Bolnisidə Novruz Bayramı münasibətilə tədbir keçirilib Hadisə

Bolnisidə Novruz Bayramı münasibətilə tədbir keçirilib

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı ilə Bolnisi rayonunun Mədəniyyət və İstirahət parkında Azərbaycan xalqının milli bayramı olan Novruz Bayramı münasibətilə və sertifikatların verilməsi ilə bağlı təntənəli tədbir keçirilib.

Tədbiri Mərkəzin icraçı direktoru Rezo Həsənov açaraq, tədbir iştirakçılarını salamlayıb, Gürcüstanın ən gözəl şəhərlərindən biri olan Bolnisidə qeyd olunan bu təbiri keçirməkdən böyük bir fəxr hissi keçirdiyini qeyd edib.

Daha sonra çıxış üçün söz Gürcüstan parlamentinin sabiq deputatları Ramiz Bəkirov və Mahir Dərziyevə verilib. Natiqlər tədbir iştirakçılarını salamlayaraq onları bayram münasibətilə təbrik edib və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin Bolnisiki fəaliyyətini yüksək qiymətləndiriblər.

Tədbirin davamında digər qonaqlar da çıxış edərək bildiriblər ki, Novruz Bayramını və digər milli bayramlarımızı yaşatmaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur və uzun bir fasilədən sonra Bolnisinin mərkəzində milli bayramımızı qeyd etmək özlüyündə tarixi bir hadisədir. Daha sonra bayram tədbiri Bolnisi rayonunun bir çox kəndlərindən gəlmiş milli rəqs qrupları və Mərkəzin üzvlərinin, həmçinin saz ifaları ilə davam edib.

Tədbirdə Mərkəzin 100-ə yaxın üzvünə Azərbaycan dili, gürcü dili və ingilis dili fənnləri üzrə sertifikatlar təqdim edilib. Mərkəzin İncəsənət və rəsm müəllimi Qəşəm Süleymanovun və Rəsm kursunun üzvü Türanə Süleymanovanın çəkdiyi rəsmlər tədbirdə nümayiş etdirilib və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, Mərkəzdə Azərbaycan dili, gürcü dili, ingilis dili, İncəsənət və rəsm, Məntiq, Riyaziyyat fənnlərini tədris edən müəllimlərə təşəkkürnamə təqdim edilib.

Cavid