Ukrayna təmsilçisi: Bərpa prosesi yalnız ölkələr arasında əməkdaşlıq sayəsində mümkün ola bilər Hadisə

Ukrayna təmsilçisi: Bərpa prosesi yalnız ölkələr arasında əməkdaşlıq sayəsində mümkün ola bilər

Ukrayna davam edən müharibə və böhran şəraitində dayanıqlılıq, yenidənqurma və uyğunlaşmanın yeni modellərinin sınaq meydanına çevrilib.

Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının Ukrayna bölməsinin prezidenti Alissa Bankovska WUF13 çərçivəsində keçirilən tədbirlərdən birində deyib.

“Bərpanı yalnız yenidən tikilmiş binaların sayı ilə ölçmək olmaz. Bərpa gələcək riskləri azaltmalı, icmaları gücləndirməli, yerli iqtisadiyyatları dəstəkləməli və uzunmüddətli dayanıqlılıq yaratmalıdır”, – deyə o bildirib.

Bankovska “Rebuild Green 2030” proqramı haqqında məlumat verərkən, bu proqramın bələdiyyələri, peşəkarları, universitetləri, sənaye nümayəndələrini və beynəlxalq tərəfdaşları bir yerə toplayaraq praktik bərpa həlləri üzərində işlədiyini qeyd edib.

Onun sözlərinə görə, proqramın ilk mərhələsində bərpa ekosisteminin formalaşdırılması, tərəfdaşlıqların qurulması və pilot layihələrin hazırlanması istiqamətində işlər görülüb. Hazırda isə layihənin ikinci mərhələsinə start verilir.

“Qarşıdakı iki il ərzində proqram iştirakçı bərpa modelləri, dayanıqlı və əlçatan mənzil, dairəvi tikinti, yerli iqtisadi dayanıqlılıq və dövlət-özəl tərəfdaşlığı istiqamətlərində real layihələrin icrasına fokuslanacaq”,- Ukraynalı nümayəndə bildirib.

Bankovska beynəlxalq təşkilatları, investorları, peşəkar qurumları və bələdiyyələri bu prosesə qoşulmağa çağırıb.

“Transformativ bərpa yalnız müxtəlif sektorlar, peşələr və ölkələr arasında əməkdaşlıq sayəsində mümkün ola bilər”, – deyə o vurğulayıb.