəfindən hücuma məruz qalıb. Hadisə Bakı Beynəlxalq Avtovağzalında baş verib. Aktyor İlqar Cahangir sürücünü döyən Nəqliyyat Nazirliyinin əməkdaşlarını telefonla videoya çəkərkən özü də hücuma məruz qalıb. Nəqliyyat müfəttişləri onun telefonunu əlindən zorla alaraq, yaddaş kartını çıxarıblar.
Srağagün isə Bakı Beynəlxalq Avtovağzalında Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında baş verən insident faciə ilə nəticələnib. Belə ki, müfəttişlər sürücüdən sənədlərini tələb edərkən ikinci ərazidən qaçmaq istəyib və nəticədə körpüdən yıxılıb. Hadisə şahidləri Ziya Məmmədovun günahkar "qoçu"larını əhatəyə alaraq onları bu özbaşınalığına görə cəzalandırmaq istəyib.
Amma qoçular kütlənin əlindən çıxaraq qaça biliblər. Ən maraqlısı da odur ki, bu "qoçaqlar" öz xidməti avtomobillərini hadisə yerində qoyaraq qaçıblar. Həqliyyat Departamenti isə belə hallarda bir qayda olaraq öz əməkdaşlarını nəinki cəzalandırmır, əksinə cidd-cəhdlə onları müdafiə etməklə, əməllərinə göz yummaqla növbəti cinayətkar hərəkətlərinə stimul verir. Hecə ki, son hadisədə taksi sürücüsünün "müfəttişləri təqib edərkən yıxıldığı" kimi absurd və cəfəng iddia irəli sürdü.
Ümumiyyətlə Bakı Beynəlxalq Avtovağzalının ərazisi bu olayların adiləşdiyi təhlükəli zonaya çevrilib. Elə həmin ərazidə bundan əvvəl də 30 yaşlı kişi Nəqliyyat Nazirliyinin 5 əməkdaşı tərəfindən möhkəm döyülmüşdü. Döyülən şəxsin qohumu Aydın Cahangirovun sözlərinə görə, "Mercedes" markalı 10 İR 196 dövlət nömrə nişanlı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Rasim Nazim oğlu İsmayılov maşını Bakı Beynəlxalq Avtovağzalın ərazisində saxlayıb. Maşında sərnişin qismində oturan anası və qardaşının arvadını rayona yola salmaq üçün maşından düşüb. Bu zaman onlara özünü Nəqliyyat Nazirliyinin müfəttişi adlandıran bir neçə nəfər yaxınlaşıb. Onlar Rasim İsmayılovdan sənədləri tələb ediblər: "Rasim onların kimliyini təsdiq edən sənəd tələb etdikdə, onlar bundan imtina ediblər. Rasim də onlara sənəd verməyəcəyini bildirib. Bunun nəticəsində özlərini nazirlik əməkdaşı kimi qələmə verən şəxslər Rasim İsmayılovu möhkəm döyüblər. Hadisə yerinə Bakı şəhər Təcili və Tibbi Yardım Stansiyasının 17-ci bölməsindən həkimlər gəlib".
Döyülən şəxs təcili əməliyyata alınıb.
Bu kimi "bespredellə" artıq hər birimiz rastlaşmaq təhlükəsilə üzləşə bilərik. Hecə ki, oxşa hadisə hərbi ekspert Üzeyir Cəfərovla Nəqliyyat Nazirliyinin əməkdaşları arasında baş verib. Ekspert nazirliyin əməkdaşları tərəfindən təhqir olunub. Nəqliyyat Hazirliyinin müfəttişləri hətta jurnalistlərə də hücumlar edirlər. Jurnalistlər Seymur Həzi və Xalid Qarayev taksi sürücünü döyən nəqliyyat müfəttişlərini çəkərkən onların hücumuna məruz qalıblar və döyülüblər. Mətbuat işçilərinin kamerasını əlindən alıb sındırıblar.
Taksi sürücüləri də müfəttişlərdən dad eləyirlər. Onlar lisenziya və fərqlənmə nişanı üçün əlavə rüşvət verməkdən cana doyublar. Nəqliyyat Nazirliyinin taksilərə tətbiq etdiyi fərqlənmə nişanı hər ay dəyişdirilir. Sənədin 1 aylıq dövlət rüsumu 18 manatdır. Amma departament işçiləri həmin sənədi sürücülərə 56 manata satır.
Taksi sürücüsü Ədalət: "Qəbzdə ödəniş 18 manat göstərilir. Qalan pulları ciblərinə qoyurlar. Müfəttiş rəisə, rəis departament rəhbərinə, o da kimlərəsə aparıb hesab verir. Fərqlənmə nişanından əlavə də aylıq lisenziya alırıq. Bu lisenziya əslində Nəqliyyat Nazirliyindən verilməlidir.
Ancaq sənədi hazırlayıb Nəqliyyat Departamentinə göndərirlər. Bu da rüşvətə görədir. Departamentdə bizdən 2-3 qat artıq pul alırlar. Ayda 110 manat lisenziyaya veririk. Sənədin qanuni rüsumu isə cəmi 31 manatdır".
Sürücülərin sözlərinə görə, lisenziya almaq problem deyil. Yetər ki, müfəttişlər buna razı olsun. Çünki onlar bir çox hallarda lisenziyanı da qəbul etmirlər, lisenziya alsan da, almasan da hər ay gətirib onlara "haqq" ödənilməsini tələb edirlər. Sürücülər isə çarəsizlikdən iki yerə pul ödəyir.
