Atatürk həmişə yaşayacaq Hadisə

Atatürk həmişə yaşayacaq

19 May Türklüyün tarixində dönüş yaradan günlərdəndir

19 May - Türklüyün tarixində dönüş yaradan ciddi olaylardan biridir. Bu, həmin tarixdir ki, Mustafa Kamal Atatürk 1919-cu il mayın 19-da Samsuna gəldi: bu, Türkiyənin tarixində yeni dönəm dövlətçiliyin təsdiqinin başlandığı gündür. Bu günü yaradan isə Atatürk idi. Türkiyəni Atatürkün varlığı, yenilməz cəsarəti xilas etdi. Milli kimliyimizi, xarakterimizi, bəşəri siqlətimizi, insansevərliyimizi çağdaş dünya gözəl tanıyır, bilir, tanıdığı dərəcədə də görmək, etiraf etmək istəmir. Çağdaş dönəmdə dünyada türklüyə qarşı açıq və gizli savaşların açıldığı bir zamanda Atatürkü hər an yaşatmaq gərəkdir. Əgər türklüyümüz yaşayırsa, deməli, Atatürk də yaşayır. Atatürk az qala yox yerdən Türkiyə yaratdı, onu var elədi. İndi Türk xalqı o dərəcədə milli ölçüyə əsaslanmalı və özgəliklərdən imtina etməlidir ki, varlığını qoruyub saxlaya bilsin. Bu, Atatürkün şəxsi, şöhrəti üçün gərək deyil, Türk xalqının sabahı üçün gərəkdir. Atatürkün min bir əzabla qurduğu Türkiyə Cümhuriyyəti ideoloji sarıdan mahiyyətcə çıxış yolu tapa bilmədi. Atatürk sözün böyük mənasında sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalpdan almalı oldu: bu ideologiya isə Türkçülük, Batıçılıq və İslamçılığın vəhdəti idi. O zaman Atatürk daha çox Qərbə meylləndi. Baxmayaraq ki, Türkiyə vəhşi Qərbin caynağından qurtulmuşdu, bu yandan da SSRİ ilə münasibətlərdə son dərəcə ehtiyatlı olmalı idi. Atatürkdən sonra tədricən onun xətti inkişaf etmək əvəzinə səngidi: o, siyasi gedişlərdən çox üstün idi. Ölkədə dinin hegemonluğuna son qoydu.
Mustafa Kamal Atatürk 1896-1899-cu illərdə Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb məktəbində təhsilə başlayır. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olur, Hərbi Akademiyada təhsilinə davam edir. 1905-ci ildə kapitan rütbəsi ilə Akademiyanı bitirir. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində xidmət edir, 1907-ci ildə kolağası (kıdemli yüzbaşı) rütbəsi alır. Sonra Manastıra 3-cü Orduya təyin olunur. 1909-cu ildə İstanbula girən Hərəkat Ordusunda qərərgah rəisi olaraq xidmət edir. 1910-cu ildə Fransaya göndərilir, Pikardi Manevralarında iştirak edir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzi əmrində xidmətə başlayır. Türk-İtalyan müharibəsində bir qrup yoldaşıyla Tobruk və Dərnə bölgəsində xidmət edir, 1911-ci ilin dekabrında italyanlara qarşı Tobruk döyüşündə qalib gəlir. 1912-ci ilin martında Dərnə komendantı təyin olunur.
1912-ci ilin oktyabrında Balkan müharibəsi başlayan vaxt Mustafa Kamal Gəlibolu və Bolayırdakı ordu hissələri ilə müharibədə iştirak edir. Dimetoka və Ədirnənin geri alınmasında böyük xidmətləri olur. 1913-cü ildə Sofiya Hərbi Ataşeliyinə təyin olunur, bu vəzifədə ikən 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlir. Hərbi Ataşe vəzifəsi 1915-ci ilin yanvarında sona çatır. Bu müddət ərzində I Dünya Müharibəsi başlayır, Osmanlı İmperatorluğu müharibəyə girmək məcburiyyətində qalır. Mustafa Kamal 19-cu Tüməni qurmaq üçün Tekirdağa göndərilir, Çanaqqalada Antanta dövlətlərinə qarşı vuruşlarda böyük şücaət göstərir. Bu tarix türkün varlığını sübut etməsi baxımından möhtəşəm əhəmiyyətə malikdir. Bu savaş türkün Vətəninin içində ona düşmən kəsilənlərə, onu