Həsən Həsənovun ailəsinə mənzil verilib Hadisə

Həsən Həsənovun ailəsinə mənzil verilib

2014-cü ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə gedən və erməni silahlı birləşmələri tərəfindən orada qətlə yetirilən Həsən Həsənovun ailəsinə mənzil verilib.
Həsən Həsənovun qardaşı Nail Həsənov bildirib ki, qardaşının həyat yoldaşı Vüsalə xanım qızları Özləm və Ləmanla birlikdə yeni mənzildə yaşayacaq.
"Yeni mənzil Mehdiabad qəsəbəsində yerləşir, üçotaqlı, tam təmirli mənzildir".
Nail Həsənov özünün, atası Fərman Həsənovun və ailə üzvlərinin adından ölkə başçısı İlham Əliyevə, "Dövlətqaçqnkom"un sədri Əli Həsənova təşəkkürünü bildirib:
""Dövlətqaçqnkom"un əvvəl verdiyi Müşfiqabad qəsəbəsindəki evin Həsənin ailəsindən alınaraq başqasına verilməsi mətbuatda geniş rezonans doğurmuşdu. Sonra Əli Həsənov Həsənin ailəsini şəxsən nəzarətə götürdü. Yoldaşı Vüsalə xanımı şəxsən qəbul edərək onun ailə problemləri ilə maraqlandı. Əli müəllim qardaşımgilin ev məsələsini daim diqqətdə saxladığını qeyd etdi. Cənab sədr həmin vaxt ailənin istəyinə uyğun yerdən evlə təmin edəcəyini deyərək, bu barədə məsələni Mehriban xanım Əliyevaya da bildirəcəyini söyləmişdi.
Həsənin ailəsinə Mehdiabad qəsəbəsində mənzil verilməsində Mehriban xanım Əliyevanın xüsusi köməyi oldu. Bu yaxınlarda oradakı şəhərcikdə mənzil şəraiti pis olan ailələrə Mehriban xanım tərəfindən mənzil hədiyyə olunacaq. Hələ ki Həsənin ailəsi oradan mənzil alan ilk ailədir".
Qeyd edək ki, 2014-cü ildə ölkə başçısı "Dövlətqaçqınkom"un sədri Əli Həsənova Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun ailəsinin mənzillə təmin olunması barədə göstəriş verib.