15:23
707.jpg)
İsrail və Türkiyə arasında münasibətlərin pisləşməsi fonunda İsrail Xarici İşlər Nazirliyi İstanbuldakı konsulluğunu bağlamaq və yalnız Ankaranın səfirliyini saxlamaq imkanını nəzərdən keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hər iki diplomatik nümayəndəlik, əslində, 7 oktyabr 2023-cü il tarixindən bəri ştat rejimində fəaliyyət göstərmir: diplomatlar Bolqarıstandadırlar, yerli əməkdaşlar isə vəzifələrini məsafədən (onlayn) icra edirlər.
Xarici siyasət idarəsinin özündə konsulluğun bağlanması ilə bağlı vahid rəy yoxdur. Mütəxəssislərin bir hissəsi hesab edir ki, tamdəyərli fəaliyyətin olmaması səbəbindən konsulluğun saxlanılması məqsədəuyğun deyil, digərləri isə xəbərdarlıq edirlər ki, bağlanma gələcəkdə diplomatik infrastrukturun mümkün bərpası prosesini çətinləşdirə bilər.
Həmçinin qeyd olunur ki, bu qərar İstanbulun təxminən 15 min nəfər olduğu təxmin edilən yəhudi icması ilə münasibətlərə də təsir göstərə bilər. Mənbələrin qiymətləndirmələrinə görə, konsulluğun bağlanması mənfi bir siqnal kimi qəbul edilə və əlavə gərginlik amilinə çevrilə bilər.
Məryəm Quliyeva