Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri Hadisə

Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

10-cu yazı

1589-cu ildən Məşhədin Əsfərayın mahalının hakimi Ustaclı elinin Çavuşlu obasından Mehdiqulu xanın qardaşı Əbumüslüm xan idi. Onların hər ikisi 1592-ci ildə özbəklərlə savaşda öldürülmüş, Əsfərayin digər qardaşları Həsən xana verilmişdi. Əsfərayın 1593-cü ildə isə Baba İlyas Bayatın oğlu Məhəmməd Sultana verilir. 1595-ci ildə isə Səbzəvar özbək Əbdülmömin xandan alınır və bura Budaq xan Qacar hakim təyin edilir. 1594-1595-ci illərdə Ustaclı elinin Kəngərli obasından olan Mustafa sultan Xorasanda Tun və Təbəsin hakimi idi. O, özbəklərlə savaşda öldürülmüş, Təbəs Kəngərli obasından Teymur sultana verilmişdi. Ancaq özbəklərlə savaşda cəsarətsiz hərəkət etdiyinə görə Təbəs ulkasına ağıllı və igid Mehrab xan Qacar hakim olur.
Tun və onunla bağlı bir neçə bölgə isə Süleyman Xəlifə Türkmana tapşırılır 1598-ci ildə Təbəs hakimi Mehrab xan Qacarın özbəklərə qarşı Tun ətrafındakı qəhramanlığı Herata çatdıqda, Xəvaf və Baxərz hakimliyi də ona həvalə edilmişdi.
I Şah Abbasın hakimiyyətinin 14-cü ilində Xorasanda Nisə və Abiverd əmiri Mərv hakimi Bektaş sultan Ustaclının oğlu Möhbəli sultan idi. O, 1629-cu ildə Xarəzm hökmdarı İsfəndiyar xanın hücumları zamanı öldürülmüşdü. I Şah Səfi dövründə (1629-1642) Ustaclılardan Nisa əmiri Kəlbəli sultanın adı çəkilir. O da İsfəndiyar xanın hücumu zamanı şəhəri tərk edib qaçdığına görə ölüm cəzasına məhkum edilmişdi. 1602-ci ildə Məşhəd hakimi Budaq xanın oğlu Yusifəli xan idi. Qardaşı Bayraməli sultana da Məşhəddə ulka verilmişdi. Elə həmin il Məhşəd hakimliyi Xəvaf hakimi Mehrab xan Qacara verilir. O, I Şah Abbasın hakimiyyətinin 21-ci ilində də bu vəzifədə idi.
1610-cu ildə Nişapur hakimi Baba İlyas oğlu Məhəmməd sultan Bayat vəfat edir. Onların hər ikisi ata-babaları kimi Xorasanda Qara Bayatların ağsaqqalları olmuşdular. Yaka Türkmən oymaqlarından olan Qara Bayatların yurtları Nişapur civarında olub, Xorasandakı oymaqlar arasında Səfəvilərə ən sadiq oymaq idilər. Hələ Məhəmməd Xudabəndə dövründə Mahmud bəy Qara Bayat elinin əmiri mənsəbinə layiq görülüb ona sultan titulu verilmişdi.
1587-ci ildə Xorasan özbəklər tərəfindən tutulduqda Mahmud sultan və Qara Bayat elinin bir çox əmiri qətlə yetirilmişdi. I Şah Abbas zamanı adı çəkilən Məhəmməd sultan qulluğa götürülmüş, Qızılbaşlara sadiq olan Qara Bayatlar divan vergisindən azad edilib, sipahi zümrəsinə daxil edilmişdi. Məhəmməd sultan öncə Əsfərayin, sonra Nişapur hakimi olmuşdur. O, vəfat etdikdə Nişapur ulkası həmin eldən Bayraməli sultana verilir, o həm də Qara Bayat elinə əmir təyin olunur. 1609-cu ildə Cam vilayətinin hakimi Təkəli Şahnəzər xan Məşhədə hakim təyin edilmişdi. O, 1618-ci ildə vəfat edir və qardaşı Qələndər sultan Məşhəd hakimi olur. Cam vilayəti də ona verilir. Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadi 1632-ci ildə Xorasana özbəklərin yeni hücumundan bəhs edərkən Mənuçöhr bəyin Məşhəd hakimi olduğunu yazır.
"Zeyl-i tarix-i alamara-yi Abbasi"də Mərkəzi Asiya xanları ilə münasibətlərdən bəhs edilərkən Məşhəd mahallarının hakimləri haqqında da məlumat verilir. Mənbədə göstərilir ki, Xarəzm hakimi Ərəb Məhəmməd xan ibn Hacəm xanın övladları arasında hakimiyyət uğrunda çəkişmədə məğlub olan böyük oğlu İsfəndiyar xan I Şah Abbasın yanına (1621) gəlir. O, I Şah Abbasdan hərbi yardım alıb, 1622-ci ildə Urgəncə qayıdıb qardaşlarını məğlub edərək hakimiyyətə keçir. Bir qədər sonra İsfəndiyar xan I Şah Abbasın ona hərbi yardımını unudub "Xorasan qiyamı"ndan istifadə edərək Mərv, Nisə, Abiverdi və Dərunu ələ keçirmək üçün qardaşı Əbülqazi xanla 1630-cu ildə Xorasana hücum edir. Bu zaman Nisə hakimi Ustaclı tayfasının adlı-sanlı əsilzadələrindən Bektaş xanın gənc və təcrübəsiz oğlu Möhbəli sultan, Dərun hakimi isə xassə qulamlarından iyirmi dörd yaşlı Uğurlu sultan idi. İsfəndiyar xan hər iki qalanı hakimlərinin təcrübəsizliyindən istifadə edərək ələ keçirə bildi.
