15:19
847
Polşa 2026-cı ildə Şimali Atlantika Alyansının (NATO) missiyası çərçivəsində Baltikyanı respublikanın hava məkanında patrul xidməti həyata keçirmək üçün Estoniyaya qırıcı təyyarələr göndərəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ilə görüşündən sonra bəyan edib.
"Məmnuniyyətlə bildirirəm ki, Polşa öz qırıcılarını Əmari aviabazasında yerləşdirməklə, bu il Baltikyanı ölkələrin hava məkanının mühafizəsi missiyasında iştirak etmək niyyətindədir", — deyə ERR milli dövlət teleradiosunun portalı onun sözlərindən sitat gətirib.
Pevkur vurğulayıb ki, Tallin və Varşava son illərdə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndiriblər. "Həm biz, həm də Polşa Avropanın müstəqil müdafiə potensialını gücləndirmək və tədarükün təhlükəsizliyini təmin etmək üçün müdafiə sənayesinə ciddi investisiyalar qoyuruq", — deyə o əlavə edib.
Məryəm Quliyeva