Azərbaycana qarşı ekoloji terror Hadisə

Azərbaycana qarşı ekoloji terror

İşğal olunmuş ərazilərdə meşələrin məhv edilməsi barədə faktlar açıqlanıb

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu işğal atındakı ərazilərdə meşələrin qırılması ilə bağlı qiymətləndirmə işləri aparır. İşçi Qrupunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın meşə örtüyünün 25%-i, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji-paleontoloji obyekt bu ərazilərdə yerləşir.
Həmin ərazilərdə bitən 460 növdən çox yabanı ağac və kol bitkisindən 70-i endemik növ olub, Azərbaycandan başqa dünyanın heç bir yerində təbii halda bitməyən bitkilərdir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və digər növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya bitki aləmi xəzinəsindən silinmək üzrədir.
Ermənistan tərəfi Zəngilan rayonunun Rəzdərə kəndində çinar meşəsinin yerləşdiyi ərazidə ağac emalı sexi açıb və sexdə fasiləsiz olaraq mebel materialı istehsal olunur. Ətrafda olan çinar, qoz, palıd ağaclarını ucdan tutma qırılıb istifadə edilir, sonra da qırılan ağacların kökünü itirmək üçün onun kökünə partlayıcı maddə qoyularaq, dağıdılıraq cinayətlərin izi itirilməyə çalışılır. Bütün bunlar isə ekoloji terrordur. Zəngilan rayonunun Muğanlı kəndində 100 milyon dollar dəyərində yeni ağac emalı zavodu tikilib, istifadəçiləri İsfahan erməniləridir.
Kəlbəcərdə 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları kütləvi şəkildə qırılaraq xaricə satılır. Şuşa şəhərində "Ağzı yastı" kaha adlanan yerin qabağından Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb və orada meşə sahəsi qırılaraq tikintilər inşa edilib. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edib. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib. Hələ 2005-ci ildə əldə olunmuş video kasetlərdən və peyk vasitəsilə aparılmış çəkilişlərdən müəyyən edilib ki, Şuşa şəhərinin "Cıdır düzü" adlanan qoruq ərazisində, "Çöl qala" adlanan ərazi ətrafında Xəlifəli, Qaybalı və Daşaltı kəndlərinin ərazilərində olan meşələr və ağaclar qırılıb.
Laçın rayonunda yerləşən Qaragöl Dövlət Təbiət Qoruğunda isə ətraf mühitə vurulan ziyan o dərəcədədir ki, ümumi sahəsi 240 hektar olan Qoruq Ermənistan tərəfinin talanı nəticəsində əhatəsindəki ərazilər də daxil olmaqla tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Qırmızı palıd və digər növlər ermənilər tərəfindən vəhşicəsinə qırılaraq Fransaya, qoz ağacları isə qırılaraq mebel istehsalında istifadə məqsədi ilə İrana satılır. 13160 hektar meşə təsərrüfatı sahəsi olan Qubadlıda da meşələr tamamilə məhv edilib.
Ermənistan mətbuatından götürülmüş faktlara əsasən, Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərinin kütləvi şəkildə qırılaraq yarımfabrikat şəklində xarici ölkələrə satırlmasında inhisarçı mövqe Ermənistanın hakim siyasi elitasına aiddir. Keçmiş prezident Robert Köçəryan Qarabağda ağac emalı, qızıl hasilatı və digər biznes sahələrinə nəzarət edir.