İsfəndiyar xan Rəhmanqulu Qaradaşın simasında Türkmən əyanlarından bir neçə nəfərə əmir əl-üməra rütbəsi verib onları ələ alsa da, qızılbaşlarla savaşın gedişində ciddi məğlub olub Xorasanı tərk edir. İsfəndiyar xana qarşı müharibədə Çəpnilərdən Aşur xanın Mərv, Əhməd sultanın Səbzəvar, Bayat əmirlərindən Bayraməli sultanın Nişapur hakimi olduğunu görürük. Eyni zamanda İsfəndiyar xana qarşı müharibədə adları çəkilən Gəraylı, Cəlair, Yaka türkmən obaları Səfəvi dövlətinə tabe idilər.
"Abbasnamə" də göstərilir ki, Türküstan hakimi İmamqulu xan 1642-ci ildə Mərvdən Məşhədə gəldikdə burada bəylərbəyi Mənuçöhr xanın oğlu Qarçıqay xan idi. H.1054 (m.1644)-cü ildə Məşhəd bəylərbəyi Qarçıqay xan tutduğu vəzifədən azad edilir və yerinə Mərv bəylərbəyi Murtuzaqulu xan Qacar təyin edilir. Müəllif yazır ki, Hind elçisi Cannesar xan 1647-ci ildə geri döndükdə Mehrab xanın oğlu Murtuzaqulu xan Qacar Məşhəd bəylərbəyi idi. O, əvvəllər Mərvdə də hakim olmuşdu. Qeyd olunan ildə o, Qələmrou və Əlişəkərə göndərilir. Məşhədə isə yenə Qarçıqay xan hakim təyin edilir. Bu zaman Məşhəddən müqəddəs məzarın mütəvəllisi Mirzə Möhsün vəfat etmiş, bu vəzifə Mirzə Bağır Rezəviyə verilmişdi. H. 1074 (m.1663)-cü ildə Məşhədin yeni bəylərbəyi Mənuçöhr xan pis əməllərinə görə vəzifədən azad edildi və bura divanbəyi Səfiqulu bəy göndərildi. H.1077 (m.1664)-ci ildə Məşhəd əhalisi Rüstəm xanın oğlu Səfiqulu xandan da Şaha şikayət etdilər. Nəticədə o həbs edildi və əmlakı da müsadirə olundu. Bu zaman Məşhədin Nişapur mahalında hakim türk Bayat elindən Bayraməli xan Bayatın olduğunu görürük. H.1063-cü ildə Bayraməli xan Bayatın xahişi ilə şah Nişapura hakim onun oğlu İbrahim bəy Bayatı göndərir.
"Təzkirət əl-müluk" da Zəmindavər və Quryan, Kuşəklə yanaşı Kəri və Lukə, Badqis, Teymuri, Əli Xacə, Mir Arif elləri ulkasının da Qəndəhar bəylərbəyiliyinə tabe olduğu qeyd olunmuş, ancaq sonuncu ellərin Bəluc aşirətləri kimi göstərilməsi aydın deyil. Ona görə ki, Teymuri və Kəri (Gəraylı) təmiz türk aşirətləri olduğunu inkar etmək mümkün deyil. Göstərilən digər ellərin isə Bəlucla əlaqəsinə dair dövrün başqa qaynaqlarında məlumat verilmir. Qəndəhar Səfəvi dövlətinin Moğol dövləti ilə sərhəddində hərbi-strateji vilayət olub, hər iki dövlət üçün iqtisadi-ticarət əhəmiyyəti kəsb edirdi. Vilayət Heratın teymurlu hökmdarı Sultan Hüseyn Bayqara (1470-1506) dövründə ona tabe idi. Məhəmməd xan Şeybani 1507-1508-ci illərdə teymurlu dövlətini məğlub edib, bütün Xorasanı və o cümlədən Qəndəharı da ələ keçirmişdi. Ancaq Mərv savaşında (1510) I Şah İsmayıl Məhəmməd xan Şeybani üzərində qələbə çalır. Xorasanı geri alır və Səfəvi dövlətinin şərq sərhədlərinin hüdudu Amu-Dərya çayına çatır.
