Qocalığın cavanlığını yaşayan ŞAİR... Hadisə

Qocalığın cavanlığını yaşayan ŞAİR...

Əli Nəcəfxanı- 68

Şairlik peşə deyil, İlahi təyinatdır. Bu təyinatla dünyaya gələn adam sözlə güləşməyə məhkumdur. Daha doğrusu, “söz boyası” ilə “rəsm çəkməyə”, yeni poeziya nümunəsi yaratmağa. Jurnalist isə sıradan bir peşədir. Hər peşənin olduğu kimi jurnalistikanın da öz incəlikləri var. Bu gün sizə jurnalist işləyib, şairlik təyinatını icra edən Əli Nəcəfxanlıdan söhbət açmaq istəyirəm...

Deyir ki,- “Mənim ilk qələm təcrübəm şeirlə olub. Hələ ibtidai sinifdə oxuyarkən məndə şeir yazmağa böyük həvəs var idi. Şeirlərimə baxsın deyə məni Neft Akademiyasını bitirən və Elmi Tədqiqat İnstitunda işləyən mühəndis dayımın yanına aparırdılar. Bakı haqqında, neft haqqında şeir formasında analoji yazılar yazırdım və bu da məni ruhlandırırdı. Orta məktəbi bitirərkən şairlik məktəbi olmadığı üçün mən də ona yaxın bir sahəni, jurnalistikanı seçməyə qərar verdim və hazırda hər iki sahədə qələmimi sınayıram”…

Əli Nəcəfxanlı 1957-ci il iyunun 2-də Sumqayıtda dünyaya gəlib. Şəhərdəki 17 nömrəli orta məktəbi bitirib. Ali təhsil aldıqdan sonra bir sıra yerlərdə çalışıb. Uzun müddət AzTV-də fəaliyyət göstərib. Hazırda "Xalq qəzeti"ndə işləyir. Regionların sosial-iqtisadi inkişafı, yaradıcı insanları ilə bağlı silsilə məqalə və oçerkləri müntəzəm şəkildə dövlət mətbuatında çap olunur. Bədii yaradıcılıq nümunələri vaxtaşırı olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet" Türkiyə dərgiləri və digər mətbuat orqanlarında dərc edilir. Bir neçə şeirlər kitabı işıq üzü görüb. Respublikanın əməkdar jurnalistidir...

“Əməkhaqqı olaraq ilk dəfə məktəbli ikən “Sumqayıt” qəzetindən qonorar almışam. 1974-cü ildə isə mənə o vaxtkı Sintetik kauçuk zavodunda radio qovşağının diktoru kimi ilk maaş verilib. İkiillik zəruri stajım olmadığına görə həmin il universitetdə müsabiqədən keçə bilmədim deyə, orada işə düzəlib hərbi xidmətə qədər həmin vəzifədə çalışdım. Əsgərlikdən sonra jurfakın qiyabi şöbəsinə qəbul olundum. İlyarım fəhlə işlədim, 1979-cu ildən “Kimyaçı” qəzetində müxbir kimi çalışmağa başladım. Diplomlu jurnalist olunca isə, dövlət televiziyasına işə qəbul edildim və 20 ilə qədər orada çalışdım. Amma bütün “ilk”lərim Sumqayıtla bağlıdır. Bəlkə də ilk qonorarımı, ilk maaşımı Sumqayıtdan aldığım üçündür ki, hər zaman çörəyim olub, möhtaclıq hiss etməmişəm. Bu daSumqayıtla bağlı bin-bərəkətin, halallığın nəticəsidir. Sumqayıt, bax, belə mənə şəhərdir.”- söyləyir...

Bəli, o, hazırda "Xalq qəzeti"nin müxbiridir. Bütün ömrü boyu kimdənsə, nədənsə yazıb. Yazdıqca özü də, qələmi də püxtələşib. Necə deyərlər, əvvəlcə imzasını tanıtdırıb, indi də imzası onu tanıtdırır. Bir insan kimi də dəyərlidir. Zəhmətkeş ailədə dünyaya gəlib. Halal süfrənin ətrafında böyüyüb boya-başa çatıb. Dostluqda sədaqətli, mədəni, mehriban, gülərüz adamdır...

Deyir ki:- “Peşəyə məhəbbət varsa, yorulmaq yoxdur. İndiyədək “Uğur olsun, Qarabağ”, “Ürəyimi döyən həvəs”, “Payız prospekti”, “Ürəyimdir yazanım”, “Söz yerə düşməsin” adlı bədii-publisistik və şeirlər kitablarım çap olunub. Eyni zamanda ingilis yazıçısı Corc Oruelin “Kataloniyaya məhəbbətlə”, “Birma günləri”, “Keşiş qızı”, Nil Geymanın “Koralina” və “Qapı arxası” əsərlərini dilimizə çevirərək çap etdirmişəm. Şəhərimizdəki münbit yaradıcılıq şəraiti bizi gözəl əsərlər yazmağa ruhlandırır. 2017-ci ildə şəhər rəhbərliyinin təşkilatçılığı ilə 60 illik yubileyim qeyd olunub, buna görə bir daha razılığımı biıdirirəm. Mənim hazırda üzərində işlədiyim kitablarım da var...”

Özünü sevdirməyi bacarır. Xeyir-şərdən, dəvət olunduğu tədbirlərdən heç vaxt geri qalmır. O ki qaldı şairliyinə dostlardan biri yerində deyib: “Əli yaxşı şairdir, amma jurnalistika onu qələm sahibi kimi talayır”. Əslində insanın şairlik təyinatını hansı səviyyədə icra etdiyini dəyərləndirməkdən ötrü bir şeirini nəzərdən keçirmək kifayət edir. Daha doğrusu, şairi şeirindən də tanımaq olur...

Zaman keçir, illər ötür. Budur, iyunun 2-də Əli Nəcəfxanlının 68 yaşı tamam olur. Yox, yox, o hələ qocalmayıb, qocalığın cavanlığını yaşayır. Əlini ürəkdən təbrik edirəm!..

Hörmətlə, Elman Eldaroğlu