“Dağılaraq zirvələrə doğru qalxırıq” Hadisə

“Dağılaraq zirvələrə doğru qalxırıq”

Dekabrın 15-də "YARAT" Müasir İncəsənət Məkanı "Dağılaraq zirvələrə doğru qalxırıq" adlı qrup sərgisini təqdim edir. "YARAT"dan bildirilib ki, sərgi müxtəlif mədəniyyətlərin tarixlərinə və monumentallığa, habelə insan entropiyasının və yenidən oyanışın sabit vəziyyətinə olan münasibətləri araşdırır. Sərgi Reza Arameşin, Vaciko Çaçxianinin, Yan Fabrın, Qoşka Matsuqanın və Stefen Q. Rodsın yaratdığı əsərlər vasitəsilə itki və unutqanlıqla davamlı mübarizə apararaq, irəli getmək üçün ikili ambisiyadan yararlanır.
Vaciko Çaçxianinin "Lakin ah, mənim düşmənlərim və oh, mənim dostlarım - hər iki tərəfdən yanan şam" əsəri sənətkarın "Orada olmayan qış" adlı filmi ilə söhbətdən bəhs edir. Öz iti ilə birlikdə Gürcüstanın əsrarəngiz mənzərəsindən ötüb keçən ortayaşlı qafqazlı bir kişi yük maşınının arxasınca əcaib bir sosialist abidəsi sürükləyir. Zahirən çox adi görünən bu yol gəzintisi o dövrdə yaşamış nəslin tarix itkisini ifadə edir. Qarşısıalınmaz itki hekayəsi Stefen Q. Rodsın "Vilkommen fərziyyəsi" əsərinin faciəvi quruluşu ilə bir az da gücləndirilir. Bu əsər xüsusilə də Nyu-Orleanın son və tarixi təcrübəsini əks etdirərək, bizim nəslin üzləşdiyi ekoloji və iqtisadi iflasın qəbul edilməməsinin fəlakətli nəticələrinə toxunur.
Növbəti məkanda Qoşka Matsuqanın "Başlanğıcdan əvvəl və yekundan sonra" silsiləsindən olan iki əsər robotlar tərəfindən çəkilmiş rəsmlərin (Patrik Tresset hazırlamışdır) siyahısını təqdim edir. Sivilizasiyanın keçdiyi tərəqqi yolu ardından bəşəriyyətin yaradıcı və dağıdıcı proseslərinə nəzər salırlar. Rəssamın "Bəşəriyyətin oyanması və onun dağıdıcı təbiəti" adlı əsəri ibtidai dövrün ox ucluqlarından tutmuş, müasir heykəllərə qədər həm yerli, həm də ümumdünya tarixi və bədii artefaktlarını ehtiva edir. İnstalyasiya, robot texnologiyası vasitəsilə bilik və mədəni istehsalda növbəti addım kimi texnoloji tərəqqini təqdim edir. Robotlar tərəfindən çəkilmiş təsvirlərə qarşı isə Yan Fabrın əllə çəkilmiş "Yerdən ulduzlara gedən yol çəkilməyib" monumental parusini təqdim olunur. Əsər gecə heyvanlarının yuxuya getdiyi və gündüz heyvanlarının oyandığı mistik saatı tərənnüm edir. Təbiətin bərpaedici gücünü vurğulayan bu əsər həm təbii, həm də yaradıcı bir proses kimi davamlı yenidən canlanma dövrünə səbəb olur.