“Azərbaycan ilə Aİ münasibətləri yeni mərhələyə daxil olur” Gündəm

“Azərbaycan ilə Aİ münasibətləri yeni mərhələyə daxil olur”

“Prezident İlham Əliyevin Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında Avropa İttifaqı (Aİ) ilə əlaqələrlə bağlı səsləndirdiyi fikirlər göstərir ki, Bakı ilə Avropa İttifaqı arasında münasibətlər yeni mərhələyə daxil olur. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri təkcə diplomatik protokol xarakteri daşımır, həm də Brüsselin Cənubi Qafqaz siyasətində Azərbaycanın artan rolunu qəbul etdiyini nümayiş etdirir. Bu təmaslar onu göstərir ki, Aİ regionda etibarlı tərəfdaş kimi məhz Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə çalışır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq söyləyib ki, münasibətlərin gələcək inkişafında əsas istiqamətlər enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, yaşıl enerji layihələri, rəqəmsal transformasiya və iqtisadi əməkdaşlığın genişləndirilməsi olacaq: “Avropa üçün Azərbaycan təkcə təbii qaz ixracatçısı deyil, həm də Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən mühüm logistika və nəqliyyat mərkəzidir. Bu reallıq tərəflərin qarşılıqlı maraqlarını daha da möhkəmləndirir. Eyni zamanda, Prezident İlham Əliyevin Almaniyaya səfəri və Kansler Fridrix Mertslə keçirilən görüş göstərir ki, Azərbaycan ayrı-ayrı Avropa dövlətləri ilə ikitərəfli əlaqələri inkişaf etdirməklə yanaşı, Avropa İttifaqı institutları ilə də siyasi dialoqu paralel şəkildə gücləndirir. Bu balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırır və ölkənin regional təşəbbüslərinin Avropada daha geniş dəstək qazanmasına şərait yaradır”.

T.İsmayılovun sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, qarşıdakı dövrdə Azərbaycan–Aİ münasibətləri daha praqmatik və nəticəyönümlü məcrada inkişaf edəcək: “Qarşılıqlı etimadın güclənməsi yeni investisiya imkanlarının yaranmasına, iqtisadi əməkdaşlığın dərinləşməsinə və regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verə bilər. Azərbaycanın etibarlı tərəfdaş imici və milli maraqlara əsaslanan müstəqil xarici siyasəti isə bu əməkdaşlığın əsas dayaqlarından biri olaraq qalacaq”.

Röya İsrafilova