Səfəvilər Xorasanı tutduqdan sonra Heratın teymurlu hakimlərinin mülkü olmuş Qəndəharı da öz irsi mirasları hesab edirdilər. Qızılbaş sərkərdələrindən Şahruh bəy Əfşar 1511-ci ildə Qəndəharı fəth etmiş və şəhərdə I Şah İsmayılın adına xütbə oxutmuş və sikkə zərb olunmuşdu. Ancaq Qəndəhar 1522-ci ildə Zahirəddin Babur tərəfindən işğal edilir və o, bu vilayətə oğlu Kamran Mirzəni hakim təyin edir. Səfəvi dövlətinin Herat əmir əl-ümərası Xüləfa sultan Rumlunun I Şah Təhmasibin rəsmi buyruğu olmadan Qəndəhara hücumu onun məğlubiyyəti ilə nəticələnmişdi. Həmin ildə Heratın yeni valisi Ağzıvar xan Şamlının da Qəndəhara yeni hücumu baş tutumamış və o, burada cidid müqavimətlə qarşılaşıb geri çəkilməyə məcbur olmuşdu.
1537-ci ildə I Şah Təhmasibin özünün başçılıq etdiyi ordu Hilmend çayına yaxınlaşır və Şah Əmir sultan Rumlunun ordusuna Qəndəharın fəth edilməsi barədə buyruq verir. Qızılbaş ordusu 1537-ci ildə Qəndəharı Baburlardan geri alır. I Şah Təhmasib vilayətin torpaqlarını ərazi-ye divanın tərkibinə qatıb bura Qızılbaşlardan Budaq xan Qacarı hakim təyin etdi. Ancaq Kamran Mirzə I Şah Təhmasibin geri qayıtmasından istifadə edib 1538-ci ildə Qəndəharı yenə fəth edir. 1544-cü ildə I Şah Təhmasibin Böyük Moğol hökmdarı Hümayuna (1530-1556) hərbi yardımı müqavilində o, Qəndəharı Səfəvilərə güzəştə gedir. Qızılbaş Budaq xan Qacar Qəndəhar hakimi oldu. Ancaq çox keçmədi ki, Hümayun Qəndəharı geri qaytarmaq şərti ilə Səfəvilərdən geri alır və bura hər iki tərəfə sədaqətli olan Bayram xan Türkman vali təyin edilir. Hümayun Qəndəhardan istinadgah kimi istifadə edib, Hindistanda itirdiyi torpaqları tutduqdan sonra Qəndəharı Səfəvilərə geri qaytarmğı vəd etmişdi. Ancaq Humayunun qəflətən vəfatı (1556) buna imkan vermədi və Qəndəhar tərəflər arasında mübahisəli bir məsələ kimi qaldı. Elə buna görə də I Şah Təhmasibin Qızılbaş ordusu 1558-ci ildə Zəmindavər və Qəndəhara hücum edərək hər iki məntəqəni geri aldı. Şah Qəndəhara qardaşı oğlu Sultan Hüseyn Mirzəni hakim təyin edir. O, 20 ilə yaxın Qəndəharda hakim olmuşdu. Bəhram Mirzənin oğlu
Hüseyn Mirzənin Qəndəhar hakimi olması haqqında II Şah İsmayıl da fərman vermişdi. Sultan Hüseyn Mrzə II Şah İsmayıl dövründə vəfat edir. Səfəvi hökmdarı Məhəmməd Xudabəndə Sultan Hüseyn Mirzənin oğlu Müzəffər Hüseyn Mirzəni Qəndəhara və onun qardaşı Rüstəm Mirzəni də Zəminədavər və Gərmisərə hakim təyin edir. Həmzə bəy Zülqədər isə Şahın fərmanı əsasında Müzəffər Hüseyn bəyin lələsi və həm də vəkil statusu ilə Qəndəhara göndərilir. Rüstəm Mirzənin kiçik qardaşlarına da Zəmindavər bölgəsində ulkalar verilir. Müzəffər Hüseyn Mirzə və Rüstəm Mirzə ölkənin Şərq sərhədlərinin təhlükəsizliyini təmin etməli idilər. Bu zaman Sistanın sabiq valisinin soyundan olan Məlik Mahmud və yerli əmirləri, əyanları II Şah İsmayıldan sonra bura Qızılbaş hakimin göndərilməməsindən istifadə edib, sərbəst hərəkət etməyə başladılar və onların bu separatçı fəaliyyəti dövlətin Şərq sərhədlərinin təhlükəsizliyinin təminatı üçün qorxu yaradır. Moğol hökmdarı Cəlaləddin Məhəmməd Əkbər (1556-1605) 1589-cu ildə Qəndəharı tutmaq üçün hərbi hazırlığa başlayır. O, Qəndəharı bir həmlə ilə almaq istəyirdi. Bu məqsədlə hərbi əməliyyata rəhbərlik Əbdürrəhim xana tapşırılmışdı. O, Qəndəharı hiylə ilə tutmağı qərara alır. Çünki bilirdi ki, güc tətbiq edilsə, şəhərin mühasirəsi uzansa, Qəndəharı idarə edən Səfəvi Mirzələri bu bölgəyə göz dikmiş özbəklərlə Moğollara qarşı müqavilə bağlaya bilərlər.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor