TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub Hadisə

TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

Dünən TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Murat Akkoç Mətbuat Şurasında olub.
Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlığın doğurduğu çoxşaxəli əməkdaşlıq xəttində media orqanları arasındakı münasibətlər də mühüm yer tutub. İllər keçdikcə qarşılıqlı iş birliyi yüksələn xətt üzrə inkişaf edib və etməkdədir. Bu əməkdaşlığın yaranmasında isə TRT-nin rolu son dərəcə böyükdür. "TRT dövlət müstəqilliyimizin ilk illərindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm missiya yerinə yetirib və hər zaman iki qardaş ölkə arasındakı əlaqələrə misilsiz töhfə verib. Hazırda da TRT hər zamankı xəttinə sadiqdir. Bu telekanal eyni zamanda Azərbaycan jurnalistləri üçün müstəsna təcrübə mənbəyidir. Hesab edirəm ki, gələcək əməkdaşlığımızda bu cəhət nəzərə alınmalıdır", - deyə Ə.Amaşov vurğulayıb.
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri M.Akkoç təmsil etdiyi qurumla Azərbaycan mediası arasındakı münasibətlərin daha da dərinləşməsinin vacibliyini dilə gətirib və perspektiv əməkdaşlığın faydalı tərəflərinə diqqət çəkib. Görüşdə bu baxımdan örnək səciyyə daşıyan məqamlardan, türk dünyasının media qurumlarının konsolidasiyası ilə bağlı məsələlərdən, ortaq həqiqətlərin təbliği istiqamətindəki yeni fəaliyyət istiqamətlərindən söz açılıb.
Görüşdə həmçinin jurnalistika sahəsində peşəkarlıq kursları, təhsil proqramları, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin jurnalistləri ilə əməkdaşlıq məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılıb.