Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb Hadisə

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Fondun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli sərəncamı əsasında həyata keçirilən özünüməşğulluq proqramının sosial-iqtisadi əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, Fondla birgə keçirilən müsabiqənin məqsədi proqramın icrası nəticəsində işsiz və işaxtaran şəxslərin ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq imkanlarına yiyələnmələri istiqamətində aparılan işlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasıdır.
Nazir milli mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində keçirilən birgə müsabiqənin mətbuatımızın inkişafına dəstək xarakteri daşıdığını qeyd edərək qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə jurnalistlərə təbrikini və xoş arzularını çatdırıb. Nazir Fondla birgə keçirilən müsabiqəni özünüməşğulluq proqramının icrası sahəsində aparılan işlərin təbliği baxımından yüksək dəyərləndirərək nəticələr barədə məlumat vermək üçün sözü icraçı direktor Vüqar Səfərliyə verib.
Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ikinci dəfədir ki, müsabiqənin keçirildiyini diqqətə çatdırıb. İcraçı direktor belə təşəbbüslərin media ilə qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edib. V.Səfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara xidmətlərin müasir və şəffaf iş üsulları üzərində qurulması üçün aparılan islahatların, aktiv məşğulluq proqramları çərçivəsində görülən işlərin KİV tərəfindən maraqla qarşılandığını və geniş işıqlandırıldığını vurğulayıb.
İcraçı direktor "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinə 35 kütləvi informasiya vasitəsindən ümumilikdə 47 yazının təqdim edildiyini, yazıların elan edilmiş şərtlərə uyğun obyektiv qiymətləndirildiyini bildirib. V.Səfərli müsabiqədə paytaxt Bakı şəhəri ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən KİV-lərin də nümayəndələrinin fəal iştirak etdiyini, onlardan 4 nəfərinin qalib olduğunu diqqətə çatdırıb: "Yazılar Fondun 3 nəfər eksperti, o cümlədən nazirliyi təmsil edən ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 nəfər jurnalistə əsas, 10 nəfərə isə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdı. Lakin müsabiqəyə təqdim olunan yazıların çoxluğu, habelə jurnalistlərin zəhməti nəzərə alınaraq, nazir Səlim Müslümovla əldə olunmuş razılığa əsasən, həvəsləndirici mükafatların sayı 15-ə qaldırıldı. Bugünki tədbirdə ümumilikdə 21 nəfər media nümayəndəsi mükafatlandırılacaq".
Çıxışını davam etdirən Vüqar Səfərli jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi yaşayış binalarının tikilərək istifadəyə verilməsini Azərbaycan dövlətinin mediaya yüksək qayğısı və dünyada analoqu olmayan addım kimi dəyərləndirib. İcraçı direktor iyulun 21-də daha 255 nəfər jurnalistin ədalətli və şəffaf seçim əsasında mənzillə təmin olunacaqlarını və növbəti binanın təməlinin qoyulacağını bildirib.
Vüqar Səfərli mənzillə bağlı sənəd təqdim etmiş jurnalistlərin əmək müqavilələrinin və iş stajlarının həqiqiliyinin yoxlanılması prosesində fəal dəstəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib. O, müvafiq sorğuların cavablandırılması zamanı bəzi KİV-lərin əmək qanunvericiliyinə riayət etmədiklərinin aşkarlandığını bildirib. Vüqar Səfərli jurnalistləri əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə öz gələcək təminatları baxımından daha ciddi yanaşmağa çağırıb.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində KİV-lə mütəmadi əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edib. Əflatun Amaşov hazırda nəticələri elan olunan bu müsabiqənin mövzusunun cəmiyyət üçün maraq kəsb edən bir mövzuya - həm sosial, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyan özünüməşğulluq proqramına həsr olunduğunu bildirib. O, müsabiqənin jurnalistlərin bu mövzuda bilik və peşəkarlıq səviyyələrinin artırılmasında önəmli rol oynadığını vurğulayıb. Şura sədri bildirib ki, bu il jurnalistlərin bayramı daha yüksək əhval-ruhiyədə keçəcək: "Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan mənzillər sahiblərinə veriləcək. Mən indidən onların hər birini təbrik edirəm".
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Tədbiri yekunlaşdıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.