Nəqliyyat Nazirliyinin əməkdaşlarından şikayət edən başqa taksi sürücüləri də var. Onlardan biri "Neftçilər" metrostansiyasının yaxınlığında taksi sürücüsü kimi fəaliyyət göstərən Vüqardır. Onun sözlərinə görə, Nəqliyyat Nazirliyinin əməkdaşları onu vəhşicəsinə döyüblər.
Taksi sürücüsü olan Vüqarın dediklərinə görə, onu maşına mindiriblər, sonra yolda maşından düşürüb döyüblər: "Martın 13-də hər zaman olduğu kimi "Neftçilər" metrostansiyasının yaxınlığında dayanmışdım. Nəqliyyat Nazirliyinin əməkdaşları qara rəngdə avtomobillə gəldilər. Əvvəlcə dedilər ki, avtomobilimin yerini dəyişim. Mən də dəyişdim. Sonra yaxınlaşıb, maşınımın açarını götürdülər. Mənə dedilər ki, onlarla şöbəyə getməliyəm. Oturdum, onların avtomobilinə... Mən haradan biləydim ki, məni döymək üçün aparırlar. "Qara Qarayev" metrostansiyasının yaxınlığında yerləşən "Çuda Peçka" şirniyyat evinin yanından arxa küçələrdən birinə döndülər. Maşını salxadılar. Məni düşürüb, döyməyə başladılar. Çox güclü idilər. Onlardan biri gözümün üstündən yumruq vurdu, mən də yıxıldım yerə... Yerə yıxılmağıma baxmayaraq, vurmağa davam edirdilər. Qoluma bir neçə dəfə ayaqlarıyla vurdular. Paltarlarımı cırdılar".
Sürücünün sözlərinə görə, Nəqliyyat Nazirliyinin qoçuları ondan rüşvət tələb ediblər: "Məni döydükdən sonra maşına minib, qaçdılar. Birtəhər ayağa qalxıb getdim evə. Evə gedən kimi 102-yə zəng vurdum. Oradan mənə dedilər ki, 25-ci polis bölməsinə yaxınlaşım. Getdim bölməyə... Başıma gələn hadisələri danışdım. Döyülməyimlə bağlı məlumat verdim. Onlara həkimin zorakılığa məruz qalmağımla bağlı verdiyi sənədləri təqdim etdim. Oradan məni göndərdilər, Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinə... Departamentdən mənə dedilər ki, 136 manat pul verməliyəm. Olmasa, avtomobilimi verməyəcəklər. Mən də dedim ki, bütün sənədlərim qaydasındadır, hər ay 30 manat vergimi verirəm. Məni oğurlayıblar, aparıb, naməlum bir küçədə döyüblər, hələ pul da verməliyəm? Mənə dedilər ki, "biz qoçuyuq, heç kəs bizə heç nə edə bilməz". Çarəsizlikdən 102 manat ödədim. 2 gündən sonra maşınımı qaytardılar. Başıma gətirilən hadisələrin səbəblərini bilmirəm".
"Təhlükəsiz Yol" Alyansının koordinatoru Şahin Camalovun sözlərinə görə, bu cür yoxlamaların aparılması qanunauyğun deyil: "Ümumiyyətlə, NN müfəttişlərinin gördüyü işlər tamamilə qanunaziddir. Heç bir halda qanuna söykənməyən hərəkətlərdir. Görürsən ki, avtomobil sahibinin sürücülük vəsiqəsini alırlar, avtomobilin nömrəsini açırlar, avtomobili zorla əlindən alırlar və s. Bu cür hallar tamamilə qanunsuzdur. Digər tərəfdən görürsən ki, NN müfəttişləri uniformasız reydlər aparırlar. Bilmirsən bu rəsmi işçidir, yoxsa hansısa cinayətkar!? Belə yoxlamaların NN müfəttişləri tərəfindən aparılması tamamilə qanunazidd hərəkətlərdir. Fikrimcə, hüquq-mühafizə orqanları bununla bağlı ölçü götürməlidirlər. Yaxşı olardı ki, bu səlahiyyətlər Dövlət Yol Polisinə verilsin. Neçə illərdir DYP fəaliyyət göstərir və heç kəsin avtomobilini zorla əlindən almır".
Qeyd edək ki, hələ bir müddət əvvəl nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə bildirmişdi ki, nəqliyyat müfəttişləri arasında vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuz əməllərə yol verənlər, vətəndaşlara qarşı kobudluq edənlər "ola bilər". Hazir demişdi ki, belə hallara qarşı mütəmadi olaraq ciddi tədbirlər görülür: "Amma mətbuatın bütün müfəttişləri birmənalı şəkildə "qoçu" kimi qələmə verməsi, "mənim qoçularım" adlandırması düzgün deyil".
Bəs reallıqda necədir? "Ola bilər" ehtimalına qarşılıq ortada olan bütün faktlar göstərir ki, departamentin bəzi işçiləri xidməti vəzifələrini həyata keçirən zaman özlərini nəqliyyat işçiləri kimi yox, gerçəkdən qanunsuz əməllərə yol verən qoçu kimi aparırlar. Həqliyyat Hazirliyi insanları vəhşicəsinə döyən müfəttişlərin aşkar cinayət hərəkətlərini "kobudluq" kimi cəmiyyətə həzm etdirməyə çalışır.
Heç bir halda nəqliyyat müfəttişlərinin sürücünün sənədini, yaxud avtomobilini aparmağa ixtiyarları yoxdur. Hazir "bespredellərə" qarşı "tədbirlər görülür" deyir. Lakin bircə fakt da məlum deyil ki, həmin şəxslərlə bağlı hüquqi müstəvidə hansı tədbirin görülmüş olsun. Heç kimə də bəlli deyil ki, bu cür özbaşınalıqlar nə vaxta qədər davam edəcək.