məhv etmək istəyənlərə qarşı hünəri və ləyaqəti ilə dov gəlməsi idi. Məhz 1915-ci ildə Çanaqqala uğrunda aylarla sürən savaşlar zamanı türkün düşmənlərinin məqsədi çökməkdə olan Osmanlı imperatorluğunun timsalında Türkiyəni, türklük duyğusunu yer üzündən silmək, onu tamamilə dövlətsizləşdirmək idi. Çanaqqala savaşı, bu savaşda türklərin dünyanı heyrətə gətirən döyüşkənliyi artıq 100 ilə yaxındır ki, heyrətamiz formada müzakirə mövzusu olaraq qalır. Bir xalqın özünü ən təhlükəli, ölümcül məqamda belə ayaqda saxlaması, qətiyyən ümidsizləşməməsi, təhlükəyə qarşı durmaq qüdrəti, yenilməzliyi onun qeyri-adiliyindən soraq verir. Daim fitri imkanlarına inanan, imkansızlıqdan imkan yaradan, məğlubiyyəti ölüm sayan türk mahiyyətcə həmişə qələbə haqqında düşünüb və əksər hallarda buna nail olub. Çünki türk ruhunun mayası başdan-binadan xeyirlə yoğrulub. Çanaqqala Birinci Dünya Savaşı zamanı Türkiyənin çarpışdığı on cəbhədən biri idi. Bu mübarizədə Türkiyə müttəfiqlərindən gözlədiyi yardımı ala bilmədi. Ümumiyyətlə, Çanaqqala savaşları 8 ay yarım sürdü. Bu savaşlar hər iki tərəf üçün böyük itkilərə səbəb oldu. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə 70 min əsgər göndərmişdi. Sonradan bu qüvvənin sayı yarım milyona çatdırıldı. Bunun 400 mini ingilis, 79 mini isə fransız ordusundan idi. İngilislər 115 min ölü, yaralı, əsir və məmələkətinə göndərilən 90 min xəstə olmaqla 205 min nəfər itirdilər. Fransızlar isə 47 min nəfər əsgər itirmişdilər. Türklər bu döyüşlərdə 250 mindən çox əsgər itirdilər.
Çanaqqala döyüşündən sonra Mustafa Kamal Paşa 1916-cı ildə Ədirnə və Diyarbəkirdə vəzifə alır, general-mayor rütbəsinə yüksəlir. Muş və Bitlisin ruslardan geri alınmasını təmin edir. 15 avqust 1918-ci ildə Hələbdə 7-ci Ordu komandiri təyin edilir, bu cəbhədə ingilislərə qarşı uğurlu müdafiə təşkil edir. Mondros Müqaviləsinin imzalanmasından bir gün sonra 31 oktyabr 1918-ci ildə İldırım Orduları qrupuna komandir təyin edilir, bu ordunun ləğv edilməsindən sonra isə 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlayır.
Antanta dövlətlərinin Osmanlı ərazilərini işğala başlamalarından sonra Mustafa Kamal 19 May 1919-cu ildə Samsuna gəlir. 23 iyul-7 avqust 1919-cu il tarixində Ərzurum, 4-11 Sentyabr 1919-cu ildə Sivas Konqresini çağıraraq ölkənin işğaldan təmizlənməsi üçün izlənməli yolu müəyyən edir. 1919-cu ilin dekabrında Ankarada həyəcanla qarşılanır. 23 Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin qurulması yolunda əhəmiyyətli addım atılır. Məclis və hökumət başqanlığına seçilərək Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün gərəkli qanunları qəbul edib tətbiqinə başlamasını təmin edir.
Bu gün Ankaranın ən uca yerində qərar tutan Anıtqəbir kompleksi tamaşaçını Türkiyənin sözün əsl mənasında yox olmaqdan qurtarmış böyük Atatürkə bir daha insani sayğı üstə kökləyir. Məhz onun fitri sərkərdəlik, dövlətçilik, qəhrəmanlıq keyfiyyətləri sayəsində artıq çökməkdə olan Osmanlı imperatorluğunun qalıqları üzərində Türkiyə Respublikası quruldu. Az bir vaxt ərzində Türkiyə dövlətini qurmaq, onun ideologiyasını müəyyənləşdirmək, dövləti daim ayaqda saxlamaq üçün perspektivlər fikirləşmək Atatürkün hünərli zəka sahibi olduğunu sübut etdi. Atatürk ölməzdir, o, türk dövlətçiliyi tarixində əvəzsiz xidmətlərinə görə həmişə yaşayacaq.

Uğur